Novruz bayramı artıq ümumbəşəri bayrama çevrilmişdir

 

 

Novruz bayramı artıq ümumbəşəri bayrama çevrilmişdir. AzərTAc xəbər verir ki, bu sözləri Novruz bayramı ilə əlaqədar UNESCO-nun mənzil qərargahında keçirilmiş tədbirdə qurumun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Françesko Bandani demişdir.

 

Tədbir Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyi  Əfqanıstan, İran, Türkiyə, Hindistan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Pakistan nümayəndəlikləri ilə  birgə təşkil edilmişdi. 

Qonaqları UNESCO-nun baş direktoru İrina Bokovanın adından salamlayan F.Bandani insanlar arasında ünsiyyət yaratmağa xidmət edən Novruzun beynəlxalq bayram olaraq bir sıra ölkələri birləşdirdiyini, 2009-cu ildə Novruzun UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, 2010-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən “Beynəlxalq Novruz Günü” elan edildiyini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, dünya bayramları arasında Novruzun özünəməxsus yeri vardır. O, digər bayramlardan təbiətin oyanışı və baharın gəlişi, yeni ildə bolluq və firavanlığın əsasının qoyulması ilə fərqlənir. Qısa bir vaxtda Novruz artıq ümumbəşəri bayrama çevrilmişdir. 

Novruz nominasiyasının UNESCO-ya daxil edilməsi üzrə əlaqələndiricisi İran İslam Respublikasının qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Məhəmməd Reza Məcidi tədbirdə təmsil olunan 11 ölkənin adından çıxış edərək Novruzun tarixi köklərindən, əsas mahiyyətindən bəhs etmiş, onun sülh və barışığa yönəldiyini, qarşılıqlı anlaşmanı təşviq etdiyini vurğulamışdır.

Tədbirdə bayram şənliyinə toplaşan ölkələrin incəsənət ustaları çıxış etmişlər. Azərbaycanı təmsil edən muğam üçlüyünün - gənc xanəndə Rövşən Məmmədovun, Elçin Hacıyevin (tar) və Oqtay Şərifovun (kamança) çıxışları böyük maraqla qarşılanmışdır.

Bayram şənliyində hər bir ölkə öz mətbəxini nümayiş etdirmişdir. Azərbaycan mətbəxinin zənginliyi, xüsusilə təqdim olunan Şah plovu, şəkərbura və paxlava hamıda xüsusi maraq doğurmuşdur. 

Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, UNESCO-nun rəsmiləri, qurum yanında akkreditə olunan diplomatik korpusun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Azərbaycan guşəsində nümayiş etdirilən  “Mehriban Əliyevanın muğam layihəsi” kitabı,  “Baku” və “İrs” jurnalları, ölkəmizin turizm imkanlarından bəhs edən broşürlər maraqla qarşılanmışdır.

Tədbir zamanı ümummilli liderimiz Heydər Əliyevin Novruz bayramı şənliklərində iştirakından, xalqımızın milli dəyərlərini özündə əks etdirən bayramın ölkəmizdə keçirilməsi ilə bağlı videoçarx da nümayiş etdirilmişdir.

Tədbirin sonunda Qazaxıstanın UNESCO yanındakı daimi nümayəndəsi səfir Oljas Süleymenov bayramla bağlı AzərTAc-a müsahibəsində demişdir: “Mən çox sevdiyim Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Qəlbən bağlı olduğum ölkəyə sakitlik, əmin-amanlıq və çiçəklənmə arzulayıram. Bu gün UNESCO-da bir çox müsəlman ölkəsi, o cümlədən Azərbaycan Novruz bayramını qarşılayır. Novruz bayramı xalqlarımızın keçmiş adət-ənənəsindən xəbər verir. UNESCO kimi nüfuzlu təşkilatın  bu bayramın beynəlxalq səviyyədə keçirilməsi ilə bağlı qərar qəbul etməsi bizi sevindirir. Bu bizim milli dəyərlərimizə, adət-ənənələrimizə verilən çox böyük qiymətdir”.

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında