Şriftin ölçüsü:
06.04.2010 02:57 | Oxunma sayı: 405
Xəbər verildiyi kimi, 2008-ci il avqustun 17-də Bakıda "Əbu-Bəkr" adı ilə tanınan "Cümə məscidi"ndə terrorçuluq törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş, Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənmiş, "Meşə qardaşları" adlı silahlı birləşmənin rəhbərlərindən biri Samir Mehdiyev 2010-cu ilin yanvarında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Pakistan İslam Respublikasının ərazisində saxlanılmış və martın 16-da Azərbaycana təhvil verilmişdir.
Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzinin 2009-cu il 16 fevral tarixli məlumatında bildirilmişdir ki, Samir Mehdiyev hazırda cinayət işi ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində baxılmaqda olan 31 nəfərdən ibarət "Sumqayıt camaatı" adlı silahlı birləşmənin üzvləri vasitəsilə onların rəhbəri, həmin vaxt Gürcüstan ərazisində olan Azər Misirxanovla əlaqə yaratmışdır. Sonra Samir Mehdiyev Azər Misirxanovun göstərişinə əsasən həmin silahlı birləşmənin üzvlərinin köməyi ilə qeyri-qanuni yolla xarici ölkəyə keçirilmişdir.
Samir Mehdiyevin istintaqa verdiyi ifadələrlə onun gizli yolla xarici ölkənin ərazisinə keçirilməsi, eləcə də Pakistan ərazisində gizlənməsi ilə əlaqədar yeni xüsusatlar üzə çıxmışdır. Müəyyən edilmişdir ki, Samir Mehdiyev "Cümə məscidi"ndə terrorçuluq törədilməsindən sonra "Dağıstan camaatı"nın "təmsilçisi" olan "Abdulsəməd" ləqəbli şəxslə əlaqə yaratmış və sonuncunun tapşırığı ilə "Sumqayıt camaatı"nın üzvlərindən biri, hazırda barəsində məhkəmə baxışı keçirilən "İbrahim" ləqəbli Ceyhun Əliyevlə görüşmüşdür. O, Samir Mehdiyevin Azərbaycandan gizli çıxarılması məqsədilə Azər Misirxanovun özünə "naib", yəni müavin təyin etdiyi Rəşid Mustafayevlə əlaqə yaratmışdır. Rəşid Mustafayev də Gürcüstana gedərək Azər Misirxanovdan Samir Mehdiyevin Azərbaycandan gizli çıxarılması barədə təlimat almışdır. Silahlı birləşmənin üzvləri bu müddət ərzində Samir Mehdiyevi Sumqayıt şəhərində gizlətmişlər. Samir Mehdiyev həmin vaxt üzərində olan "Makarov" tipli bir tapançanı və ona aid 2 dolu darağı, eləcə də "RQD" tipli bir əl qumbarasını özündə saxlamış, "AKS-74U" tipli avtomat silahını və həmin odlu silaha aid patronlarla dolu 2 sandıqçanı isə silahlı birləşmənin üzvü, barəsində məhkəmə baxışı keçirilən Faiq Cəfərova vermişdir. Azər Misirxanovun göstərişinə əsasən Samir Mehdiyev Faiq Cəfərovun vasitəsilə sərnişin avtobusu ilə Tovuz rayonuna aparılmışdır. Əvvəlcədən əldə edilmiş razılığa əsasən Faiq Cəfərov Tovuz şəhərinin kənarında Samir Mehdiyevi hazırda barəsində məhkəmə baxışı keçirilən Gürcüstan vətəndaşı İbadət Alazoviyə təhvil vermişdir. İbadət Alazovi Samir Mehdiyevi Ağstafa rayonundakı "Böyük-Kəsik" sərhəd-nəzarət məntəqəsinin "Candar" sadələşdirilmiş buraxılış məntəqəsinə gətirmiş və Gürcüstandan Azərbaycana mal-qara keçirib geri qayıdan Gürcüstan vətəndaşlarına qoşaraq sərhədçilərin diqqətini yayındırmış və Samir Mehdiyevin mühafizə olunan dövlət sərhədini müvafiq sənədlər olmadan qeyri-qanuni yolla Gürcüstan ərazisinə keçməsinə nail olmuşdur. Gürcüstanda Samir Mehdiyevi Azər Misirxanov və barəsində axtarış elan edilmiş "Subay" ləqəbli Elnur Cəfərov qarşılamış və onu həmin ölkənin Qaraçöp kəndinin sakini, qrupun digər üzvü Rasim Tanrıverdiyevin evində yerləşdirmiş və o, burada təxminən 5 ay yaşamışdır. Sonra Azər Misirxanovun vasitəsilə Samir Mehdiyev Gürcüstanın Batumi şəhərindən Türkiyəyə qeyri-qanuni olaraq insanların keçirilməsi ilə məşğul olan, hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə tanış olmuş və sonuncunun pasportuna öz şəklini yapışdıraraq gizli yolla Türkiyə ərazisinə keçmişdir. Samir Mehdiyev Pakistandakı terrorçu qruplaşmalardan birinə rəhbərlik edən "Abuzər" ləqəbli şəxsin və hazırda barəsində məhkəmə baxışı keçirilən "Şəkili Abdulla" ləqəbli Vüqar Abdullayevin köməyi ilə müxtəlif ünvanlarda yaşamışdır. Bundan sonra Samir Mehdiyev və Vüqar Abdullayev Pakistana getmək qərarını qəbul etmişlər. Qeyri-qanuni yolla İran ərazisinə keçərkən onlar həmin ölkənin sərhədçiləri tərəfindən saxlanılmış və Samir Mehdiyevin Gürcüstana, Vüqar Abdullayevin isə Azərbaycana deportasiyası barədə qərar qəbul edilmişdir. Lakin İrandan Gürcüstana birbaşa aviareyslər olmadığı üçün o, Tehran-İstanbul-Tiflis reysi ilə ölkədən çıxarılmışdır. Samir Mehdiyev diqqətdən yayınaraq İstanbulun hava limanında təyyarədən enərək Gürcüstana qayıtmamışdır. Vüqar Abdullayev isə Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir.
Samir Mehdiyev Pakistan ərazisinə keçmək məqsədilə həmin vaxt İstanbula gələn Rasim Tanrıverdiyevin pasportuna öz şəklini yapışdıraraq saxtalaşdırmışdır. Sonra Samir Mehdiyev Azər Misirxanovla əlaqə yaratmış və sonuncu tərəfindən gizli yollarla Pakistana getmək marşrutu barədə təlimatlandırılmışdır. Samir Mehdiyev həmin saxta pasportla qanunsuz olaraq İrana, oradan isə Pakistan ərazisinə keçmişdir.
Beləliklə müəyyən edilmişdir ki, niyyətləri ölkədə terrorçuluq aksiyaları keçirmək olan radikal dini təmayüllü, Azər Misirxanovun rəhbərlik etdiyi "Sumqayıt camaatı" adlı silahlı birləşmənin, eləcə də bu günlərdə Aqil Namazovun rəhbərlik etdiyi, ifşa olunaraq yaxalanmış mütəşəkkil dəstənin üzvləri külli miqdarda silah-sursatı və partlayıcı maddələri qaçaq yolla Gürcüstandan Azərbaycan Respublikasının ərazisinə gətirmişlər.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən bildirmişlər ki, Azərbaycan Respublikası ərazisindən qanunsuz silah dövriyyəsi məqsədilə istifadə edilməsi, ölkədə hüquqazidd əməllərin, o cümlədən sifarişli cinayətlərin törədilməsi planlarının, təhlükəsizliyə təhdidlər yaradan müxtəlif cinayətkar birləşmələrin və ünsürlərin mümkün niyyət və əlaqələrinin tam aşkarlanması və ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, 2005-ci ilin mart ayında jurnalist Elmar Hüseynovun qətlinin törədilməsində iştirakları sübuta yetirilmiş, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmiş Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin tutularaq ekstradisiya olunması barədə Azərbaycan tərəfinin Gürcüstan Baş Prokurorluğuna göndərdiyi və indiyədək həllini tapmadığı 6 vəsatətin də təmin olunması üçün müvafiq işlər görülür.
{nl}
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.