Arazqırağı obalarda təbiətin oyanışı başqa yerlərdən daha çox hiss olunur. Aranın yaz nəfəsi ayağı suya, başı günəşə boy atan kiçik cücərtidən tutmuş birazdan kölgəsinə sürü yığışacaq nəhəng ağaclaradək bütün bitkilərin qəddini dikəltdi. Ağ-çəhrayı libasa bürünmüş bağ-bağçalar bar-bəhrəli yeni bir ilə qucaq açıb. Yeddi ayda bir qarış boy atmış taxıl zəmilərinin, otlaqların bir ayda yeddi qarışlıq möcüzəli həyatı başlayıb...
Bu yerlərə həyat gətirən Araz da getdikcə məcrasına sığışmır, öz lilli-köpüklü suyu ilə yeni torpaq ilinin üstünə qanad gətirmiş kimi hayqırır... Ən başlıcası isə bu yerlərdə min illərin qurub-yaratmaq ənənəsini yaşadan və zənginləşdirən insanların qışın mürgülü həyatından silkinib çöl-bayıra axışması, dincə qoyduqları torpaqla yenidən qol-boyun olmasıdır.
Beyləqana Novruz şənliklərinin el-obalarımıza xeyir-bərəkət müjdəsi payladığı, bu təntənələrin ürəklərə yeni istək, dizlərə təpər, qollara güc gətirdiyi günlərdə gəlmişdik. Yol boyu tarlalarda hər kəsi əkində-səpində, bağ-bağçaya qulluqda, naxır-sürü yanında gördük. Yaşayış məntəqələrində aparılan tikinti işlərinin də meydanı genişlənib.
Ötən ili uğurla başa vuran beyləqanlılar bu ilin vəzifələrini də düzgün müəyyənləşdirmiş, qışlamanı əziyyətsiz, itkisiz başa vurmaq üçün zəruri tədbirləri ardıcıl yerinə yetirmişlər. Beləliklə, birinci rübdə yeni təsərrüfat ilinə uğurlu başlanğıc verilmişdir. Beyləqanda görüşdüyümüz adamlar son illərdə dövlətin fəal dəstəyi ilə həyata keçirilən proqram və layihələrin aqrar islahatların möhkəm təməl üzərində yeni bir yüksəliş yaratdığından ürəkdolusu söhbət açdılar. Sosial-iqtisadi tərəqqinin insanların rifahını durmadan yaxşılaşdırması da məmnunluqla vurğulandı. Bunu qazanılmış uğurların fakt və rəqəmlərdə əksini tapmış göstəriciləri də bir daha təsdiqləyir.
Rayon icra hakimiyyətində ötən ilin başlıca sosial-iqtisadi yekunları, son illərin inkişaf meylləri, birinci rübün ilkin nəticələri ilə bağlı sənəd və hesabatlarla ətraflı tanış olduq. Doğrudan da, regional inkişaf proqramlarında nəzərdə tutulmuş mühüm tədbirlərin dəqiq həyata keçirilməsi rayonu sürətli inkişaf yoluna çıxarmışdır. Bütün bunlar barədə söhbətimizdə rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev də fərəhlə söhbət açdı. Başçı uğurların qazanılmasında dövlət başçısı İlham Əliyevin beyləqanlılara göstərdiyi diqqət və qayğını başçı ayrıca vurğuladı:
— 2012-ci il beyləqanlılar üçün tarixi bir ilə çevrildi. Ötən il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan səfəri zamanı rayonumuz üçün əhəmiyyətli olan bir sıra obyektlərin açılışında şəxsən iştirak etdi. Bu da cənab İlham Əliyevin regionlarımızın, eyni zamanda Beyləqan rayonunun sosial-iqtisadi inkişafını şəxsi diqqətində saxladığını göstərir. Dövlət başçısının himayədarlığı ilə rayonda tikinti-quruculuq işləri yeni mərhələyə daxil olmuşdur.
Heydər Əliyev Mərkəzinin tikintisinə 2012-ci ilin aprel ayında başlanmışdı. Mərkəz kürsü hissədən və iki mərtəbədən ibarətdir. Mərkəzin ümumi sahəsi kürsü hissəsi ilə birlikdə 1296 kvadratmetrdir. Mərkəzin I mərtəbəsində rəsm və fotostudiya, elektron kitabxana, internet klub, ingilis dili kursu, xalçaçılıq sinfi, II mərtəbədə isə ulu öndərin həyat və fəaliyyətini əks etdirən muzey salonu, virtual sinif, kiçik konfrans zalı yerləşir. Mərkəz müasir işıqlandırma və isitmə, soyutma sistemi ilə təchiz olunmuşdur. Mərkəzin tikintisində qranit daşlardan və müasir tikinti materiallarından istifadə olunmuşdur. Prezident İlham Əliyev 2012-ci ildə Beyləqana səfəri zamanı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Rayon Mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. 2012-ci ilin aprel ayına kimi burada heç bir təmir aparılmamışdı. Ötən il binanın fasad hissəsi tamamilə dəyişdirilmiş, 500 nəfərlik zal təmir olunmuşdur. Müasir işıqlandırma, akustika, istilik sistemi və rahat oturacaqlar quraşdırılmışdır. Dövlət proqramı çərçivəsində, yerli əhəmiyyətli avtomobil yollarının təmiri və asfaltlaşdırılması tədbirlərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında ayrılmış vəsait hesabına rayonun Beyləqan — Kəbirli — Baharabad avtomobil yolunda tikinti işləri davam etdirilmişdir. İl ərzində yolun 23,4 kilometr hissəsində asfaltlaşma işləri başa çatdırılmışdır. Hazırda 11,6 km avtomobil yolunun qalan hissəsində işlər davam etdirilir.
Ötən il rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatının bütün sahələrində əsaslı irəliləyişə nail olunmuşdur. Rayon iqtisadiyyatının dinamik inkişaf tempi qorunub saxlanılmışdır. Bu dövrdə istehsal olunmuş məhsulların, işlərin və xidmətlərin ümumi həcmi 155,4 milyon manat olmuşdur. Bu, əvvəlki ildəkindən 31,5 milyon manat və ya 25 faiz, 2003-cü ildəkindən 4,2 dəfə çoxdur. Ümumi məhsul buraxılışının adambaşına düşən həcmi 9 ildə 4,2 dəfə, il ərzində isə 28,2 faiz artaraq 2187 ABŞ dolları təşkil etmişdir. Ümumi məhsul istehsalının və xidmətlərin həcmi sənayedə 5,6, kənd təsərrüfatında 2,6, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sektorunda 1,8 dəfə artmışdır. Pərakəndə əmtəə dövriyyəsi 4,3, tikinti işlərinin həcmi isə 37,4 dəfə çoxalmışdır.
Keçən il rayonda müvafiq artım tempi qorunub saxlanılmışdır. Bütün göstəricilər üzrə əvvəlki ildəkindən xeyli çox olmaqla faktiki qiymətlərlə 9,9 milyon manatlıq (132 faiz) sənaye, 70,8 milyon manatlıq (104 faiz) kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. 42,8 milyon manatlıq (əvvəlki ildəkindən 2,4 dəfə çox) tikinti-quraşdırma işləri görülmüş, əhaliyə 31,9 milyon manatlıq (105 faiz) müxtəlif xidmətlər göstərilmişdir.
Ümumi həcmdə istehsal sahələrinin xüsusi çəkisi 79,5 faiz, xidmət sahələrinin xüsusi çəkisi 20,5 faiz təşkil etmişdir. Ümumdaxili məhsulun 6,2 faizi sənayenin, 45,6 faizi kənd təsərrüfatının, 27,6 faizi tikintinin, 2 faizi nəqliyyat və rabitə xidmətlərinin, 18,6 faizi isə ticarət xidmətinin payına düşür. Əhaliyə ötən ildəkindən 1,4 milyon manat çox olmaqla 88,2 milyon manatlıq ticarət-iaşə xidmətləri göstərilmiş, məişət xidməti də daxil olmaqla pullu xidmətlərin dövriyyəsi 0,4 milyon manat artaraq 22,1 milyon manat təşkil etmişdir.
Son 1 ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 2003-cü ildəkindən 22 dəfə, 2011-ci ildəkindən 28,1 milyon manat çox olmaqla 48,5 milyon manat investisiya yönəldilmişdir. Bunun 42,8 milyon manatı (88,3 faizi) tikinti-quraşdırma işlərinə, o cümlədən 26 milyon manatı istehsal təyinatlı obyektlərin inşasına sərf edilmişdir. Rayonda keçən il ümumi sahəsi 15,2 min kvadratmetr olan 142 fərdi yaşayış evi inşa edilmiş, istifadəyə verilən əsas fondların dəyəri 29,2 milyon manat təşkil etmişdir. Hazırda rayonda ümumi sahəsi 1 milyon 585 min kvadratmetr mənzil fondu vardır.
Sosial sahədə görülmüş işlərdən söz açan başçı bildirdi ki, rayonda əhaliyə fasiləsiz və keyfiyyətli elektrik enerjisi verilir. Dövlət proqramına uyğun olaraq yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi uğurla davam etdirilir. Ötən il rayonun Əlinəzərli, Orta Əlinəzərli, Birinci Aşıqlı, İkinci Aşıqlı, Eyvazalılar, Tatalılar, Təzəkənd kəndlərinə təbii qaz xətləri çəkilmiş, ümumilikdə 2470 abonent təbii qazla təmin olunmuşdur. Bundan əlavə, Beyləqan rayonu ərazisində yerləşən Yeni Xocavənd, Xocavənd, Tuğ qaçqın və məcburi köçkün qəsəbələrinə qaz xətləri çəkilərək 814 abonentə təbii qaz verilmişdir. Yeni Qaradağlı qəsəbəsinə qaz xəttinin çəkilişi də başa çatdırılmışdır.
Kəbirli, Örənqala, Xaçınabad, Günəşli, Yuxarı Kəbirli və Baharabad yaşayış məntəqələrinə magistral qaz xətləri çəkilişinə başlanılmışdır. Rayonun Allahyarlı, Mil, Yeni Mil, Milabad, Birinci Şahsevən, İkinci Şahsevən, Əmirzeyidli, Qaradağlı, Çəmənli, Əhmədli, Aşıqalılar kəndləri istiqamətində daşıyıcı qaz kəmərlərinin tikintisi nəzərdə tutulur.
Regional İnkişaf Proqramında nəzərdə tutulmuş tədbirlər sırasında Beyləqan şəhərinin su təchizatının və kanalizasiya sisteminin əsaslı surətdə yenidən qurulması üzrə bütün hazırlıq işləri görülmüşdür. Rayon ərazisində içməli su mənbəyi aşkar edilmiş, su-kanalizasiya xətlərinin keçəcəyi istiqamətlər müəyyənləşdirilmiş, layihə-smeta sənədləri hazırlanmışdır. Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış sazişə əsasən şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.
Son illər rayonun 24 yaşayış məntəqəsi üzrə 46 min nəfərdən artıq əhalinin içməli su təminatı yaxşılaşdırılmışdır. 12 yaşayış məntəqəsində yeni artezian quyularının qazılması və küçə xətlərinin çəkilməsi üçün lazımi layihə-smeta sənədləri hazırlanmışdır.
Quruculuq-abadlıq işlərindən söz açan rayon rəhbəri dedi ki, son illərdə həyata keçirilən çoxsaylı layihələr, aparılan genişmiqyaslı yenidənqurma, tikinti-abadlıq işləri Beyləqanın mənzərəsini xeyli dəyişmişdir. Beyləqan şəhərinin ən müasir üslubda şimal-şərq giriş kompleksi tikilmişdir. Yol boyu qiymətli bəzək kolları əkilmiş və ikitərəfli yaraşıqlı, işıqlandırılmış səkilərlə məhdudlaşan magistral yolun çəkilişi başa çatdırılmışdır.
Heydər Əliyev prospektində və mərkəzi dairədə yeni müasir işıqlandırma qurğuları və işıqforlar quraşdırılmışdır. M.Ə.Rəsulzadə küçəsindəki barılar gülbağ üzlük daşları ilə yenidən qurulmuş, “Bayraq Meydanı”nda və bir sıra ünvanlarda abadlıq işləri aparılmışdır. Birinci Şahsevən, İkinci Şahsevən, Birinci Aşıqlı, Əlinəzərli, Əmirzeyidli, Xalac-Araz, Aran-Mayak, Dünyamalılar avtomobil yollarında cari təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilir.
Regional İnkişaf Proqramına uyğun olaraq yeni açılmış istehsal, emal, ticarət və sair xidmət müəssisələri hesabına ötən il ərzində rayon üzrə 934 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. Onlardan 864-ü daimidir. Cari ildə istifadəyə veriləcək obyektlər hesabına onlarca vətəndaşın məşğulluq problemi həllini tapacaqdır.
Başçının dediklərinə əlavə olaraq bildirək ki, rayonun sosial-iqtisadi və mədəni həyatında əldə olunan uğurlu nəticələr, aparılan yenidənqurma, abadlıq işləri, yaşayıb-yaratmaq üçün yaradılan münbit şərait demoqrafik göstəricilərdə də əksini tapmışdır. Son 1 ildə rayon əhalisinin sayı 1500 nəfər artaraq 91,1 minə, təbii artım 1388 nəfərə çatmışdır. Bu dövrdə rayona gələnlərin sayı 341 nəfər olmuşdur.
Ötən il 12932 nəfər istehsalçıya becərilən 49473,69 hektar sahə üçün 1 milyon 978 min 949,6 manat subsidiya verilmişdir. Cari ildə 5958 nəfər buğda və çəltik istehsalçısına əkilmiş 17 min 272 hektar sahə üçün 690 min 887 manat, toxumçuluq üçün 189 min manatdan çox subsidiya ayrılmış, onlara 50 faiz güzəştlə mineral gübrə satılmışdır. Yüksək reproduksiyalı toxum istehsalı və satışına görə 30-40 faiz əlavə maliyyə yardımı edilmişdir. Bütün bunların nəticəsidir ki, bu ilin məhsulu üçün 18,9 min hektarda dənli bitkilər, o cümlədən 17,6 min hektarda buğda əkilmişdir.
Ötən il 59194 ton (2778 ton çox) taxıl, o cümlədən 56101 ton (1889 ton çox ) buğda, 3093 ton (889 ton çox) arpa, 2588 ton (982 ton az) pambıq, 3187 ton (139 ton çox) kartof, 17452 ton (331 ton çox) tərəvəz, 5209 ton (390 ton çox) tərəvəz məhsulları, 5209 ton (390 ton çox) meyvə, 965 ton (75 ton çox) üzüm, 2621 tondan çox şəkər çuğunduru istehsal edilmişdir. Şəfəq qəsəbəsində gün ərzində qəbul gücü 10 ton olan süd qəbulu və emalı zavodu fəaliyyət göstərir. Heyvandarlığın yem bazasının gücləndirilməsi məqsədi ilə 28732 hektar sahədə çoxillik yonca bitkisi, 2332 hektar təzə yonca bitkisi əkilmişdir.
İri malın sayı keçən il 797 baş artaraq 56,5 minə, qoyun-keçilərin sayı 4092 baş artaraq 297,3 minə, quşların sayı isə 56 min baş artaraq 498,1 minə çatmışdır. Əvvəlki ildəkindən çox olmaqla 7171 ton (281 ton çox) ət, 37,7 min ton (1390 ton çox) süd, 537 ton (27 ton çox) yun, 15744 min ədəd (5,6 min ədəd çox) yumurta istehsal edilmişdir.
Öyrəndik ki, ötən il dövlət proqramı çərçivəsində birtipli layihə əsasında rayonun Əmirzeyidli kəndində 180, Aşağı Çəmənli kəndində 220 şagird yerlik orta məktəb binaları şagirdlərin istifadəsinə verilmişdir. Hər biri 180 şagird yerlik 3 saylı Dünyamalılar, Sarısu və 6 saylı şəhər məktəblərində isə tikinti işləri davam edir. 2012-ci il ərzində Mil, Milabad, Yeni Mil kənd tam orta və Yuxarı Çəmənli kənd ümumi orta məktəblərində cari təmir işləri aparılmışdır.
Ölkə Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri başa çatdırılmış, binanın ətrafı abadlaşdırılmış və xəstəxana müasir inventar və avadanlıqlarla təmin olunmuşdur.
Beyləqandan xoş əhvalla, görüşdüyümüz insanların verdikləri məlumatların zəngin təəssüratı ilə ayrıldıq. İnanırıq ki, beyləqanlılar yeni uğurların sorağı ilə bu il daha böyük yeniliklər yaradacaqlar.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.