Bu günlər Lənkəranın küçə və meydanları elə bayramsayağı bəzədilib ki, şəhər əsl festival mərkəzinə bənzəyir. Günəş zərrin şəfəqləri ilə hər yanı öz aydınlığına bələyir, havanı isindirir. Göyqurşağının yeddi rənginin yetmiş yeddi çaları sanki bəhsə durub adamların çöhrələrini güldürür. Novruz ovqatı bütün şəhərə, kənd və qəsəbələrə hakim kəsilib.
Bir neçə gün öncə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabenin Lənkərana səfəri zamanı “Ot kökləri və insan təhlükəsizliyi Qrant yardımı Proqramı” çərçivəsində Zövlə kəndində tibb məntəqəsinin tikinti layihəsi üzrə müqavilənin imzalanması baharın ilk xoş məram müjdəsidir. Yenicə başa çatan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının ilahi səslərinin könüllərə çilədiyi ecazkar duyğular yaddaşlara naxış çəkib. Kütləvi iməciliklərin iz qoyduğu zəhmət sevincləri, 1500-dək imkansız ailənin hamısına şəhər rəhbərliyi tərəfindən paylanan sanballı bayram sovqatları, ənənəvi Novruz satış-yarmarkasının təşkili Lənkəranın qaynar həyat göstəriciləridir. Şirin dilli, xoş ləhcəli şəhər sakinlərinin rastlaşdıqları hər kəsi xeyir-dua ilə dindirməsi də ürəklərdə həzin bahar mehləri əsdirir...
Torpaq çərşənbəsinə bir gün qalmış Lənkəran dəmiryol vağzalının qarşısındakı meydanda ruzi-bərəkət rəmzi sayılan Novruza həsr olunmuş el şənlikləri sakinlərə bol-bol sevinc bəxş elədi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və qonaqlar da şənliklərə qatılmışdılar. Öncə ulu Dədə Qorqud əsrləri adlayıb gələn saz havalarının müşayiətilə Novruzu elliklə bayram edənləri salamlayıb ən gözəl arzularını çatdırdı.
Sonra söz Taleh Qaraşova verildi. Rayon rəhbəri bütün lənkəranlıların bayramını təbrik etdi, hamıya səadət, firavanlıq dilədi. O bildirdi ki, bu il xalqımız Novruzu bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır. Bunu ölkəmizin hər yerində olduğu kimi, hazırda Novruz sevinclərini yaşayan, füsunkar təbiəti baharın al-əlvan naxışları ilə bəzənən Lənkəranın da timsalında görmək fərəh doğurur. İndi rayonda yeni ab-hava duyulur, xoş əhval-ruhiyyə hökm sürür. Lənkəran şəhərində, kənd və qəsəbələrdə geniş abadlıq və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir və gözəlləşir. Natiq, Prezident İlham Əliyevin Lənkərana ötənilki səfərinin unudulmaz tarixi hadisəyə çevrildiyini xüsusi vurğuladı. Rayonda işgüzar və yaradıcı ruhun bərqərar olmasından, yeni infrastruktur layihələrin icrasına başlanmasından ətraflı bəhs etdi. 2013-cü ilin də Azərbaycan üçün parlaq nailiyyətlərlə zəngin olacağına əminliyini bildirdi:
-Qoy, bu bahar bütün ailələrə xoşbəxtlik gətirsin! Yazın qədəmləri xalqımıza düşərli olsun, ellərə-evlərə xeyir-bərəkət, ailələrə əmin-amanlıq, nur nəsib etsin!
Bayram tonqalı yandırıldı. Qara zurnanın müşayiəti ilə gözəl-göyçək Bahar qız, Kosa və Keçəl bəzəkli faytonda meydana daxil oldular. Şən melodiyalar, oynaq rəqslər, çal-çağır sədaları ovqatları bir daha təzələdi.
Şənlik iştirakçıları Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi, eləcə də milli-mədəni irsimizlə bağlı örnəklərlə tanış oldular.
Rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın əzəli-əbədi adət və ənənələrini nümayiş etdirdilər. Qara zurnada “Cəngi” səsləndirildi, idmançılar milli güləş və ağırlıqqaldırma bəhsində, kəndirdartma yarışında güclərini sınadılar. Pəhləvan Əlinin nümayiş etdirdiyi maraqlı nömrələr tamaşaçı alqışlarına səbəb oldu.
Tonqalın ətrafında şənlik iştirakçıları kütləvi rəqslərə qoşuldular. Separadi kəndinin “Nənələr”, Boladinin “Kinəlim”, Girdəninin “Vənəvşə” folklor ansambllarının, populyar müğənnilərin ifasında el nəğmələri, Novruz bayramına aid mahnılar ifa edildi. Vilvan Sənətkarlıq klubunun rəqs, C.Cabbarlı adına uşaq musiqi məktəbinin folklor qruplarının üzvləri məharətlərini göstərdilər.
Kosa və Keçəl öz dəstəsi ilə məzhəkələr çıxartdılar, tamaşaçıları doyunca oynadıb-güldürdülər. İdmançılar və meydan qəhrəmanları bayram tonqalının üstündən atıldılar...
Lənkəran Dövlət Universitetində də yaddaqalan bayram tədbirləri keçirildi. Rektor, əməkdar elm xadimi Asəf İskəndərov müəllim və tələbələri təbrik etdi. Onlara elm və təhsildə uğurlar arzuladı. Tədris korpusunda gözəl şənlik təşkil olundu. İştirakçılar Lənkəran uşaq evinə də gedib, orada tərbiyə alan balaca soydaşlarımıza bayram sovqatları payladılar. Uşaqlar da çevrələrinin boş olmadığını görüb sevindilər.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.