Ölkədə əlil insanlara dövlət qayğısı ildən-ilə artmaqdadır. Onların təhsil almaları, ixtisaslara yiyələnmələri, bu insanlara tibbi xidmətin təşkili, məşğulluqlarının təmin olunması, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün bir neçə layihə reallaşdırılmışdır. Son vaxtlar gözdən əlil insanların da cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər daha intensiv xarakter almışdır. Xüsusilə, informasiya kommunikasiya texnologiyalarınin bu sahədəki rolu əvəzsizdir.
Ölkəmizdə İKT-nin gözdən əlil insanlarin cəmiyyətə inteqrasiyasında rolu ilə bağlı suallarımızı Respublika Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev cavablandırır.
– Azərbaycanda İKT-dən gözdən əlillərin bəhrələnməsinə nə vaxtdan başlanılmışdır?
– Deyərdim ki, bu işə Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü ilə başlanılmışdır. Hələ 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin İnkişaf Proqramı ilə birgə görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün İKT-yə çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalamışdır. Mehriban xanım bildirmişdir ki, hazırda Azərbaycanda 320 min əlil insan yaşayır. Onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir.Layihə bu insanların həyata qoşulmasına, onların informasiya kommunikasiya texnologiyaları vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluqlarının artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xidmət edəcəkdir. Bir məsələni də qeyd etmək istəyirəm. İmzalanmış layihə BMT-nin “Minilliyin bəyənnaməsi”ndə informasiya texnologiyalarının hamı üçün təmin olunması barədə götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyasına uyğun hazırlanmışdır.
Artıq həmin layihənin imzalanmasından 7 ildən artıq bir dövr keçib. Bu müddət ərzində həyata keçirilən tədbirlər bir daha sübut etdi ki, doğrudan da, deyilənlər sadəcə sözdə qalmamış, həyatda öz real əksini tapmışdır.
Heydər Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə “Mini informasiya laboratoriyası” da hədiyyə edib. Mini laboratoriyası xüsusi kompyuter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə müxtəlif informasiyaları əldə etmək və ötürmək imkanı yaradan proqram sistemi daxildir.
Gözdən Əlillər Cəmiyyətinə təqdim olunan Cawes For Windows səsli proqram paketi, Pearl kamera-skaner, səsli kitab oxuma maşını, Brayl yazısı üçün qalın kağızları dəftər formasında tikən böyük stepler vasitəsilə dərslikdən istifadə etmək, səsli proqram vasitəsilə isə müxtəlif informasiyaları oxumaq mümkündür.
– Gözdən əlil insanların informasiya tələbatının ödənilməsi üçün regionlarda hansı tədbirlər görülür?
– Artıq regionlarda da bu məsələ ilə bağlı bir sıra tədbirlər reallaşdırılır. İnformasiya təminatını ödəmək məqsədilə Heydər Əliyev Fondu və Rabitə və İnformasiyalar Texnologiyaları Nazirliyinin birgə layihəsi olan informasiya resurs mərkəzləri artıq fəaliyyətə başlamışlar. Naxçıvan, Gəncə və Yevlax şəhərlərində belə mərkəzlər yaradılmışdır. Bu layihənin digər regionlarda da reallaşacağı nəzərdə tutulur. Cənab Prezident Yevlaxda olarkən İnformasiya Resurs Mərkəzinə 100 ədəd dilmanc mini kompyuteri bağışlamışdır. O biri mərkəzlərə də belə kompyuterlərin verilməsi nəzərdə tutulur.
– Sonrakı illərdə həmin layihələr necə davam etdirildi?
– Bu birinci layihə üç mərhələdə həyata keçirilib. İlk mərhələdə kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarının müəyyən edilməsi, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram layihəsi hazırlamaq nəzərdə tutulurdu. Bu məqsədlə sorğular keçirildi, təcrübə mübadiləsi aparıldı, alınacaq avadanlıqların növləri müəyyənləşdirildi.
Sonra bu kateqoriyadan olan uşaqların təhsil almaları üçün model İKT sinfi yaradıldı. Bu siniflərdə kompyuter avadanlıqları quraşdırıldı, proqram təminatı lokallaşdırıldı, internetə çıxış təmin edildi, xüsusi təlim-tədris proqramı hazırlandı.
Sonrakı mərhələdə isə daha vacib işlər həyata keçirildi. Belə ki, audio-kitabxanalar, təlim mərkəzləri yaradıldı, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası yaradıldı. Bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli audiokitabların bərpası, internetə çıxış, informasiya-texnologiya əsaslı təlim kursları, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompyuter mərkəzi yaradıldı. Təlim kurslarında dərs deyəcək müəllimlərin, təlimçilərin hazırlığı kimi bir sıra işlər də həyata keçirildi.
Mehriban xanım bu işləri daim nəzarətdə saxlayır, layihənin reallaşmasına yaxından kömək göstərirdi. 2007-ci il martın 15-də “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” layihəsi çərçivəsində Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat məktəbinə gələn Mehriban xanım Əliyeva burada görülmüş işlərlə tanış olmuşdur.
O vaxta qədər bu məktəbdə geniş zal elektron kitabxana üçün uyğunlaşdırılmış, Almaniya istehsalı olan 2 kompyuter dəsti alınıb quraşdırılmışdır. Bu komyuterlər xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır. Uşaqlar üçün model İKT sinifləri yaradılmış, proqramın təminatı lokallaşdırılmış, internetə çıxışın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması, audiostudiya və kitabxananın fəaliyyəti təmin edilmişdir.
İndi burada Brayl şriftləri ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitab kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür. Eyni zamanda, musiqiyə qulaq asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, SMS göndərmək olur.
Bu gün həmin texnologiyalarla işləməyi öyrədən mütəxəssislər də kifayət qədərdir. Onlar Almaniyadan dəvət olunmuş mütəxəssislərin köməyi ilə bu işləri mənimsəmiş, hətta bəziləri Almaniyada kurs da keçmişlər. Bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun böyük xidmətləri olmuşdur. Bizim cəmiyyət də bu layihənin reallaşdırılmasında öz imkanlarından istifadə edərək böyük işlər görmüşdür.
Hazırda, gözdən əlillərin işlə təmin olunmasında, onların cəmiyyətə inteqrasiyasında böyük irəliləyişlər baş verir. Əgər gözdən əlil insan kompyuterdən istifadə edə bilirsə, istənilən məlumat əldə etməyi bacarırsa, deməli o, cəmiyyətdə lazımlı adama çevrilir. Biz buna çox sevinirik. İndi MDB ölkələrində belə iri layihələr həyata keçirilmir. Bizdə başlanan bu təcrübə yəqin ki, gələcəkdə başqa MDB ölkələrində də tətbiq olunacaq. Ölkəmizin birinci xanımı olduqca xeyirxah bir missiyanı öz üzərinə götürmüş və hazırda onu uğurla davam etdirir.
Cənab Prezident 2013-cü ili ölkədə “İKT ili” elan edib. İKT ölkədə prioritet sahə elan olunub. Söz yox ki, gözdən əlillərin də informasiya texnologiyalarından bəhrələnməsi məhz ölkəmizdə bu istiqamətdə aparılan genişmiqyaslı işlərin nəticəsidir.
Cənab Prezidentimizin neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı fikirləri ölkəmizdə informasiya texnologiyalarının cəmiyyətin bütün sferalarına tətbiqi ilə bilavasitə bağlıdır.
Gözdən Əlillər Cəmiyyəti dövlətimizin bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləyir, bu insanların əmək bazarlarındakı yerini möhkəmləndirmək məqsədilə yeni layihələrin reallaşması istiqamətində məqsədyönlü iş aparır.
Bu layihələrin həyata keçirilməsində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya cəmiyyətimizin üzvləri adından dərin minnətdarlığımızı bildirir, ona Azərbaycanın inkişafı naminə geniş miqyaslı fəaliyyətində uğurlar arzulayırıq.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.