Dünyada baş verən qlobal iqlim dəyişmələri və Yer kürəsində yüksələn xətlə gedən yoxsulluq, qida catışmazlığı dünya alimlərini və ilk növbədə aqrar sahə mütəxəssislərini düşündürən aktual problemlərdəndir.
BMT mütəxəsislərinin verdikləri məlumata görə, 2050-ci ildə dünya əhalisinin sayı 9 mlrd. nəfərə, bəzi məlumatlarda isə hətta 10 mlrd. nəfərə çatacaqdır. Güman olunur ki, yaxın 40 ildə, son 8 min ildə istehsal olunan qədər qida istehsal olunmalıdır. Əksər ölkələrdə qida uğrunda ciddi mübarizə başlaya bilər.
Hazırda hər il 800 mln. nəfər aclıqdan əziyyət çəkir, milyonlarla insan isə aclıqdan məhv olur. Səbəb isə insan artımı, torpaqların deqradasiyası, quraqlıq və digər təbii fəlakətlər, bitki xəstəlik və zərərvericiləri, torpaqlardan qeyri-səmərəli istifadə və sairdir. Müvafiq olaraq mövcud texnologiyalar ərzağa olan ehtiyacı tam şəkildə ödəmək iqtidarında deyil və onlara ciddi korrektə tələb olunur.
Dünyada “ yaşıl inqilabın ” atası sayılan Nobel mükafatçısı Norman Borlauq qeyd edir ki, yalnız yeni biotexnologiyalar, dünyanı aclıqdan və ekoloji fəlakətlərdən qoruya bilər.
Artmaqda olan əhalinin ərzaqla təminatının ənənəvi texnologiyalarla - əkin sahələrini genişləndirmək, kimyəvi qidalandırmalar və bitkilərin mühafizəsi, klassik seleksiya metodları ilə yeni sortların yaradılması və s. təmin edilməsi az ehtimallıdır. Ona görə də başlıca ümid gen mühəndisliyinə qalır ki, bununla, faydalı bitkilərin, mahiyyətcə ənənəvi seleksiya yolu ilə, genotipinin daha səmərəli və asan yolla yaxşılaşdırılmasına nail olunur.
Dünya alimlərinin yekdil rəyinə görə ötən XX əsr, əsaslı olaraq fizika və informatika sahəsində böyük nailiyyətlər əsri hesab edilə bilər. XXI əsrdən isə mütəxəsislər, ümumilikdə biologiya və xüsusən də gen mühəndisliyi sahəsində nailiyyətlər gözləyirlər. Məlumdur ki, fundamental biologiya, son illər bir çox mütərəqqi texnologiyalar hesabına zənginləşmişdir. Hazırda biotexnologiya və gen mühəndisliyi sahəsində böyük inqilabi dəyişikliklər baş verir. Bunun əsasında transgenez metodlar, başqa sözlə, orqanizmin geninə yad bir genin yeridilməsi texnologiyası durur.
Ənənəvi genetika və seleksiya metodlarından fərqli olaraq, müasir biotexnologiyanın nailiyyətlərindən biri də iki müxtəlif bioloji növün və ya sinfin kombinasiyasına nail olmaq, nəticədə transgen bitki əldə etməkdir. Transgen biotexnologiya - müasir biologiyanın və xüsusən də, müasir kənd təsərrüfatının ən qabaqcıl və sürətlə inkişaf edən sahələrindəndir. Təəssüf ki, bəzən elmdən uzaq insanlar, mahiyyətinə varmadan, transgenezə böyük şübhə ilə yanaşırlar. Əldə olunmuş transgen bitkilər isə müqavimətlə qarşılanır, fikrin özünə və alınmış nəticələrə etirazlar çoxalır.
Bununla belə genetik dəyişikliklər nəticəsində yaradılmış bitkilər (transgenlər) insanların həyatına ciddi şəkildə daxil olmaqdadır.
Transgen bitkilər müxtəlif viruslara, bakteriyalara və digər patogenlərə qarşı daha dözümlü olduqlarından aqrar sahədə herbisid və insektisidlərin tətbiqini heçə endirməklə məhsulun istehsal xərclərini azaldır və iqtisadi səmərəliliyi yüksəldir. ABŞ-da hər il dəyəri 21 mlrd. dollardan çox olan qarğıdalı məhsulu istehsal olunur. Yalnız müxtəlif qarğıdalı kəpənəyi növlərinin və qarğıdalı güvəsinin bu bitkiyə verdiyi ziyan, hər il 800-900 mln dollar təşkil edir. Bt geni yeridilmiş qarğıdalı sortları isə bu zərərvericilərə qarşı yüksək dözümlülük göstərirlər.
Böyük Britaniyada çıxan “Aqbioforum onlayn” jurnalında dərc olunmuş bir məqalədə, ABŞ-də transgen sortlardan istifadə etmiş fermerlərin gəlirlərinin 27 mlrd. dollara qədər artması haqqında məlumat vardır. Burada yalnız transgen pambıq sahəsində, pestisidlərin istifadəsi 14% (172 min ton) azalmışdır. Statistikaya görə yalnız Çində hər il 50 min nəfərə qədər fermer pestisidlərdən zəhərlənir ki, onlardan da 400-500 nəfəri məhv olur. Lakin transgen bitki sortlarının becərildiyi ərazilərdə, bir dəfə də olsun intoksikasiya hadisəsi qeydə alınmamışdır.
Transgen bitkilər daha yaxşı saxlanır, gözəl görkəmə və yaxşılaşdırılmış qida tərkibinə malik olurlar. Hazırda dünyada yüzlərlə geni dəyişdirilmiş bitki (soya, qarğıdalı, kartof, pomidor, pambıq, raps və d.) sortları yaradılmışdır ki, onlar kənd təsərrüfatının müasir tələblərinə uyğun xüsusiyyətlərə malikdirlər. Onların ümumi sahəsi artıq 100 mln hektarı ötmüş və ilk dövrlərlə müqayisədə 50 dəfəyə qədər artmışdır.
Əgər qabaqlar və bir çox hallarda indi də yeni, keyfiyyətli sortların yaradılmasına onillərlə, ən yaxşı halda isə illərlə vaxt sərf olunurdusa, hazırda yeni biotexnologiyaların köməkliyi ilə bu prosesi xeyli sürətləndirmək və sərf olunan vaxtı minimuma endirmək olur.
İn vitro (mikroklonal çoxaltma) metodu ilə hüceyrəyə yad gen yeridilir və sonra laboratoriya şəraitində toxuma kulturasından bitkilər əldə olunaraq sahəyə köçürülür. Nəticədə planlaşdırılmış istehlak keyfiyyətlərinə malik bitkilər əldə edilir.
Transgen bitkilər, yalnız təkcə genetik modifikasiya olunmuş qida məhsulları və yaxud bütün təsirlərə davamlı bitkilər deyillər. Onlar həm də yüksək keyfiyyətli vaksin və dərman produsentləridir. Transgen tütün, düyü, qarğıdalı və bir sıra bu tipli bitkilər, müntəzəm olaraq terapevtik zülallar – albumin, interferon, hirudin sintez edirlər. Belə zülallar, heyvan mənşəli zülallardan daha təhlükəsizdirlər. Çünki bitki hüceyrələrində, insan və heyvan patogenləri olan viruslar inkişaf edə bilmirlər.
Transgen bitkilər sırf praktik məsələlərin həlli ilə yanaşı, eyni zamanda orqanizmdə böyümə, inkişaf və həyat fəaliyyətini müəyyənləşdirən molekulyar proseslərin mahiyyətini dərk etmək üçün də imkanlar açır. Hazırda bitkilərin fiziologiyası və biokimyası sahəsində çox az miqdarda fundamental tədqiqatlar gen texnologiyalarının tətbiqindən kənarda qalır. Gen mühəndisliyi, tədqiq olunan zülalların və müvafiq genlərin funksiyalarını birbaşa müəyyənləşdirməyə imkan yaradır.
Beləliklə biotexnologiya və gen mühəndisliyi sahəsində qazanılmış nailiyyətlər kənd təsərrüfatının yüksək inkişafı üçün böyük perspektivlər açır. Eyni zamanda kənd təsərrüfatı biotexnologiyasının nailiyyətlərinin, praktiki olaraq tətbiqini ləngidən səbəblər də mövcuddur. Bu, geni dəyişdirilmiş məhsulların ətraf mühitə və insanlara neqativ təsir qorxusudur.
Transgen bitkilərin geniş tətbiqi problemləri cəmiyyət qarşısında bir çox suallar qoyur. Bunların içərisində ən əsası genetik modifikasiya olunmuş obyektlərin təhlükəsizliyi ilə bağlıdır. Əksər Avropa ölkələri, o cümlədən Rusiya, öz ölkələrinə transgen bitkilərin geniş miqyasda gətirilməsi əleyhinə çıxırlar. Ölkəmizdə də bu sahədə bir qədər qeyri-müəyyənlik və haçalanmış fikirlər mövcuddur. Elmi cəhətdən əsaslandırılmış bilgilərin azlığı və maarifləndirmə işlərinin zəifliyi isə insanları təşviş və qorxu içərisində saxlayır.
Buna səbəb nədir? Qorxu hissi haradan qaynaqlanır? Reallıq necədir? Transgen bitkilərin ekoloji riskini qiymətləndirmək bir çox çətinliklərlə bağlıdır.Transgen bitkilərin təbii ekosistemlərə necə təsir edə biləcəyini qabaqcadan söyləmək mümkündürmü? Bu sahədə çalışan dünya alimlərini düşündürən əsas problem də budur.
Birmənalı olaraq sübut olunmuşdur ki, əksər transgen orqanizmlər nəsil vermək imkanından məhrumdurlar. Orqanizmə, digər növlərdən, yad genlərin köçürülməsi genetik durğunluğa və dölsüzlüyə səbəb olur. Sanki təbiət genetik ximerlərin yayılmasına qarşı çıxır.
Genetik modifikasiya olunmuş obyekt tərəfdarları göstərirlər ki, genetik modifikasiyalar -əlavələr insanın mədə-bağırsaq sistemində tamamilə məhv olurlar. Nə yeyilməsindən asılı olmayaraq hər şey mədədə hissələrə parçalanır. Bu, onların yeganə arqumentidir. Lakin o da məlumdur ki, orqanizmlərin biri-birini yeməsi üfiqi köçürməyə səbəb ola bilər. Belə ki, DNK heç də axıra qədər həzm olunmur və onların molekulları bağırsaqdan hüceyrəyə və nüvəyə, oradan isə xromosoma daxil ola bilir. Deməli risk var.
Müasir şəraitdə satışa kifayət qədər çoxlu transgen məhsullar daxil olur. Genetik modifikasiya əlavələri plazmidlərlə birlikdə insanın mədə-bağırsaq traktında bakteriyalara, oradan qan hüceyrələrinə, cinsi və digər hüceyrələrə daxil olaraq onları transformasiyaya uğradır. “Transformasiya” olunmuş cinsi hüceyrələrdən digər növlərə və heyvan siniflərinə aid olan uşaqlar – transgen orqanizmlər doğula bilərlər ki, onların da əksəri nəsil vermək qabiliyyətinə malik olmurlar.
Transgen bitkiləri, morfoloji əlamətlərinə görə başlanğıc materialdan, əgər məqsəd onun morfoloji xüsusiyyətlərini dəyişmək deyilsə, fərqləndirmək çox çətin olur. Elə bu səbəbdəndir ki, transgen kartofu üç aydan çox saxlamaq mümkün olmadığından, onu dərhal çipsi hazırlamağa göndərirlər.
Hazırki dövrdə transgen bitkilərin becərilməsi, ənənəvi bitki sortlarının becərilməsi texnologiyasından heç bir iqtisadi üstünlüyə malik deyil. Əksinə, ənənəvi bitkilərin keyfiyyətinə nəzarət, transgenlərdən daha asan və etibarlıdır.
Gen modifikasiyası nəticəsində allergik reaksiyaya səbəb olan, yaxud mutagen, kanserogen və ya toksiki effekt yaradan birləşmələr sintez oluna bilir.
Hazırda dünyada bir çox iş adamları, yüksək gəlirli biznes kimi, kolbasa və digər qida məhsulları istehsalında, heyvan mənşəli zülalları, transgen mənşəli soya zülalları ilə əvəz etməyə uğurla girişmişlər. Bu isə əhalinin və ilk növbədə gənclərin ağır xəstəliklərə tutulmasına səbəb olur.
Bu da bir həqiqətdir ki, bu gün heç də hamı “Genetik modifikasiya məhsulları sağlamlıq ücün ziyansızdır”, deyən optimist əhval-ruhiyyəli alimlərin fikirlərini bölüşmür. Çünki insanlar hələ də bu məhsulların qidada uzunmüddətli istifadəsinin nəyə gətirib çıxaracağını bilmir. Heç kəs müəyyən edə bilməyib ki, bu, orqanizmin özünə və mikroflorasına necə təsir edir. Bunu müəyyənləşdirmək üçün isə ən azı bir nəsil ömrü lazımdır.
Lakin bir həqiqət də var ki, müasir texniki vasitələrdən istifadə edərək, müvafiq təşkilatlar tərəfindən, ölkəyə gətirilən məhsullara və xammala ciddi nəzarət etmək olar və bu vacibdir.
Zaur HƏSƏNOV,
kənd təsərrüfatı elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.