Baharın hərarəti xəfif yellə obalara yayıldıqca, torpağı isitdikcə təbiət oyanır. Bu oyanışdan qəlblərimizə də bir hərarət, xoş əhval-ruhiyyə, bayram və həmrəylik sevinci hopur. Tarixi əski dövrlərə gedib çıxan Novruz bayramı əsrlərdir, türk ellərinin müxtəlif bölgələrində böyük sevinclə qeyd edilmiş, onun adət-ənənələri dövrümüzə qədər qorunulub yaşadılmışdır.
Bununla da Novruz təkcə Azərbaycanda deyil, Şərqi Türküstandan (uyğurlar) tutmuş Anadoluya kimi böyük bir coğrafiyanı əhatə edən xalqların ortaq bayramı olmaqla, sanki onlar arasında həm də bir mənəvi körpü, həmrəylik və dostluq əlaqələri bəxş etmişdir.
2009-cu ildə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs reprezentativ siyahısına daxil edilməsi bu bayrama verilən dəyərin sübutu idi. 2010-cu ildə BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında Azərbaycan, Türkiyə, Əfqanıstan və Orta Asiya ölkələrinin təşəbbüsü ilə Novruz bayramının beynəlxalq səviyyəli bayram statusu qazanması barədə qətnamə qəbul edildi. Bununla da martın 21-i “Beynəlxalq Novruz Günü” təsis edildi. Bu qərarı əslində dünyanın bir çox ölkələrində, xüsusilə də türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfə kimi qiymətləndirmək olar.
Müasir dövrdə Novruz bayramı bir sıra ölkələrdə rəsmi dövlət bayramı kimi qəbul edilir, həmin günlər qeyri-iş günü hesab olunur və insanlar bayramı öz ailələri və doğmalarıyla süfrə başında qeyd edirlər. Bu ölkələr sırasına Azərbaycan başda olmaqla, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Albaniya, Əfqanıstan, Qırğızıstan, Makedoniya, Hindistan, Tacikistan daxildir.
Novruz yenilik, təravət, oyanış və təbiət bayramıdır. Onun hər bir adət-ənənəsinin və simvollarının hər birinin maraqlı və düşündürücü rəmzi mənaları var. Ölkəmiz də daxil olmaqla, türk xalqları Novruzu böyük təntənə və sevinclə bayram edir. Bəs görəsən, türk xalqlarının hər biri gecə və gündüzün bərabərləşdiyi Novruz bayramını necə qeyd edir?
Orta Asiya xalqları Novruzu özünəməxsus şəkildə bayram edir, milli təamlar bişirməklə yanaşı, milli oyun və nəğmələrlə camaatı şənləndirirlər. Qazaxlar bayrama qədər digər xalqlarda olduğu kimi evlərdə təmizlik işinə başlayırlar. Onlar ev divarlarına və müxtəlif əşyalar üzərinə gil qablar ataraq sındırırlar. İnsanlar tonqaldan atlanır, köhnə ilin pisliklərindən xilas olacaqlarına inanırlar. Novruzda bişirilən yemək “Novruz-köcö” adlanır. Novruz şorbası və ya lapa adlanan yemək isə qazaxlarda qonşular arasında paylanır. İnsanlar “Naurız meyramı kuttı bolsın!” deyərək bayramlaşırlar. İfaçılar milli və qədim alət olan qopuz və dombrada çalır, nəğmələr ifa edirlər.
Qırğızıstanda isə ilin ilk günü “Nooruz” adlanır və “Nooruz köcö” adlı xüsusi yemək bişirilir. “Auz köcö” adlı qovud həmin gün qırğızların önəm verdiyi yeməklərindən hesab edilir.
Özbəkistanda da Novruz xüsusi mərasimlərlə, musiqi sədaları altında qeyd edilir.
Bir həftə davam edən törənlərdə insanlar bayramın birinci günü bir-birinin evlərinə qonaq gedər, bayramlaşarlar. Özbəklərin bayram süfrəsinin ən şah yeməyi isə plov hesab edilir. Özbəklər buğdanı Novruzun simvolu hesab edərək 15 gün ərzində onu cücərdir, daha sonra “sümələk” (“səməni”) adlı yemək bişirirlər.Digər ikinci yemək isə ət, noxud və tərəvəzdən hazırlanan “xalisa” (xalim) adlı yeməkdir. Hər iki yeməyin hazırlanması böyük zəhmət tələb etdiyinə görə qadınlar onu kollektiv hazırlayırlar.
Bayram günləri ənənəvi idman yarışları – at yarışı, güləş, xoruz döyüşləri insanların bayram əhvalını daha da yüksəldir.
Tatarlar da Novruzu böyük coşğuyla bayram edirlər. Novruz əhval-ruhiyyəsi baharın ilk güllərinin cücərtiləriylə başlayır. Əsasən uşaqlar tülpan və novruzgülündən dəstə bağlayıb evə aparır, yazın gəlişiylə bağlı mahnı oxuyurlar. Ev sahibləri onları dəvət edir, qohum və qonaqlarını müxtəlif ləziz təam və şirniyyətlara qonaq edərək arzularını bildirirlər. Tatarlar Novruz ərəfəsində “Çorşanbasuri” və “Çorşanbeoxiron” günlərini xüsusi qeyd edirlər. Bu günlər azərbaycanlıların qeyd etdikləri “çərşənbə” günləri ilə uyğun gəlir. Hazırda Kazan və Ufa tatarları Novruzla bağlı müxtəlif şənliklər, müsabiqələr, xalq gəzintiləri təşkil edirlər. Qızlar arasında müsabiqə keçirərək “Novruzbikə”, “Novruz güzele” (“Novruz gözəli”) seçirlər. Bunun üçün isə tatar gözəlləri öz bacarıq və zəkasını nümayiş etdirməli, milli mahnılar, rəqslər ifa etməlidirlər. Tatarların qonşusu başqırdlar da bu bahar bayramını xüsusi qeyd edirlər. Süfrəni milli şirniyyat və yeməklər, xüsusilə də beşbarmaq bəzəyir.
Əslən qıpçaq qoluna aid noqaylar ilin başlanğıcını “navruz”, mart ayını isə “navruz ae” adlandırırlar. Bayramda noqaylar “tüqərək”, “ozın” “koşemeke” kimi rəqslər ifa edir, Novruzla bağlı “ navruz yuray keldik biz”, “ İşçilerdin eşiqine”, Batır bersin beşigine”, “Azan, azan”, “Navruz kunqi mübarek!” məzmunlu mahnılar oxuyurlar.
Türk xalqlarının oğuz qrupuna aid olan türkmənlər bayram süfrəsinə qoymaq üçün Türkmən çörəyi, türkmən plovu, fətir və digər milli yeməklər bişirirlər. Türkmənlərin inancına görə, süfrə nə qədər zəngin olarsa, həmin il o qədər bərəkətli olar. Türkmənlər həmçinin bayramdan bir gün öncə buğda, un, su və şəkərdən ibarət xüsusi yemək olan səməni hazırlayır, bayram günü süfrəyə təqdim edilir. Türkmənlərin Novruzu digər türk xalqlarında olduğu kimi bir-birindən maraqlı oyunlar- “yüzüktapdı”, “keçe-keçe”, “çeke-çeke”, “dengene”, “moncukatdı” və s. əlavə rəng qatır.
Regionun türk ailəsinə mənsub olmayan bir sıra qonşu xalqları da Novruzu bayram edirlər.
Tacikistanda Novruz bayramında ev sahibi və ya eləcə də onun böyük oğulları kabab çəkir, düyüdən ləzzətli plov hazırlayırlar.
Əfqanıstanda Yeni ilin ilk günü bayram bayrağı qaldırılır. Əgər bayraq asan qalxarsa, həmin ilin uğurlu olacağına inanırlar. Bayraq 9 gün ərzində göydə dalğalanır. Əfqanıstanda bayram həmçinin “Ruz-e Dexkan” ( Kəndli günü) kimi qeyd edilir.
İranda isə bayram şənlikləri 13 gün davam edir, ilk beş gün ərzində insanlar qohum və doğmalarını ziyarət edirlər. On üçüncü günü əhali bayramı qohumlarıyla birgə təbiət qoynunda keçirir.
Tarixi mənbələr Şərqi Türküstanda yaşayan uyğurların Novruzu miladi 9 əsrdən bu yana şənliklər şəklində qeyd etdiyini göstərir. İslamdan öncə Göy Tanrıya inanan uyğurlar göydəki ulduzların hərəsinə bir ad vermiş, “Akkuza” adlanan ulduzun insanlara xoşbəxtlik gətirəcəyinə inanırdılar. Akkuza ayının başlanğıc günü-yəni miladi təqvimlə martın 21-i Yeni Gün bayramı kimi qeyd edilir.
Tarixi araşdırmalara görə uyğurların yaşadığı bölgədə Urumçi ətrafında Qızıl dağda bozqurd heykəli varmış. Bu heykəl qaldırılmadan qabaq martın 20, 21 və 22-si axşamı heykəl önündə od qalayardılar. İnsanlar sağ əlində şam yandırar, sol əlində isə bozqurda bənzər işarələr edərmişlər. Bu heykəl önündə Yeni ilin bayram edilməsi qədim türklərin Ərgənəkon dastanının məzmunu ilə sıx bağlıdır. Belə ki, uzun müddət dağlar arasında yaşayan əski türklər zaman keçdikcə törəmiş, həmin yerlər onlar üçün azlıq etmişdir. Lakin hər tərəfi dağlıq olan bu ərazidən çıxmaq üçün onlar xeyli çalışmış, dəmir döyərək tədricən maneələri əridərək xilas olmuşlar. Beləliklə də bozqurdun onlara istiqamət verərək yardım etməsi türklərin həyatında mühüm rol oynamışdır. Görünür, əski dastanda və inanclarda Bozqurdun xilaskar kimi göstərilməsi və bozqurd kultu zaman keçdikcə uyğurların və digər türk xalqlarının bayram, şənliklərində və təsəvvürlərində öz izini qoyub. Uyğurlarda martın üçüncü həftəsində dünyaya gələn oğlan uşaqlarının hamısına Novruz adı qoymuşlar. Bu ad sahibləri söz düşəndə “ Adım Novruzdur, əski urumçiliyəm.”-deyə öyünürmüşlər.
Türk dünyasının böyük şəxsiyyəti və alimi Mahmud Kaşğarlı “Divanu Lüğatı Türk” əsərində Novruz bayramı haqqında yazır: “Yeni gündən sonrakı ilk bahar ayına oğlaq ayı deyirlər, ondan sonrakı aya ulu oğlaq ayı deyilir, çünki bu ayda onlar böyüyürlər. İnsanlar və bütün canlılar Novruzla canlanır. Novruz aləminin xoşbəxtliyinin əsası bərəkət və sevinc qaynağıdır. Ona görə də insanlar bir-birlərinə könüllərini açaraq, sevinclərini ortaya qoyurlar”. Uyğur alimi Nizaməddin Hüseynin araşdırmalarına görə uyğurlar Novruzu əsasən 9 ənənə əsasında qeyd edirlər. Hər yerdə novruz davulu çalınaraq bayramın başlanması elan edilir. Hamı kənddə şənlik üçün imkanı daxilində un, yağ, şəkər və yeməklər gətirir. Hər bir məhəllədə toplanan ərzaqdan “köce” adlı yemək hazırlanır. Adətə görə köce yeyildikdən sonra insanlar ayin icra edir, əl verib bir-birlərini təbrik edirlər. Uyğurlar arasında bayramda at gəzintisi, şəhər gəzintiləri, dağ gəzintisi, musiqili məclislər də mühüm yer tutur.
Göründüyü kimi, sevinc, bərəkət, oyanış və dostluq rəmzi olan Novruz əsrlər keçməsinə baxmayaraq, öz əhəmiyyətini, aktuallığını qoruyub saxlayır. Çünki Novruz ənənələri və məramı əsrlərin sınağından keçərək özünü doğrultmuşdur. Qloballaşan dünyada Novruzun barış, sevinc və insanlığa xidmət edə bilən ən ali dəyərləri digər xalqların da diqqətini cəlb edir, bu bayrama xüsusi rəğbət bəsləyirlər.
Novruz nə qədər fərqli şəkildə qeyd edilsə də, kainatda gecə-gündüzün bərabərləşdiyi bu bayram Yeni ilin başlanğıcı kimi bəşəriyyətin ortaq bayramına çevrilməkdədir. Qoy Bu Novruz ellərimizə bərəkət, simalara sevinc, evlərə toy-büsat bəxş etsin!
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.