Mobil cihazların qeydiyyat sistemi fəaliyyətə başlayır

 

 

Mobil cihazların qeydiyyat sistemi (MCQS) tərəfindən 1 may 2013-cü il tarixindən mobil cihazların qeydiyyat işlərinə başlanılacaq. Bununla əlaqədar  kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində sistemin təqdimatı keçirilmişdir.

 Sistem nazirliyin Məlumat Hesablama Mərkəzində  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə  təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılmışdır.

 Mobil cihazların qeydiyyat sisteminin yaradılması “İnformasiya-komminikasiya ili” çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır.

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumatda bildirilir ki, 2013-cü il martın 1-dən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların İMEİ nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur. Məlumatlar tam toplanıldıqdan və onlar üzərində uyğun təhlillər aparıldıqdan və şəbəkə bütünlüklə analiz edildikdən sonra sistem tam gücü ilə 1 may tarixindən fəaliyyətə başlayacaq.

 Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaq.

 Qeydiyyat sistemi istismara verildikdən sonra şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30  gün müddətində qeydiyyata alınmalıdır.

 Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

 Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün əhali “qaynar xətt”dən və ya internet səhifəsindən bu barədə aldığı məlumatlarla yanaşı, eyni zamanda, mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə biləcəklər.

 Mobil cihazlardan *#06# yığmaqla İMEİ nömrəsini müəyyən etmək olar.

 Yaradılacaq xüsusi internet səhifəsindən istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların İMEİ nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcə də əlavə məlumatlar əldə edə biləcəklər.

 Ölkəmizdə yaradılacaq qeydiyyat sistemi Beynəlxalq GSM Assosiasiyası tərəfindən təşkil olunan “vahid qlobal qara səhifə”yə qoşulmaqla, müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların respublikamızda istismarının qarşısını alacaqdır.

 Qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir.

Bununla yanaşı, qeydiyyat sistemi qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.

 sistemin proqram təminatı yerli mütəxəssislər  tərəfindən hazırlanmışdır.

 Hazırda belə sistemdən Türkiyədə, ABŞ-da, Hindistanda istifadə edilir. Ukraynada da bənzər sistemin tətbiqinə cəhdlər edilmiş, lakin müvəffəqiyyətlə sonlandırılmamışdır. Avropa ölkələrində isə oğurluq mobil cihazlar barədə məlumat mübadiləsi vahid qara siyahı üzərindən təşkil olunur.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında