Ümummilli lider Heydər Əliyevin bütövlükdə xalqına həsr olunmuş həyatı, ölkəmizin dövlət müstəqilliyinə qovuşmasında və yeni inkişaf yoluna çıxmasında misilsiz xidmətləri Azərbaycanın son yarım əsrlik siyasi tarixinin başlıca yönünü və məzmununu müəyyən edir. Ulu öndərin öz ideya və əməlləri ilə yaratdığı bu tarix isə bütöv bir kitabxana təşkil edir.
Fenomen lider olan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə respublikanı təkcə ali vəzifə kürsüsündən deyil, həm də xalqın öz içərisindən, bilavasitə iş və mübarizə meydanından idarə etmişdir. Özünün dediyi kimi, həmişə xalqdan, torpaqdan güc almış, Vətən sevgisi ilə istəklərinə çatmışdır. Azərbaycanın elə bir bölgəsi, bucağı qalmamışdır ki, ulu öndərin ayağı ora dəyməsin, keçirdiyi görüşlər yaddaşlarda əbədiləşməsin.
Xalqın içindən çıxmış, dünya şöhrətli siyasətçi və dövlət xadimi kimi ucalmış Heydər Əliyevin xalqın xatirəsinə həkk olunmuş bu çoxsaylı səfər və görüşlər canlı bir salnamə kimi onun çoxcəhətli bioqrafiyasını zənginləşdirir. Böyük rəhbərin paytaxtın qonşuluğuda yerləşən gənc sənaye şəhəri Sumqayıta müstəsna diqqət və qayğısı, burada keçirdiyi çoxsaylı görüşləri sumqayıtlılar həmişə xoş duyğularla, minnətdarlıqla yada salırlar.
Onlardan biri – ötən əsrin 60-cı illərində Sumqayıta Ucarın Çiyni kəndindən gəlib nəhəng boru-prokat zavodunun marten sobasında əmək fəaliyyətinə başlamış Ağamirzə Əhədov tariximizin ən böyük azərbaycanlısı olan Heydər Əliyevlə görüş və təmaslarını həyatının ən qiymətli anları kimi xatırlayır, bu barədə həmişə öyünclə danışır. Ulu öndərin 90 illik yubileyi ərəfəsində müsahibim övlad məhəbbəti ilə sevdiyi, özünə mənəvi ata saydığı Heydər Əliyev barədə sonsuz sevgi ilə söhbət açdı:
– Mənim ulu öndər Heydər Əliyev haqqında təəssüratım, fikirlərim və xatirələrim tükənməzdir. Ən əvvəl ona görə ki, 1969-cu ilin iyul ayından başlayaraq onun bütün fəaliyyəti gözümüz qarşısında keçib. Gördüyü bütün işləri, tədbir, görüş və qəbulları radio, televiziya və mətbuatda ardıcıl izləmişik. İkinci bir tərəfdən, o, Azərbaycana rəhbərlik etdiyi 34 il müddətdə ən çox Sumqayıta səfər edib, şəhərin inkişafını, problemlərinin həllini şəxsi nəzarətində saxlayıb. Sumqayıt haqqında bu tarixi sözlər məhz ona məxsusdur: “Sumqayıtda Azərbaycanın bütün guşələrindən, şəhərlərindən, bölgələrindən vətəndaşlarımız toplaşıblar, məskunlaşıblar, burada bir ailə – sumqayıtlılar ailəsi qurublar... Bu, Sumqayıtın xüsusiyyəti, əhəmiyyətidir. Ona görə də Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir, ölkəmizin dayağıdır, gözəl bir guşəsidir”.
Rəqəmlərin dili ilə desək, ümummilli lider Heydər Əliyev 16 dəfə Sumqayıtda olub. Bu görüşlərin mən, demək olar ki, əksəriyyətinin iştirakçısı kimi Heydər Əliyevi çox yaxından müşahidə etmiş və onu yaxından dinləmişəm. Bundan əlavə, bu dahi insanla mənim üç şəxsi görüşüm olub. Həmin görüşlərin təəssüratı, təsiri və təravəti bu gün də yaddaşımda yaşamaqdadır, həyatımı mənalandırmaqdadır. Bu üç görüşün hər biri mənim üçün unudulmaz tarixdir. Bu xatirələrimi sistemləşdirib qələmə almaq fikrindəyəm. Ulu öndərin Azərbaycan xalqına xidmətləri barədə qənaətlərim isə “Tufanlardan keçən ömür” adlı kitabda toplanıb.
Xatırladaq ki, respublika rəhbəri ilə ilk görüş metallurq fəhlə Ağamirzə Əhədovun taleyində dönüş nöqtəsi olub. Bundan sonra iqtisadçı ixtisasına yiyələnib. Ulu öndərin sadə əmək adamlarının mühüm mövqelərə irəli çəkilməsi siyasətinə uyğun olaraq, Ağamirzəyə də məsul vəzifələr tapşırılıb. Bu yol onu, nəhayət, Sumqayıtın nüfuzlu “Karvan” kommersiya mərkəzinin direktorluğuna gətirib. Müsahibim böyük rəhbərlə ilk görüşünü belə xatırlatdı:
–Ötən əsrin 70-ci illərinin ortaları idi. Boru-prokat zavodunun marten sexində elektrik-mexanik işləyirdim. Bir gün zavoda səs yayıldı ki, yaxın günlərdə respublika rəhbəri Heydər Əliyev zavoda gələcək. Bu o demək idi ki, o, mütləq marten sexində də olacaq. Çünki o vaxt belə bir deyim vardı ki, zavod martendən başlayır. Doğrudan da, bizim marten sexi Azərbaycan metallurgiyasının döyünən ürəyi idi. Burda adi fəhlə ayda 400-500 manat məvacib alırdı. Amma son günlər kefimiz pozulmuşdu. Kollektivin üzvü, Oruc Şamilov adlı həmkarımız öz şəxsi “Volqa” avtomobili ilə Ermənistanda səfərdə olarkən əlindən xata çıxmış və buna görə, xalqımıza pislik etməyə fürsət axtaran ermənilər onu həbs etmişdilər. Heç nədən iş yoldaşımızı itirmişdik. Bu da kollektivdə müəyyən psixoloji gərginlik və narahatlığa səbəb olmuşdu.
Heydər Əliyevin zavoda gəlmək xəbəri bizdə iş yoldaşımızı həbsdən xilas etmək barədə böyük ümidlər yaratdı. Kollektiv bu barədə söz açmağı və əvvəlcədən hazırladığımız məktubu Heydər Əliyevə təqdim etməyi mənə həvalə etdi. Nəsə, həmin gün gəlib çatdı. Zavodun çoxminli və çoxmillətli fəhlələri Heydər Əliyevi böyük sevinclə qarşıladılar. Təbii ki, o, zavodla tanışlığa bizim sexdən başladı. Mən böyük həyəcan keçirirdim. Amma imkan tapıb sözümü dedim, xahişimi rəhbərə çatdırdım. O böyük insan mənə diqqətlə qulaq asdı. Rəhbərin səmimi, sınayıcı baxışları indi də yadımdadır. Heydər Əliyev diqqətlə mənə baxıb ümidverici, xoş bir təbəssümlə gülümsədi və qətiyyətlə dedi: – “Yəqin ki, sizin Oruc Şamilov tezliklə kollektivə qayıdacaq!” Sonra o, başqa qayğılarımızla maraqlandı. Dedi ki, gəncsiniz, təhsil alın, gərəkli ixtisaslara yiyələnin, bu odun içərisində çox işləmək olmaz.
Aradan üç gün keçdi. Dördüncü gün Oruc artıq sexdə bizimlə bir yerdə idi. Hamımız uşaq kimi sevinirdik. Bu hadisə hamımızın yaddaşına həmişəlik həkk oldu. Biz respublika başçısının sadə insanlara şəxsi diqqət və qayğısından çox məmnun qalmışdıq və hər kəs bu hadisədən özünə görə bir nəticə çıxartmışdı. Mənim çıxartdığım nəticə bundan ibarət idi ki, sözüm yerə düşməmişdi. Kollektivin arzu və istəyini rəhbərə mən çatdırmışdım və ona görə bu xoş sonluğa görə mən başqalarından daha çox sevinir və qürurlanırdım. Həmin hadisədən sonra mənim həyatımda, sanki bir dönüş anı yarandı və o vaxtdan Heydər Əliyev həmişəlik mənim həyatıma daxil oldu. Mənə elə gəlir ki, sanki o, Oruc Şamilovu deyil, şəxsən məni dardan qurtarmışdı, həmin yaxşılığı o şəxsən mənim üçün etmişdi. Bu əhvalatdan sonra mən Heydər Əliyevi özümə yaxın bir insan sayır, onun uğurlarına daha çox fərəhlənir və sevinirdim. Onun tövsiyəsi ilə qiyabi ixtisas təhsili də aldım...
Müsahibim ulu öndərlə ikinci görüşünü belə xatırlatdı:
– Heydər Əliyevlə ikinci görüşüm tamam başqa müstəvidə və fərqli şəraitdə baş verdi. Mən artıq ixtisasım üzrə şəhərin xidmət sferasında məsul vəzifədə işləyirdim. SSRİ Ali Soveti sədrinin müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü Yuri Kuznetsov Sumqayıta gəlmişdi. Onu şəxsən Heydər Əliyev özü müşayiət edirdi. Yüksək çinli rəsmi qonaqlar bizim obyektə də baş çəkməli oldular. Onları qarşılayanlar arasında mən də var idim. İlk görüşümüzdən neçə illər ötsə də Heydər Əliyev qətiyyən dəyişməmişdi. Əvvəlki kimi gümrah, gülümsər və pozitiv enerjili idi. Biz üz-üzə gələndə o, köhnə tanışlar kimi gülümsündü və məni yaxına çağırdı. Mən marten sexindəki görüşü məmnunluqla ona xatırlatdım. O, mənimlə çox səmimi görüşdü və şəhərin xidmət sahəsindəki şəraitlə bağlı bir neçə sual verdi. O vaxt Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Şənlik Əliyev idi. Mənim cavablarımı rusca təkrar etməklə yanaşı, o, Yuri Kuznetsovun eşitməsi üçün vacib sayılan faktları da söhbətə əlavə edirdi. Heydər Əliyev onların ətrafına toplaşan izdihamı özünəməxsus cazibədar baxışları və isti təbəssümü ilə salamlayaraq qonaqla birlikdə uzaqlaşdılar.
Ümummilli liderlə müsahibimin üçüncü görüşü isə dövlət müstəqilliyi illərində olub.
– Mənim üçüncü görüş kimi çox yüksək qiymətləndirdiyim həmin hadisə Heydər Əliyev müstəqil dövlətimizin Prezidenti olanda baş verdi. Bu görüş Azərikimya İstehsalat Birliyinin Yaponiyadan generator almasına həsr olunmuş mərasimdə baş tutdu. Biz, şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi Heydər Əliyevi qarşılamaq üçün meydançaya toplaşmışdı. Prezident Heydər Əliyev maşından düşdü və o, çox qəribədir, birbaşa bizə tərəf gəldi. Öncə mənə əl uzatdı, hal-əhval tutdu, işimi, şəxsi vəziyyətimi xəbər aldı. Onun nadir yaddaşı çoxları kimi məni də heyran qoydu. Bizim axırıncı görüşümüzdən 10 ildən də çox vaxt keçmişdi. Amma o mənimlə, sanki dünən ayrılmış yaxın bir adamı kimi danışırdı. Mən xoşbəxtliyimdən az qala bihuş olmuşdum. Ətrafdakılar isə daha çox heyrətlənmişdilər. Onların bir çoxu məni Prezidentin köhnə dostu və ya yaxın qohumu zənn etmişdi.
Atalar nahaq deməyib ki, ürəkdən ürəyə yol var. Heydər Əliyev dərin zəka, möhkəm yaddaş sahibi olmaqla yanaşı, həm də olduqca həssas və fəhmli bir insan idi. O, adamları kitab kimi oxumağı, ürəklərindən keçənləri duymağı bacarırdı. Ona görə onun ətrafında daim nəsə sehrli bir ünsiyyət və anlaşma mühiti duyulurdu. O, öz fikirlərini, düşüncə və duyğularını xalqa olduqca rahat və sadə bir dillə çatdıra bildiyi kimi, kütləni duymaq, onların fikirlərini, istək və arzularını üzlərindən oxumaq kimi nadir bir istedada da malik idi. Heydər Əliyev sadə xalqın içindən çıxdığına görə həmişə əmək kollektivlərində, halal insanların arasında olmağa can atırdı. O, həqiqətən, xalqla ünsiyyətdən güc alırdı.
Dünyanın 50 nəfərdən çox tarixi şəxsiyyəti haqqında söz demiş məşhur tarixçi və filosof Plutarx “İsgəndər Zülqərneyn” adlı kitabını bu cümlələrlə başlayır: “Oxuculardan xahiş edirik ki, onlar İsgəndər şahın bütün məşhur hünərlərini təsvir etmədiyimizə görə bizi günahlandırmasınlar. Biz tarix deyil, həyat yolunu yazırıq. İnsanın xarakteri, xeyirxahlıq və ya naqislik heç də həmişə ən şanlı əməllərdə deyil, on minlərlə insan qırğınına səbəb olan döyüşlərdən, saysız ordulara rəhbərlikdən və şəhərlərin mühasirəsindən daha çox hər hansı bir kiçik hərəkətdə, sözdə və zarafatda açılır. Rəssam bədənin başqa üzvlərinə əhəmiyyət verməyib oxşarlığı insanın xarakterini əks etdirən üzün və gözlərin ifadəsini doğru təsviri ilə əldə edir”. Məncə, yuxarıda təsvir etdiyim detallar da Heydər Əliyevin rəhbər xarakterini anlamaq baxımından çox vacib ştrixlərdir.
Mənim Heydər Əliyev haqqında təəssüratım onun 10 il əvvəl aprelin 3-də sumqayıtlılarla son vida görüşü ilə tamamlanır. O zaman dedikləri rəhbərin sumqayıtlılara siyasi vəsiyyəti idi. Heydər Əliyev iclas zalında onu dinləyənlərin timsalında, sanki bütün Azərbaycan xalqına üz tutub deyirdi: “... Sumqayıta qayğı lazımdır. Mən həmişə bu qayğını göstərmişəm. Bu gün də buraya gəlməyim, sizinlə açıq, səmimi söhbət etməyim mənim, Azərbaycan dövlətinin Sumqayıta olan qayğısının təzahürüdür... Burada ədalət olmalıdır. Burada hamıya diqqət olmalıdır. İnsanlar yalnız öz biliyinə, bacarığına, bizim dövlətçiliyimizə sədaqətinə görə dövlət vəzifələri tutmalıdırlar...”
Dahi rəhbərin həmin çıxışında xalqımızı, xüsusən mənsəb sahiblərini ədalətə, birliyə çağıraraq Sumqayıta Azərbaycanın timsalı kimi baxdığını təkrar-təkrar vurğulayırdı. O tarixi çıxışın hər bir kəlməsi unudulması mümkün olmayan və icrası vacib olan çox ciddi tövsiyə və tapşırıqlardır. Onlara əməl etmək bizim borcumuzdur. Bu gün biz ulu öndərin xalqımız üçün gördüyü işlərin, tarixi xidmətlərin əvəzini onun yolunu, əməllərini davam etdirməklə qaytara bilərik. Bunun üçün ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, onun varislik siyasətinə dəstək verməliyik.
Söhbəti qələmə aldı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.