Azərbaycan xalqının böyük oğlu, görkəmli tarixi şəxsiyyət, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin 90 illiyi tamam olur. Bu günlər ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri yenidən xatırlanır, bu böyük, dahi insanın keçdiyi şərəfli həyat yoluna yenidən nəzər salınır, onun ölməz ideyalarının davamlı olaraq həyata keçirilməsindən danışılır.
Ulu öndər hakimiyyətdə olduğu dövrdə işğal altında olan torpaqlarımızın azad olunması üçün bütün imkanları səfərbər etmişdi. İnanırdı ki, gec- tez bu torpaqlar düşmən işğalından azad olunacaq, məcburi köçkünlər öz doğma yurd - yuvalarına qayıdacaqlar. Dağıdılmış qəsəbə və kəndlər, yollar və digər kommunikasiya xətləri təmir olunacaq və insanlar üçün əvvəlkindən də gözəl şərait yaradılacaqdır. Ona görə də ümummilli lider Heydər Əliyevin 12 iyul 1996-cı il tarixli fərmanı ilə, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan Respublikası ərazilərinin bərpası və yenidənqurulması üzrə, baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə Dövlət Komissiyası yaradılmış və onun “hüquqi şəxs” statusuna malik işçi orqanının yaradılması nəzərdə tutulmuşdur. İşçi orqan kimi Bərpa Agentliyi yüksək ixtisaslı idarəetmə işçilərinə malik olmaqla, işğaldan azad olunmuş ərazilərin bərpa işlərinin səmərəli aparılmasını koordinasiya etməli və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbata uyğun şəraitin yaradılmasını təmin etməlidir.
Agentlik bərpa işlərinə başlamazdan əvvəl beynəlxalq maliyyə institutları, beynəlxalq təşkilatlar, donor ölkələr və Beynəlxalq qeyri-dövlət təşkilatlarının qəbul edə biləcəyi və zərər çəkmiş ərazilərin bərpası və yenidən qurulmasının strateji prinsiplərini əks etdirən “Bərpa Proqramı”nı hazırlamış və 1998-ci ilin mart ayında həmin proqramın prezentasiyasını keçirmişdi. Proqrama vəsait cəlb olunması məqsədilə həm Azərbaycanda, həm də Yaponiyada Ümumdünya Bankı, Avropa Birliyi, BMT-nin İnkişaf Proqramı və İslam İnkişaf Bankının iştirakı ilə bir neçə konfrans keçirildi ki, bu da indi öz əməli nəticələrini verir.
Torpaqlarımız azad olunandan sonra Azərbaycanın bu əraziləri bərpa etmək, məcburi köçkünləri öz yurdlarına qaytarmaq, onların rahat həyat şəraitini təmin etmək üçün kifayət qədər imkanı vardır. Azərbaycan Respublikasında Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik bu işləri yerinə yetirməyə hazırdır.
Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, münaqişə baş verən regionlarda bərpa və yenidənqurma işləri beynəlxalq qurumlar tərəfindən yalnız tərəflər arasında sülh sazişi imzalandıqdan sonra maliyyələşdirilir. Azərbaycanda isə işğaldan zərər çəkmiş ərazilərin bərpası böyük sülh sazişi olmadan belə, BMT və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar, Dünya Bankı və İslam İnkişaf Bankı kimi böyük maliyyə institutları və müxtəlif saylı donor ölkələr tərəfindən maliyyələşdirilməyə başlanmışdır.
Bərpa Agentliyinin “Bərpa Proqramı”nın reallaşdırılması istiqamətində xeyli iş görülmüş, Ağdam, Tərtər, Füzuli, Goranboy, Xanlar, Ağcabədi, Gədəbəy, Qazax, Tovuz, Ağstafa rayonlarında, Naxçıvan MR-in azad olunan ərazilərində əsaslı bərpa işləri həyata keçirilmişdir.
Füzuli rayonunun Horadiz qəsəbəsi müharibədən sonra bütün infrastrukturu ilə Bərpa Agentliyi tərəfindən yenidən qurulmuşdur. Goranboyun Aşağı Ağcakənd kəndində quruculuq işləri aparılmış, yeni inzibati bina, fərdi yaşayış evləri inşa edimiş, su təchizatı ilə bağlı problemlər həll olunmuşdur
Bərpa Agentliyi sonrakı illərdə ölkəmizdə gedən quruculuq işlərinə dəstək verərək, yeni məktəblərin tikintisində, bir sıra mədəniyyət, təhsil obyektlərinin bərpasında və yenidən qurulmasında, təbii fəlakətlərin qarşısını almaq üçün görülən işlərin reallaşmasında yaxından iştirak etmişdir. Agentlik mütəmadi olaraq bu işləri davam etdirmişdir. Direktor Əli Məmmədov agentliyin həyata keçirdiyi tədbirlərdən danışaraq bildirdi ki, rəhbərlik etdiyi təşkilat bir sıra obyektlərin tikintisini, bərpa işlərini davam etdirmişdir. Belə ki, Yardımlı rayonunun Horavar, Honuba, Osnakəran və Ləzir kəndlərində qəzalı vəziyyətdə olan məktəblərin ərazisində yeni məktəb binaları inşa edilmişdir. Büdcə vəsaiti hesabına Bakı şəhərində “Hökumət Evi” binasının əsaslı təmir işlərinin aparılması Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə tapşırılmışdır. Qeyd etmək lazımdır ki, bina 1950-ci illərdə tikilib istifadəyə verilmiş və uzun istismar müddətində mükəmməl təmir işləri aparılmamışdır. Bu binada təmir və yenidənqurma işləri 5 il ərzində bir neçə mərhələ ilə yerinə yetirilmişdir.
Səudiyyə İnkişaf Fondunun krediti və Azərbaycan Hökumətinin vəsaiti hesabına Bakı şəhərində 5 məktəbin tikintisi həyata keçirilmişdir. Bu məktəblər Nəsimi, Yasamal, Suraxanı, Binəqədi və Xətai rayonları ərazisində yerləşir.
Əli Məmmədov Quba rayonunda soyqırım qurbanlarının uyuduğu qəbiristanlığın Qudyalçay çayının daşqın və su sellərindən mühafizəsi üçün aparılan sahilbərkitmə işlərindən də danışdı. O bildirdi ki, agentlik burada 790 metr uzunluğunda sahilbərkitmə qurğuları tikmişdir. Kütləvi məzarlıq ərazisi ilə çayın dib yüksəklikləri fərqinin 10-12 metr olduğu nəzərə alınaraq bu ərazidə sahil yamacının aşınmasının, baş verə biləcək erroziya proseslərinin qarşısının alınması məqsədilə tökmə torpaq dambadan ibarət mühafizə tədbiri yerinə yetirilmişdir.
Agentliyin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Milli Arxiv İdarəsinin binalarında apardığı təmir işlərindən də danışan direktor dedi ki, hər iki obyektdə müasir tələblərə cavab verən təmir və yenidənqurma işləri aparılmışdır. Milli Arxiv İdarəsinin sənədlər saxlanılan bütün otaqlarında sənədlərin yanğından qorunması üçün Yaponiyanın NOHMİ Bosai şirkətinin texniki dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Halocarbon (FM 200) qazına ən gözəl alternativ olan Nitrogen (NN100 sistemi) qazı ilə avtomatik yanğınsöndürmə sistemi və sənədlərin uzunmüddətli saxlanılmasına xidmət edən xüsusi havalandırma avadanlıqları quraşdırılmışdır.
Hazırda agentlik “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Oğuz, Zaqatala, Göygöl, Goranboy, Ağstafa və Tovuz şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması və tikintisi işlərininin icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafıq sərəncamına əsasən Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyə həvalə olunmuşdur. Sərəncamın icrasına dərhal başlanılmış və artıq işlərin böyük hissəsi yerinə yetirilmişdir.
Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisqdi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, resbublikanın regionlarında, xüsusilə cəbhə bölgələrində, mövcud olan əmək ehtiyatlarından səmərəli istifadə etmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastukturu yeniləşdirmək və yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi tərəfindən ardıcıl iş aparılır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 7 aprel tarixli tapşırığına əsasən Qazax, Ağstafa, Tovuz, Tərtər, Goranboy, Gədəbəy, Ağdam, Ağcabədi və Füzuli rayonlarının cəbhə zonalarında təmas xəttindən 3 kilometr məsafədə yerləşən kəndlərin və həyat əhəmiyyətli infrastrukturların bərpası işləri həyata keçirilməkdədir.
Bu günlər Azərbaycanda quruculuq işləri sürətlə davam etdirilir. Ulu öndərin siyasi kursunu inamla davam etdirən cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevirmişdir. Olkəmizdə ordu quruculuğu uğula davam etdirilir. Azərbaycan sülh yolu ilə torpaqlarını azad emək istəyir. Əgər bu baş tutmasa biz öz torpaqlarımızı başqa yolla azad etməyə qadirik. Torpaqlarımız azad olunduqdan sonra Bərpa Agentliyi yaxın vaxtda məcburi köçkün əhalimizin öz doğma yurdlarında məskunlaşması üçün minimum şərait yaratmaq əzmindədir. Bərpa Agentliyinin bütün kollektivi o günü səbirsizliklə gözləyir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.