Naxçıvanda Novruz şənlikləri

 

 

Novruz hər il Naxçıvan Muxtar Respublikasında da geniş qeyd edilir. Artıq 5 ildir ki, bayramda xalq yaradıcılığı günləri keçirilir, rəngarəng tədbirlər təşkil olunur. Martın 20-də Naxçıvan şəhərindəki “Əcəmi seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə şənlik keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə Novruz şənliyində iştirak etmişdir.  Milli geyimli oğlan və qız Ali Məclisin sədrinə səməni təqdim etmişlər.

Naxçıvan Musiqi Kollecinin xalq çalğı alətləri və nağaraçalanlar ansambllarının ifasında kompozisiya təqdim edilmişdir. El ağsaqqalı Dədə Qorqud xeyir-dua verərək Novruz  bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulamış, xalq qəhrəmanları Babək və Koroğlu xalqımızın vətənpərvərlik və qəhrəmanlığından söz açmışlar.

 Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı və Naxçıvan Musiqi Kollecinin tələbələri “İgidlər” və “Yallı” rəqsini ifa etmişdir. Uşaqların təqdimatında Novruz bayramına həsr olunmuş şeirlər səsləndirilmiş, qanunçalan qızlar şən musiqi nömrələri ilə çıxış etmişlər. Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvləri saz havaları üstündə təbriklərini çatdırmışlar.

Şahbuz və Babək rayonlarından gələn tulumçalanların ifasında qədim xalq musiqi nömrələrini tamaşaçılar alqışlarla qarşılamış, tədbir iştirakçıları Naxçıvan Dövlət Tarix Muzeyinin eksponatlarına maraqla baxmışlar.

Naxçıvan Qızlar Liseyinin şagirdləri “Bayram axşamı - axır çərşənbə” kompozisiyasını təqdim etmişlər. Bayram tədbirinə toplaşanlar Naxçıvan Dövlət Uşaq Teatrının gənc aktyorlarının ifasında Azərbaycan xalq nağıllarının motivləri əsasında hazırlanmış səhnəciklərə tamaşa etmişlər.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təqdim etdiyi guşədə müxtəlif əl işləri və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunurdu. Tədbir iştirakçıları mərkəzin dərnək üzvlərinin hazırladıqları maketlərə maraqla baxmışlar. Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və Estetik Tərbiyə Mərkəzinin üzvləri Azərbaycan milli rəqslərini məharətlə ifa etmişlər.

Ali Məclisin sədri uşaqlarla şəkil çəkdirmişdir.

 Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutu tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Xarici tələbələrin ifasında folklor nümunələri və rəqs nömrələri xoş təəssürat yaratmış, gənclər xalqımızın incəsənətində mühüm yer tutan ebru sənətinin incəliklərini əyani nümayiş etdirmişlər.

Möminə Xatın məqbərəsinin qarşısındakı meydanda Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı “Novruzu” rəqsini tamaşaçılara təqdim etmişdir.

Vasif Talıbov bayram münasibətilə tədbir iştirakçılarını, bütün muxtar respublika əhalisini təbrik etmişdir. Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq öz yaradıcı işi və zəhməti ilə quruculuq tədbirlərinə töhfəsini vermiş bütün insanlara təşəkkürünü bildirən Ali Məclisin sədri demişdir: “Muxtar respublikada əldə olunmuş nailiyyətlər Novruz bayramı ilə başlanan yeni ilə nikbinliklə baxmaq imkanı yaradır. Biz hamımız əminik ki, 2013-cü ildə - “Heydər Əliyev ili”ndə muxtar respublikamızın inkişafında daha böyük nəticələr əldə olunacaq, Azərbaycanın bu qədim diyarı inkişaf edərək müstəqil ölkənmizin tərəqqisinə də öz töhfəsini verəcəkdir”.

Sonra Ali Məclisin Sədri Novruzun simvolu olan bayram tonqalını yandırmışdır.

“Əcəmi seyrəngahı”nın bir hissəsində ictimai-iaşə xidməti və yerli müəssisələrin istehsal etdikləri məhsulların satışı təşkil edilmişdi. Bayram tədbirinə müxtəlif ərzaq məhsulları çıxarılmışdı. “Milli mətbəximiz” adlı guşədə milli yemək və şərbət növləri təklif edilirdi.

Ali Məclisin Sədri Novruz tortunu kəsmişdir.

“Cahan Holdinq” Şirkətlər İttifaqının “Banu” Məişət Evi milli geyim nümunələrimizi nümayiş etdirmiş, burada qədim Şərqin bazar ənənələrini əks etdirən “Baqqal dükanı” təşkil olunmuşdur.

Milli geyimli oğlanlar tədbir iştirakçılarına şirniyyat və şərbət paylamış, Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyü maraqlı ifaları ilə xoş ovqat yaratmışdır.

Ali Məclisin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin rəsm əsərlərinə baxmışdır.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə xalq gəzintisi təşkil olunmuş, bayram şənlikləri keçirilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında