Yeni dalğa nə vaxt və harada yaranacaq

 

 

 

(əvvəli qəzetin 30 mart 2013-cü il tarixli sayında)

İkinci faza çərçivəsində infrastrukturun yeni sistem ilə tamdəyərli formalaşması prosesi başlanır ki, bu da mühüm bazarlarda gəlir normasını aşağı salır və bunun nəticəsi olaraq birjalar böhranla qarşılaşır. Bu proses inkişaf etmiş ölkələrdə 1987-ci ildə müşahidə olunmuşdu.

Qısamüddətli böhranın ardınca üçüncü mərhələ gəldi və bu fazada genişmiqyaslı ekspansiya start götürdü, yeni bazarın bütün potensialından istifadə olunmağa başlanıldı. İnnovasiyaların diffuziyası (qarışması) da yeni texnologiyaların yaradılmasına gətirib çıxardı. İndiki texnoloji sistem çərçivəsində internet məhz belə bir yenilik olmuşdu və bu proses 1990-cı ilin əvvəlində baş vermişdi. Bu mərhələdə maliyyə kapitalı yeni texnologiyalara yenidən diqqət ayırdı və sərmayə yatırmaqdan çəkinmədi. Belə bir maraq da yeni iqtisadiyyatın yaranmasına gətirib çıxardı və yeni iqtisadi sistem çərçivəsində də yüksək texnologiyalar digər sahələrdən daha sürətlə inkişaf etməyə başladı. Yeni iqtisadi sistem inkişaf etmiş ölkələrdə əmək haqlarının yüksəlməsinə təkan verdi. Lakin hər bir uzun dalğa özünün “doyma” mərhələsinə çatır və ikinci dalğa çərçivəsində də məhz belə bir proses müşahidə edildi.

Bəs “doyma” mərhələsi nə zaman baş verdi? K. Peres yazır ki, ikinci dalğa dövründə bazara yeni məhsulların çıxarılması artır, lakin köhnə texnologiyalar gündəlik istifadə normasına çevrilir. Yəni bu gün mobil telefonlaşdırma və kompyuterləşdirmə prosesinin heç də həmişə elektrikin olmadığı Afrikanın və Cənubi Asiyanın kənd rayonlarında da getdiyini müşahidə etmək olar. Belə olan halda, yəni “doyma” mərhələsinin başlanmasıyla əlaqədar inkişaf etmiş ölkələrdə maliyyə kapitalının sərmayələrə marağı itir və burada dönüş anı kimi 2012-ci ilin may ayında yüksək texnologiyalar sahəsində böyük əks-səda doğurmuş “Facebook” sosial şəbəkənin birjalarda səhmlərinin yerləşdirilməsini qeyd etmək mümkündür. Maraqlıdır ki, ilk satış günündə “Facebook” səhmlərinin qiyməti 38,24 dollar səviyyəsində qeydə alınmışdı. Avqust ayındasa sosial şəbəkə nəhənginin səhmi 20 dollaradək ucuzlaşmışdı. Yəni “Facebook” bazar qiymətini demək olar, iki dəfə itirmişdi.

K.Peres yazır ki, iqtisadiyyatın yavaşıyan sahələrindən gəlməkdə davam edən gəlirlər getdikcə işləməyən kapitala çevrilir. Həqiqətən də sərmayə yatırımı üçün cəlbedici sahələlərin olmaması dünya üzrə nəğd kapitalın cəmləşməsinə gətirib çıxarır. Statistik məlumatlara görə, ötən ilin dekabr ayında bank hesablarında şirkətlərə məxsus kapitalın məbləği 4 trilyon dollara çatmışdı.

Təkcə ABŞ banklarında 1,9 trilyon dollar azad vəsaitin toplandığı qeydə alınmışdı. Məsələn, məşhur “Apple” şirkətinin bank hesabında 82 milyard dollar kapitalın cəmləşdiyi bildirilir. Ancaq həmin kapitalın hazırda hər hansı bir sahəyə yönəldiləcəyi məlum deyil. Baxmayaraq ki, “Apple” şirkətinin məhsulları hələ də populyardır, amerikalılar sərmayə yatırmağa tələsmirlər. 

Əgər iqtisadi artımın xəritəsinə nəzər yetirilərsə, görmək olar ki, o ilk növbədə iqtisadiyyatı əvvəlki mərhələlər sayəsində inkişaf edən ölkələrdə baş verir. Məsələn, Çin Xalq Respublikasında böyük sərmayələr tələb edən və  əvvəlki, o cümlədən  indiki texnoloji sistemlərə xarakterik olan  sürətli urbanizasiya prosesi gedir. Doğrudur, Çin hazırda dünyanın elektronika məhsullarının istehsal mərkəzi sayılır, ancaq onun iqtisadi artımı daha çox mənzil tikintisindən tutmuş metro vaqonlarıvə avtomobil istehsalınadək tələblərin yerinə yetirilməsi ilə bağlıdır. Hesablamalara görə, 2013-cü ildə Çin avtomobil istehsalında ilk dəfə olaraq Avropanı arxada qoyacaq. Sürətlə artan daxili tələbat sayəsində Çinin avtomobil sənayesi sifariş sarıdan korluq çəkməyəcək və iqtisadi artımın saxlanılmasına kömək edəcək.

Sürətli artımın digər mərkəzlərinin Çinə və  sürətlə inkişaf edən başqa ölkələrə neft və neft məhsulları satan Afrika, Asiya və Yaxın Şərq ölkələrinin olacağı bildirilir. Bununla belə, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, inkişaf etmiş ölkələri yaxın bir-iki il ərzində aşağı iqtisadi artım gözləyir. Hətta ucuz şist qazından istifadə sayəsində sənaye sahələrində köklü islahatlar aparmağa çalışan ABŞ iqtisadiyyatında da 2 faiz səviyyəsində iqtisadi artım olacağı proqnozlaşdırılır. Analitiklər belə bir prosesin baş verməsini cari sistemin özünün məntiqi sonluğuna yaxınlaşmasıyla izah edirlər.

Bəs yeni dalğa nə vaxt baş verəcək? Bu suala hələlik heç kim dəqiq cavab verə bilmir. Mümkündür ki, yaxın illərdə, ola bilər, cari onilliyin sonunda yeni texnoloji dalğa yaransın. Amma istənilən halda yeni dalğanın texnoloji bazanın olduğu məkanda yarana biləcəyi vurğulanır. K.Peres bununla bağlı yazır: “Tez-tez deyirlər ki, biotexnologiyalar, bioelektronika və ya nanotexnologiyalar növbəti texnoloji inqilabı formalaşdıra bilər. Əslində həmin sahələr artıq informasiya cəmiyyətinin məntiqi çərçivəsində fəal şəkildə inkişaf edir. Bu gün biotexnologiyalar, bioelektronika və ya nanotexnologiyalar neft və avtomobilqayırma sənayesinin 19-cu əsrin sonunda, elektronikanın isə 1950-ci ildə olduğu mərhələdədir”. Deyilənləri nəzərə alan mütəxəssislər də düşünürlər ki, sürətli artım tempini yalnız indiki və əvvəlki dalğalar çərçivəsində inkişafı təqib edən ölkələr təmin edə biləcək.

Hazırladı: Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında