Astarada bayram sevincləri

 

 

Bu il Azərbaycanın"cənub qapısı" Astaraya yaz bir qədər də tez gəlib. Əslində  burada qışın son həftələri də elə yazxasiyyətli idi. Havanın şaxı çoxdan sınmışdı. Günəşin zərrin şəfəqləri çölü-düzü güldürürdü. Camaat bir də onu gördü ki, söyüdlərin yaşıl “yaylım atəşləri”, alça ağaclarının ağ çiçəkləri baharın işıqlı şəkillərini çəkir.

Yamaclar, düzənlər də zümrüd örtüyə bürünməkdədir. Od çərşənbəsindən bir neçə gün sonra ucqar Şüvi, Sərək və Vəznəş kəndlərində yaşayan 4 minə qədər əhalinin təbii qazla təmin olunması və 600-dən çox evə ilk dəfə “mavi hərarət”in gəlməsi, rayonda hamının həvəslə qoşulduğu iməciliklər Astarada yazın özəl əlamətləri kimi dəyərləndirilir. Beləcə, bahar yeyin qədəmlərlə öz taxt-tacına yaxınlaşır.

Martın 16-da Astarada Novruz şənlikləri könülləri riqqətə gətirmişdi, çöhrələrdə güllər açmışdı. Düz bir il öncə, günəşli bir mart günündə Azərbaycan Prezidenti İlham Əliyevin Astaraya növbəti səfəri, bir sıra açılış mərasimlərində iştirakı, sakinlərlə görüşü unudulmaz təsir bağışlamışdı. Astaralılar  həmin anları iftixarla xatırlayırlar. Ötən bir ildə dövlət qayğısı sayəsində rayon daha da abad, gözəl bir diyara çevrilib. Həqiqətən də astaralıların öyünməyə, bayram keçirməyə, lazımınca istirahət edib şənlənməyə  hər cür haqları var. 

Bayram iştirakçıları əvvəlcə şəhərin Nizami küçəsində təşkil olunmuş bahar satış-yarmarkasında lazımi bazarlıqlarını elədilər. Burada 20 şirkətdən, yerli sahibkarlıq obyektlərindən gətirilmiş çeşidli məhsullar - ət, yağ, balıq, düyü,meyvə-tərəvəz, sitrus bitkiləri, xurma, kişmiş, şirniyyat məmulatı və bal ucuz qiymətə alıcılara təklif olunurdu. Rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə düzənlənən satış-yarmarkadan hər kəs istədiyi kənd təsərrüfatı və ərzaq malını almaq imkanı qazandı. Minlərlə adam bu imkandan yetərincə bəhrələndi.

Şəhər sakini Məhəmməd İbrahimov:

-Yarmarkanın təşkilini alqışlayıram. Görürsünüz, xeyli ərzaq almışam. Qiymətlər əlverişlidir. Bayram süfrəmizdə hər şey olacaq. Buna görə çox razıyam.   

Ayxanım İbrahimova:

-Siyatük kəndindən gəlmişəm. Hamının bayramı mübarək! Yarmarkanı təşkil edənlərə isə min alqış! Burada xeyli ucuzluqdur. Adamlara əsl qayğı göstərilir.

Regina Babayeva:

-Mən Şüvidənəm. O gün kəndimizə qaz çəkilişi oldu. Xeyli sevindik. Heç sovet dövründə də biz mavi yanacaq görməmişdik. Bu günsə artıq buna sevinir və Novruz bayramını lap ürəkdən qeyd edirik.

Maşxan kənd sakini Adil Əliyev, sərəkli İsabala Həziyev və başqaları da razılıqlarını bildirdilər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayonun rəhbər heyəti də satış-yarmarkaya gələrək alış-verişin vəziyyəti, malların qiyməti və keyfiyyəti ilə maraqlandılar. Alıcılar yaradılan şəraitə görə minnətdarlıqlarını çatdırdılar.

Bir qədər sonra bayram şənliyi başlandı. Rayon mədəniyyət evinin “Sevinc” xalq çalğı alətləri ansamblı, müğənnilər, folklor kollektivləri bayram ovqatına əlvan rənglər qatdılar. Şən musiqi sədaları dalğa-dalğa ətrafa yayılırdı. Parkın bəzəkli guşələri - fəvvarələr, təbrik şüarları, Novruz rəmzi olan səmənilər, başlıcası isə adamların xoş ovqatı göz-könül sevindirirdi. “Astara” mahnısı ilə başlanan konsert xeyli çəkdi. 0naltıqat Azərbaycan çempionu, tanınmış atlet Fikrət Qafarov Novruz tonqalını alovlandırdı. Bahar qızın özü kimi gözəl xanımların əhatəsində meydana gəlişi alqışlara səbəb oldu. Xonçalı- məşəlli qızlar və oğlanlar dövrə vurub oynadılar. Kosa və Keçəl toplaşanlara gülüş dolu anlar yaşatdılar. Gənc pəhləvanların, boksçuların nümunəvi çıxışları dönə-dönə alqışlandı.

Ayrı-ayrı kəndləri təmsil edən bacarıqlı qadınlar, kulinarlar, xalq yaradıcılığı ustaları, sənətkarlar, Kakaloc kəndinin “Nəcib qızlar”ı  qabiliyyətlərini nümayiş etdirdilər. Nehrə, sac, kirkirə, cəhrə, hana, təndir, beşik və sair kimi məişət əşyaları xalqımızın qədim tarixindən, Novruz adətlərinin ululuğundan soraq verirdi.

Aşıqlar ansamblının çıxışları, zurna-balabanın ərşə bülənd olan səsi-sədası, “Tərəqqi” medallı Fərbiyyə Şabanovanın rəhbərlik etdiyi “Əvəsor” folklor xalq kollektivi üzvlərinin rəqsləri əsrarəngiz bir aura yaradırdı. Plov dəmləyənlər, ləvəngi bişirənlər, yumurta boyayanlar süfrələrini qonaqlara səxavətlə açdılar. Gənc rəssamların əsərlərinin sərgisi, həsirtoxuma nümayişi, kəndirdartma yarışı, şir biləkli pəhləvan Mahir Rəhimovun göstərdiyi qeyri-adi nömrələr maraqla izləndi.

Şənlik zamanı icra  başçısı Q.Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar sakinlərlə görüşüb, hal-əhval tutdular, hər kəsin bayramını təbrik etdilər, iştirakçılara xoş arzularını bildirdilər. Sakinlərsə ürək sözlərini söyləyərək bu gözəl günlər və xoş güzəran üçün Azərbaycan Prezidenti İlham Əliyevə hədsiz minnətdarlıqlarını ifadə etdilər.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin

bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında