Dostumun dərdi...

 

 

 

 

Bir kino-filmdə eşitmişəm: “İnsanlardan qaçıram ki, adam olum”. Tez-tez məndən soruşurlar: “Heç görünmürsən, haralardasan?” Hərəyə bir söz deyirəm. Deyirəm ki, əsər yazıram, ailə-uşaqla, qayğılarımla məşğulam..." Bəzən də görürəm məni düz başa düşməyəcəklər, deyirəm:" Mən tez-tez görünürəm, siz görünmürsünüz. O gün filan televiziya kanalında qonaq idim, yəqin baxmamısınız. Filan-filan tədbirlərdə məni görmədiniz? Filan məqaləmi qəzetdə oxumadınız..?

Kiminlə görüşüb, bir kəlmə kəsən kimi, dərnal soruşur: “Harada işləyirsən? Bir vəzifə almadın?”. Mənfi cavab alan kimi, tez-tələsik “yaxşı, sağ ol” deyib ayrılır. Daha deyə bilmirəm ki, a kişi, mən daim işləyirəm, düşünürəm, gecəni-gündüzə qatıram, min dərd var... Bir də yazıçının işi yazmaqdır də... Lap tutaq ki, mən bir vəzifədə işlədim, bundan sənə nə..?

Həqiqətən, o qədər şəxsi işlər, ailə-məişət qayğıları olur ki, hamının gözünə görünmək olmur. O da doğrudur ki, imkan daxilində adamlardan qaçıram, tənhalığa çəkilirəm. Niyə? Çünki əsəblərimi qorumağa çalışıram.

Amma vəzifədə olmadığını bilən adamın söhbəti yarımçıq qoyub, tələm-tələsik səndən ayrılmasını görəndə əsəbləşərsən, yoxsa-yox? Əslində, onlara sən yox, sənin vəzifən lazımdır.

Unudulmaz şairimiz Süleyman Rüstəm belələri haqqında “Yaxşı ki...” şeirində çox gözəl yazıb:

 

Vəzifə başında oturmuşam mən,

Yaman hərlənirsən ətrafımda sən.

Sağıma baxıram, sağımda varsan,

Soluma baxıram, solumda varsan,

Bağıma baxıram, bağımda varsan,

Yoluma baxıram, yolumda varsan!

Artıq, bir vəzifə daşımıram mən,

Gözümə dəymirsən, qəribədir, sən.

Sağıma baxıram, sağımda yoxsan,

Soluma baxıram, solumda yoxsan,

Bağıma baxıram, bağımda yoxsan,

Yoluma baxıram, yolumda yoxsan!

Yaxşı ki. yoxsan!

 

Fikirləşirdim ki, görəsən başqa məmləkətlərdə vəziyyət necədir? Adamlar əsəblərini qoruya bilirlər, yoxsa yox? Nə başınızı ağrıdım, elə bu günlərdə çoxdan Rusiyanın cənub şəhərlərinin birində yaşayan bir dostuma  rast gəldim. Hal-əhvaldan sonra təzə mənzilə köçdüyünü bildirdi, təbrik  elədim, xeyirli-bərəkətli olsun dedin.  Dostum himə bəndmiş kimi ah çəkdi, kaş o mənzili almayaydım dedi. Səbəbini soruşdum. 

– Dostum o şəhərin və onun sakinlərinin əhvalını anlatmağa başladı:

– Təzə evlərin həyətində maşın saxlamağa meydança yox, ətrafda yaşıllıq, bağ-bağça yox, məktəb yox, xidmət müəssisələri yox, yol yox, idman meydançası yox, bir sözlə, insan yaşayışı üçün heç bir şərait yoxdur.

Mənzili də verəndə əyri-üyrü, çılpaq divarlar verirlər, bir qapısı olur, bir də pəncərələri. Hər tərəf qum, palçıq... İndi təmir elə görüm, necə təmir eləyirsən! Qəribi belə yerdə ağlamaq tutur...

Tikilmiş evlərin qarşısında üzbəüz, beş metrlikdə yeni evlər tikirlər ki, səni Günəş işığına həsrət qoysunlar. Bu binadan o binaya nərdivanla keçmək olar.

Bir binanı tikirlər, camaat nə zülmlə, zillətlə mənzilləri təmir etdirib köçür, düşünür ki, hə, indi rahat yaşaya bilər. Yaşadığın binanın lap qabağında yeni binanın tikintisinə başlananda traktorlar gecə-gündüz işləyir, fəhlələrin səs-küyü, qışqırıqları aləmi başına götürür. Elə bil, meşədəsən! Əsəbləşmə, görüm necə əsəbləşmirsən! Döz, görüm, necə dözürsən! Çəkilirsən mənzilinə, qapı-pəncərələri də örtürsən ki, gurultu-nərilti, səs-küy  eşidilməsin, mənzillər toz-torpaqla, sementlə dolmasın. Onda da havasızlıqdan boğulursan.

Şəhərdə gecə saat 3-dən başlayaraq, “avtoş”ların maşınlarının səsindən yatmaq mümkün olmur. Səs siqnallarının, əyləclərin tükürpədici səsindən yatdığın yerdən dik atılırsan. Maşın sürmək də böyük əzab-əziyyətə çevrilib. Bəzi sürücülər maşınları səkilərdə sürürlər. Deyirsən, görəsən, bu şəhərin sahibi hara baxır? İndi gəl, əsəbləşmə!

İşıqforun qırmızı işığında maşınlar bir-birinin ardınca düzülür, bir addım qabağa getmək mümkün deyil, arxada dayanan maşınların eybəcər səs siqnalı qulaq batırır: gah it hürür, gah da hansı heyvanınsa səsi gəlir. Güclü, qüvvətli olasan, düşüb yapışasan  yaxasından ki, a bala, nə istəyirsən? Görmürsən, qırmızı işıq yanır?

Rostov – Moskva avtomagistralında “Mersedes” markalı maşın 160-la şütüyür. Arxadan bir “Jiquli” sürücüsü motoru “partladır” ki, “Mersedes”i keçsin. Keçir də! Heç demə, yolda “Mersedes”in “Jiquli”ni keçməsi sürücünün xoşuna gəlməyib. Heç dəxli var?!

Mağazaya gedib, bir mal almaq istəyirsən, açdırırsan ki, baxasan, xoşuna gəlmir, almırsan, üstünə qışqırırlar: “Almırdın, niyə açdırırdın?”. Gəl, döz də!

Bizdə xidmət mədəniyyəti deyilən şeyi ömrümdə görmədim. Ticarətçilər 50 ölçüdə paltar geyən adama 42 ölçüdə paltar gətirirlər ki, “geyin, bax”. Bir dəfə mağazada uşağa 38 ölçülü ayaqqabı almaq istəyirdim. Satıcı bir ayaqqabı gətirdi, uşaq nə qədər çalışdısa, geyə bilmədi. Bir də baxdım ki, ayaqqabı 35 ölçüdədir. Dedim: a kişi, bu nədir? Nə vaxtdan 35 ölçü 38-ə gedir? Nə cavab versə, yaxşıdır: “Olanımız budur”. Adam dəli olar, yoxsa yox?

Xidmət müəssisələrində aləm qarışıb bir-birinə. Hamı çox qazanmaq üçün müştəriləri aldatmaqla məşğuldur. İstəyirlər tezliklə ev alsınlar, villa tikdirsinlər, maşın sahibi olsunlar.

Kim o şəhərdə bir mədəni yer göstərə bilər ki, ailənlə gedib, orada dincələ biləsən?

Bütün bunlar əsəbilik yaratmırmı?

A kişilər, görün, nə günə qalmışıq ki, şəhərin mağazalarında aldığın şeyləri əməlli-başlı bir paketə qoymurlar, deyirlər, paket pulla satılır. Guya onlar bizə malları öz qiymətinə satırlar, üstəlik, paket pulu da istəyirlər! Satıcılar malı elə nazik paketdə verirlər ki, mağazadan çıxar-çıxmaz torba cırılır, mallar dağılır yerə. İndi təzə kostyumda, qalstukda əyil, yığ mallarını yerdən! Mağazanın qarşısında son moda “Mersedes”ləri dayanan müdir də, satıcılar da utanmadan bir kənardan tamaşa edirlər. Adamda can qalar? İstəyirsən deyəsən, ay filanşudə, alıcılara bu qədər hörmətsizlik olar?

Televizoru açırsan, bir yaltağı görürsən, tez düyməni basıb başqa kanallara keçməkdən başqa əlacın qalmır. Yaxud görürsən, adını siyasətçi qoyan biri televizorda danışır, nə savad var, nə ağıl, nə məntiq! Qan təzyiqin qalxmasın görüm, necə qalxmır? 

Gəzintiyə çıxırsan, görürsən neçə-neçə gənc heç kimdən - qocadan, qadından, uşaqdan utanmadan, çəkinmədən hamının gözü qarşısında sarılıblar bir-birinə. Elə bil, dünyanın axırıdır! Yan-yörəndən cavan oğlanlar, kişilər keçirlər, vulqar, təhqiramız ifadələrlə  danışıqlarını eşidirsən, adamın ürəyi bulanır! Gəzintiyə çıxdığına peşman olursan, qayıdırsan evinə. Belə adamlardan qaçmayasan, nə edəsən?

Teatrda tamaşaya baxırsan, görürsən, bir neçə adam yüksəkdən danışır, yaxud, şaqqaşaq fındıq sındırıb yeyir. Adamda əsəb qalar? Bir də teatra getmək istəmirsən, düşünürsən, evdə otursan, ondan yaxşıdır.

Küçədə-bacada adamlar bir-biri ilə sərt, kobud danışırlar. Adam birindən nəyi isə soruşmağa ehtiyat edir. Belə adamlardan qaçmaqdan başqa əlac qalmır.

Şəhərdə evlərin qarşısında səhər tezdən əlində pivə şüşəsi tutan “tinbaşı”ları görəndə adamın yadına “Bir cənub şəhərində” filmi düşür...

Deyirlər, bir vəzifəli şəxs qohumunu gətirir hörmətli yazıçının yanına ki, bu uşaq yazı-pozu ilə məşğul olur, onu da birliyin üzvü edin. Qoy, daha da ruhlansın. Yazıçı dostumuz görür ki, doğrudan da “uşaqda” istedad deyilən bir şey var, zəmanət verir, onu birliyə üzv yazırlar. Düz bir həftədən sonra həmin vəzifə sahibi yazıçıya zəng vurur ki, görün, ona bir orden  verdirə bilərsinizmi!”

Yaşamaq üçün o, bunu aldadır, bu onu. O buna kələk gəlir, bu ona. Yəni, oyunbazlıq edirlər. Belələrindən qaçmayasan, nə edəsən? Mən də qaçıb gəldim öz məmləkətimizə. Dostum nəfəsini dərib yenidən sözə başladı:

– Amma sizlər də nöqsanlardan xali deyilsiniz. Eləsi var, ailəsinə bir qəpik qıymır, amma toylarda camaatın başına pul səpir, özünü göstərir. Belələrini görəndə adamda əsəb qalar? Muğamatın şirin yerində biri gəlib, musiqiçilərin qabağına bir göy “yüzlük” atır ki, “alə, bir “Tormoz Hüseyn” çal, oynamaq istəyirəm”... Çalğıçılar istəyirlər “Hopstop” çalırlar, istəyirlər “Çal, oynasın Əjdər əmi!” Bu toylar ki var, başqa bir yazının mövzusudur...

 

Sifətsiz, simasız adamları görəndə əsəbiləşməmək mümkün deyil!

 

Hərdən mənəvi tərbiyədən-zaddan danışırıq. Arif Ələkbəroğlu adlı biri var, Rusiyaya alverə gedib, bir rus qızı alıb, adını da dəyişib, eləyib Alik Aleksandroviç, özü də gedib kilsəyə, xaç suyuna çəkilib, olub xristian.

Müğənnilərimiz səhnəyə çıxan kimi, oxumaqdan əvvəl başlayırlar qol açıb oynamağa. Elə bil, toyxanadadırlar.

Dostumla xudahafizləşib ayrılanda, belə şeylərə dözməyin mümkün olmadığın söylədim. O, mənə nə desə yaxşıdır? “Qardaşoğlu, indiyədək dözüb yaşamısan, indən sonra da döz, yaşa”.

Xeyrəddin QOCA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında