Ağdaş rayonunda baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanmışdır

 

 

Xəbər verildiyi kimi, aprelin 12-də Ağdaş rayonu ərazisində fəaliyyət göstərən “Ləki” restoranında Şöhrət Həsənov mübahisə zəminində travmatik tapança ilə Ehtibar Qasımova atəş açaraq xəsarət yetirmişdir.

Ağdaş rayon prokurorluğunun əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə baxış keçirmiş və digər zəruri prosesual hərəkətlər yerinə yetirmişlər.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, baxış zamanı hadisə yerindən 1 ədəd travmatik tapança, üç ədəd giliz və mətbəx bıçağı aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, aprelin 12-də saat 17:00 radələrində “Ləki” restoranında Ucar rayon sakini Mehman Məmmədov, Göyçay şəhər sakinləri Ehtibar Qasımov və İlqar Əliyev yeyib-içən zaman sonuncu telefon vasitəsi ilə Ağdaş rayon sakini Şakir Səmədovu restorana dəvət etmişdir. Ş.Səmədov Rusiya Federasiyası vətəndaşı Şöhrət Həsənovla birlikdə yeməkxanaya gələrək kabinetə daxil olan zaman sonuncu əvvəllər aralarında yaranmış münaqişə ilə əlaqədar üstündə gəzdirdiyi travmatik tapança ilə E.Qasımova 3 dəfə atəş açaraq xəsarət yetirmişdir.

Yaralı vəziyyətdə yeməkxananın həyətinə çıxan E.Qasımov masanın üstündən götürdüyü şərab şüşəsini Ş.Həsənovun başına vuraraq xəsarət yetirmişdir. Sonradan hadisə yerinə gələn Ağdaş rayon sakini Pərviz Ağayev idarə etdiyi avtomaşınla Ş.Həsənovu tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır.

Rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Həsənov və E.Qasımov tutularaq istintaqa cəlb olunmuşlar.

Həmin şəxslər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Ş.Həsənova Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs, E.Qasımova isə həmin məcəllənin 221.3-cü (xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında