Zərdablılar ulu öndərin ölməz xatirəsini silsilə tədbirlərlə yad edirlər
Bu yaz zərdablılara əvvəlki illərdəkindən artıq bolluq, bərəkət vəd edir. Qışın nisbətən mülayim, mart-aprel aylarının əkin-səpin üçün əlverişli keçməsi kənd adamlarına hər işi vaxtında görməyə imkan yaratmışdır. Lakin 2013-cü ilin yazı Zərdab camaatı üçün daha çox ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə geniş hazırlıqla, bu yubileyin ölkəmizdə ümumxalq bayramı kimi keçirilməsinə öz töhfələrini verməklə əlamətdardır.
Onlar ulu öndərin ölməz xatirəsinə sonsuz ehtiramlarını böyük rəhbərin ideya və əməllərinə dərin sədaqətlə ifadə etmək üçün silsilə tədbirlər keçirirlər.
Bütövlükdə, ili ümummilli liderin arzu və istəklərinə layiq başa vurmaq üçün həyatın bütün sahələrində daha böyük uğurlara təməl yaradılmışdır. Zərdab Rayon İcra Hakimiyyətinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı ilin əvvəlində təsdiq olunmuş rəngarəng tədbirlər planının hazırlıq bəndləri artıq başa çatdırılmışdır. Yubiley şənliklərinin əsas məkanı kimi müəyyən olunmuş Zərdab şəhərindəki Heydər Əliyev Meydanı, Heydər Parkı və burada yaradılmış Heydər Əliyev Mərkəzi yenidən qurulmuş, abadlaşdırılmış, xüsusi tərtibatlarla bayramsayağı görkəmə gətirilmişdir. Heydər Əliyev prospektində abadlıq-quruculuq işləri davam etdirilmişdir.
Heydər Parkının kommunikasiya və avadanlığın yeniləşdirilmiş, konsert meydançasında yeni işıq sistemi qurulmuş, fəvvarələr sazlanmışdır. Burada xeyli yeni bəzək ağacları və gül kolları əkilmişdir. Ümumiyyətlə, yubileylə bağlı bu yaz rayonun bütün yaşayış məntəqələrində və yol kənarlarında geniş yaşıllaşdırma, yubileyə həsr olunmuş 90 min ağac əkmək kampaniyası aparılmış, iməciliklər keçirilmişdir.
Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov yubiley tədbirləri barədə bildirdi:
— Novruz bayramı şənlikləri ulu öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramla keçirilmişdir. Aprelin əvvəlindən məktəblilərin və ayrı-ayrı kollektivlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları keçirilir, burada müxtəlif nəsillərin nümayəndələri ulu öndərin doğma xalqına xidmətdə keçmiş həyatı, soydaşlarımıza örnək olan mübarizə yolu barədə zəngin materiallarla tanış olurlar. Mərkəzdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərdaba tarixi səfərlərini əks etdirən foto-stendlər qurulmuş, gənc heydərçilər məktəbinin yubileyə həsr olunmuş sərgisi təşkil olunmuşdur. Rayon məktəblilərinin inşa müsabiqəsində yeniyetmə və gənclər böyük rəhbərin sözlə rəsm edilmiş obrazını yaratmışlar.
Rayon Gənclər və İdman İdarəsinin Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Rayon icra hakimiyyətinin rəhbərliyi ilə təşkil olunmuş “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda dəyirmi masada, “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda təhsil, səhiyyə və mədəniyyətin inkişafı” mövzusunda konfransda xalqımızın böyük oğlunun müstəqil dövlət quruculuğundakı xidmətləri, bu sahədə arzu, tövsiyə və vəsiyyətləri diqqət mərkəzində olmuşdur. Bu silsilədən, dəyirmi masa və konfranslar, idman yarışları davam etdirilir.
Yubiley tədbirləri ümummilli lider Heydər Əliyevin doğum günündə Zərdab şəhərində respublikanın tanınmış ziyalı və rəsmilərinin, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən möhtəşəm şənliklə başa çatacaq. Yerdə qalan aylarda da ulu öndərin müqəddəs xatirəsi sosial-iqtisadi sahələrdə həyata keçiriləcək tədbirlərlə, ilin uğurlarının xoş sorağı ilə yad olunacaq.
Rayonda olarkən zərdablıların son dövrdə əldə etdikləri sosial-iqtisadi nailiyyətlərlə də maraqlandıq. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi əsaslı islahatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tərəqqi və yeniləşmə xətti, gerçəkləşdirilən mühüm dövlət proqramları nəticəsində Zərdab bu gün respublikanın öndə gedən bölgələri sırasına çıxmışdır. Adamlar ulu öndərin hakimiyyətinin hər iki dövründə rayonun problemlərinin həllinə göstərdiyi diqqəti, dövlət başçısı İlham Əliyevin Zərdabın sürətli inkişafına himayədarlığını böyük qədirbilənliklə dəyərləndirir, bütün bunları əməli işlərlə cavablandırmağa çalışırlar.
Son bir ildə rayon iqtisadiyyatının əsas sahələrində 98 milyon 246 min manatlıq məhsul və xidmətlər istehsal edilmiş, əvvəlki ilə nisbətən artım 8,5 faiz olmuşdur. Məhsul və xidmətlərin, 43,4 faiz kənd təsərrüfatının, 16,3 faizi ticarət və xidmətin, 37,3 faizi tikintinin, 1,7 faizi sənayenin, 9 faizi nəqliyyatın, 4 faizi poçt və rabitə sahələrinin payına düşmüşdür. Məhsul istehsalı sənayedə 16,8 faiz, kənd təsərrüfatında 4,2 faiz, nəqliyyatda 1,8 faiz, tikintidə 15,2 faiz, rabitədə 37,1 faiz, ticarət üzrə isə 4,8 faiz artmışdır. Orta aylıq əmək haqqı 211,8 manat olmuşdur ki, bu da 2011-ci ilə nisbətən 22,8 faiz çoxdur. Məhsul istehsalı ötən ilə nisbətən 15,5 faiz artaraq 1776,6 manat təşkil etmişdir. Rayon üzrə bütünlükdə investisiya qoyuluşu 36,7 milyon manat olmaqla, əvvəlki ildəkindən 3,5 milyon manat və ya 10,4 faiz çoxdur.
Aqrar sektorun inkişafı xüsusi diqqət mərkəzində saxlanılmış, əkin dövriyyəsinə cəlb olunmuş torpaqların sahəsi genişləndirilmiş, məhsulu yığılmış 33186 hektar əkin sahəsinin 45,7 faizini dənli, 49,8 faizini yem, 2,3 faizini texniki, qalanını isə bostan və tərəvəz bitkiləri təşkli etmişdir.
Son vaxtlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə bir neçə mühüm tədbir keçirilmişdir. Güzəştli kreditlər hesabına pambıqçılığın inkişaf etdirilməsini və nar bağları salınmasını nəzərə alaraq müvəkkil kredit təşkilatları vasitəsilə Zərdabda və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit verilmişdir. Rayon ərazisində geniş tikinti-quruculuq işləri həyata keçirilmişdir. Abadlıq işləri və küçələrin təmiri işləri davam etdirilmişdir. Yerli büdcədən ayrılan 551 min manat vəsait hesabına 11,2 kilometr uzunluğunda küçə və yollarda təmir, 275 min manat vəsait hesabına müxtəlif abadlıq işləri görülmüşdür.
Prezident İlham Əliyevin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə 9,5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab — Yuxarı Seyidlər — Siləyli avtomobil yolunun tikintisi üçün ilkin olaraq ayrılmış 5,4 milyon manat vəsait hesabına 10,5 kilometr uzunluğunda yolun tikintisi başa çatdırılmışdır. 2013-cü ildə yol tikintisini davam etdirmək üçün yenidən 6,45 milyon manat vəsait ayrılmış və bu işlər hazırda davam etdirilir.
Dövlət başçısı ötən il oktyabrın 7-də rayona səfəri başa çatdıqdan sonra “Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 15 oktyabr 2012-ci il tarixli sərəncam imzalamış və tikinti-abadlıq işlərini davam etdirmək üçün rayon icra hakimiyyətinə 2 milyon manat vəsait ayırmışdır. Bu vəsaitlə Ağcabədi — Zərdab, Kürdəmir — Zərdab yollarında sərhəd nöqtəsinin qurulması, şəhər 3 nömrəli körpələr evi — uşaq bağçasının əsaslı təmir edilməsi, şəhərin yeni 9 küçəsinin çınqıl daşla örtülməsi işləri görülür. Şəhərin Azərbaycan küçəsində və Fəhlə qəsəbəsində yerləşən 14 kommunal evin əsaslı təmiri davam etdirilir. Şəhidlərin xatirə parkında təmir abadlıq işləri görülür, Fəhlə qəsəbəsində ictimai hamam binasının tikintisində son tamamlama işləri aparılır.
Ötən il rayon baytarlıq idarəsi üçün yeni inzibati bina tikilmişdir. Rayon polis şöbəsi və “Aqrolizinq” ASC-nin rayon filialı üçün tikilən yeni inzibati binalar da tamamlanmışdır. Ölkə Prezidentinin tapşırığına əsasən 2012-ci ildə şəhərin və şəhərətrafı kəndləri su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində tikinti-quraşdırma işləri davam etedirilmişdir. Müxtəlif ölçülü boru xətləri ilə 14 kilometr kanalizasiya xətti, 51,2 kilometr şəhərdaxili su xətti çəkilmişdir. Zərdab — Kürdəmir rayonlararası 72 kilometrlik magistral su xəttinin çəkilişi ilə başa çatdırılmışdır. 1000-ə qədər ailə Ağsu rayonundan gələn təmiz içməli su ilə təmin olunur.
Rayonda əhali və digər istehlakçıların elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının yaxşılaşdırılması üçün xeyli işlər görülmüş, hava xətlərində və digər avadanlıqlarda təmir-bərpa işləri aparılmışdır.
Rayon mərkəzi Qaravəlli, Təzəkənd, Qoşaoba, Gəlmə, Salahlı, Xanməmmədli, Hüseynxanlı kəndləri qazlaşdırılıb. Təbii qaz təminatı sisteminin yaxşılaşdırılması və kəndlərin qazlaşdırılması sahəsində işlər hazırda davam etdirilir. Rayonun 32 hektar adlanan ərazisində salınmış yeni yaşayış massivinə də qaz xətti çəkilmişdir.
Rayonda 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 9 ümumi orta, 6 ibtidai, 19 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir, 43 ümumtəhçsil məktəbində 6859 nəfər şagird təhsilə cəlb olunmuşdur. Məktəbəqədər müəssisələrdə 790 nəfər uşaq təlim-tərbiyə ilə əhatə olunmuş, 5 məktəbdənkənar müəssisədə 934 nəfər şagirdə xüsusi istedad və bacarıqlarını inkişaf etdirmək üçün lazımi şərait yaradılmışdır. Hazırda rayonun ümumtəhsil məktəblərində 978 nəfər pedaqoji işçi çalışır ki, onlardan 636 nəfər ali təhsillidir. Müəllimlərdən 7 nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 4 nəfəri “Tərəqqi” medalı ilə təltif edilmiş, 3 nəfəri Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Əvvəlki illərin məzunları ilə birlikdə ötən il 102 nəfər ali məktəblərə qəbul olmuşdur. 2011-ci ildə bu göstərici 93 nəfər olmuşdur.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüş, Pərvanlı kəndində 180 yerlik, Lələağacı kəndində 80 yerlik, “32 hektar” adlanan ərazidə 132 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80 şagird yerlik yeni məktəb binalarının tikintisi aparılır.
Rayon ərahisinə 1509 çarpayılıq, o cümlədən 105 çarpayılıq Mərkəzi Xəstəxana, hər biri 15 çarpayılıq olmaqla 3 kənd sahə xəstəxanası, 11 kənd həkim və 12 kənd tibb məntəqəsi, birinci növbədə 200 nəfər xəstə qəbul edən poliklinika, Gigiyena və Epidemiologiya Mərkəzi tibbi xidmət göstərir. Tibb müəssisələrində 64 nəfər həkim, 270 nəfər orta tibb işçisi çalışır. Ötən il Fövqəladə Hallar Nazirliyi tərəfindən Çallı kəndində doğuşa yardım evi, Şəftəhal kəndində tibb məntəqəsi üçün bina tikilib istifadəyə verilmişdir.
Akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının cərrahi həkim briqadası kömək məqsədilə rayonda olmuş, min nəfərdən çox xəstəni müayinə etmiş, 11nəfər xəstəni cərrahi əməliyyat etmişdir. Oftalmoloq alim, professor Çingiz Cərullazadənin rəhbərlik etdiyi “Ofko” tibb mərkəzinin həkim briqadası rayon mərkəzi xəstəxanasında 200 xəstəni müayinə, 30 nəfər xəstəni, o cümlədən 4 nəfər şəhid ailəsinin üzvünü pulsuz cərrahi əməliyyat etmişdir. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərəkəzindən akademik Böyükkişi Ağayevin rəhbərliyi ilə həkim briqadası da rayonda olmuş, 500 nəfər xəstəni pulsuz müayinə, 5 əfər xəstəni cərrahi əməliyyat etimişdir.
Rayonda 68 mədəni-maarif müəssisəsi, o cümlədən 21 mədəniyyət evi, 2 klub, mərkəzlləşdirilmiş kitabxana sistemi tərkibində mərkəzi kitabxana və 40 kitabxana filialı, 2 muzey, Heydər Əliyev Mərkəzi və Uşaq İncəsənət Məktəbi əhaliyə xidmət göstərir. Bu müəssisələrdə 378 nəfər işçi çalışır ki, onlardan 312 nəfəri mədəni-maarif, 66 nəfəri texniki işçidir.
Əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi üçün ciddi iş aparılır, tədbirlərin rəngarəngliyi və məzmun baxımından müasirliyə cavab verməsi diqqət mərkəzində saxlanılır. Vaxtaşırı olaraq baxış müsabiqələr, festivallar, əyləncəli proqramlar keçirilir, əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün konsert proqramarı, bayram və tarixi günlərdə, şənbə və bazar günlərində Heydər Əliyev parkında böyük konsert proqramları və diskotekalar təşkil edilir.
Zərdabda 1 şəhər, 1 qəsəbə və 26 kənd olmaqla 28 inzibati ərazi dairəsi üzrə nümayəndəlik fəaliyyət göstərir. Şahhüseynli, Məlikumudlu, Gəlmə, Otmanoba, İsaqbağı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin yerləşdiyi binalarda təmir işləri aparılmış, bütün nümayəndəliklərin normal işləməsi üçün onlara lazımi iş şəraiti yaradılmışdır. 27 bələdiyyə orqanının əksəriyyəti rayonun sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli işlərin həyata keçirilməsində fəallıqlarını artırmışdır.
Son 10 ilin uğurları daha diqqətəlayiqdir. 2003 — 2012-ci illərdə Sahibkarlığa Kömək Milli Fondu 17 sahibkara 87 min manat kredit ayırmışdır. 2007-2012-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 11,1 min manat subsidiya verilmişdir. 2009 — 2013-cü illər üzrə Dövlət Proqramında nəzərdə tutulmuş 13 bənd üzrə tədbirlərdən 4-ü qismən icra edilmiş, 6-sının icrası davam etdirilir. 23500 nəfər əhalisi olan 17 yaşayış məntəqəsində modul tipli su təmizləyici quruğular quraşdırılmış, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ixracı hazırda davam etdirilir.
2010-cu ildə baş vermiş təbii fəlakət nəticəsində zərər çəkmiş 1727 ailəyə 1438,6 min manat dəyərində maddi yardım verilmişdir. 2 ümumtəhsil məktəb binası, 1 uşaq bağçası, 1 tibb məntəqəsi, 1 kənd xəstəxanası və 75 fərdi ev tikilmiş, 43 ev bərpa edilmişdir. 35 evin inşası və 76 evin bərpası nəzərdə tutulmuşdur. Əlil və şəhid ailələri üçün 16 mənzilli 1 yaşayış evi, Bayraq meydanı, rayon icra hakimiyyəti üçün inzibati bina və 200 yerlik uşaq İncəsənət Məktəbi, YAP rayon təşkilatının yeni inzibati binası, Veteranlar Evi, Gənclər Mərkəzi, Yaradıcılıq Mərkəzi və Süd məhsulları emalı müəssisəsi inşa edilmişdir.
Problemlər də unudulmamışdır. Rayonda qazlaşmanın səviyyəsi cəmi 26,1 faizi təşkil edir. 42 yaşayış məntəqəsindən 32-də qazlaşma aparılmamışdır. 43 məktəbdən 15-i uyğunlaşdırılmış binalarda yerləşir, onlardan 5-i qəzalı vəziyyətdədir. 7 məktəbin əsaslı təmirə ehtiyacı vardır. 105 çarpayılıq Mərkəzi Xəstəxananın əsaslı təmiri, olimpiya idman kompleksinin tikintisi vacibdir. 8000 hektar şoranlaşmaya məruz qalmış torpaq sahəsində meliorativ tədbirlərin aparılması zəruridir. Təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş 200-ə yaxın evə Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən təkrar baxış keçirilməli, 1200 hektara qədər əkin sahəsinə görə sakinlərə kompensasiya verilməlidir. Zərdab şəhərində kollektor-drenaj şəbəkəsinin olmaması səbəbindən yağış və ya qar yağması nəticəsində şəhərin əksər ərazilərində fərdi yaşayış evlərinin həyətlərini, ictimai obyektlərin zirzəmilərini və həyətlərini su basır.
Zərdablılar qarşıda duran vəzifələri vaxtında yerinə yetirmək, çətinlikləri və ehtiyacları aradan qaldırmaq üçün ulu öndərin anadan olmasının 90 illiyi qarşısında ikiqat səylə çalışaraq, yubiley ilinin yüksək əhval-ruhiyyəsini əməli işlərə çevirmək əzmindədirlər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.