Berlində "Almaniya və Avropa İttifaqının yeni Cənubi Qafqaz siyasəti" adlı analitik sənədin müzakirəsi keçirilmişdir

Avropa Komissiyasının Almaniyadakı nümayəndəliyində "Almaniya və Avropa İttifaqının yeni Cənubi Qafqaz siyasəti" adlı sənədin müzakirəsi keçirilmişdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin və ölkəmizin Almaniyadakı səfirliyinin AzərTAc-a daxil olmuş birgə məlumatında deyilir ki, tədbirdə Xarici Siyasət üzrə Alman Cəmiyyətinin (DGAP) eksperti Ştefan Mayster təmsil etdiyi təşkilat adından hazırladığı analitik sənədi təqdim etmişdir.
Qeyd edək ki, DGAP ölkə miqyasında tanınmış tədqiqat mərkəzi olmaqla yanaşı, Almaniya federativ hökumətinə xarici siyasət məsələlərində məsləhətlər verir.
Tədbirdə məruzəçi qismində DGAP-ın Otto Volf-Tədqiqat İnstitutunun direktoru, professor Eberhardt Zandşnayder, Sosial Demokrat Partiyasının Bundestaqdakı fraksiyasının sədr müavini, Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Qernot Erler, Almaniyanın xarici siyasət idarəsinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada xüsusi tapşırıqlar üzrə səfiri Patrisiya Flor, Almaniya İqtisadiyyatının Şərq Komitəsi təşkilatının icraçı direktoru professor Raynder Lindner iştirak etmişlər.
Sənədi xarakterizə edən və Avropada qəbul olunan, Cənubi Qafqaza münasibətdə ənənəvi mövqeyi əks etdirən oxşar sənədlərdən fərqi ondan ibarətdir ki, burada regiondakı məsələlərə daha obyektiv və praqmatik yanaşılır və Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın önəmi xüsusi vurğulanır, Almaniya, eləcə də Aİ məhz bu ölkə ilə intensiv əməkdaşlığa çağırılır.
Sənəddə Cənubi Qafqazda cərəyan edən proseslər həssaslıqla təhlil edilir. Qeyd olunur ki, son dövrlər Cənubi Qafqazın, eləcə də bütün Xəzər hövzəsi regionunun enerji, təhlükəsizlik və iqtisadi maraqlar baxımından Avropa üçün əhəmiyyəti əsaslı şəkildə artmışdır. Bu region qitənin enerji təhlükəsizliyinin təmin olunmasında xüsusilə mühüm rol oynaya bilər.
Bundan əlavə, sənəddə bildirilir ki, Aİ Bolqarıstan və Rumıniyanı üzvlüyə qəbul etdikdən sonra İttifaqın sərhədləri Cənubi Qafqaza yaxınlaşmış və bu region əvvəlki dövrlərlə müqayisədə daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Regionda müxtəlif etnik münaqişələrin olması, eləcə də Əfqanıstan kimi qeyri-sabit vəziyyətdə olan ölkənin qonşuluğunda yerləşməsi Aİ-nin bu regionu təhlükəsizlik baxımından diqqətlə izləməsini tələb edir.
Sənədə əsasən Cənubi Qafqazdakı vəziyyətin son zamanlar əhəmiyyətli dərəcədə dəyişməsi regiona yeni yanaşmanı şərtləndirmişdir. Təhlildə bu baxımdan Aİ və Almaniyanın da regionla bağlı siyasətinin yaranmış yeni reallıqlara uyğunlaşdırılmasının zəruriliyi qeyd olunur.
Sənəddə Azərbaycanın regiondakı önəmli roluna, Aİ və Almaniyanın ölkəmiz ilə əlaqələrinin gücləndirilməsinin vacibliyinə xüsusi yer ayrılır. Müəllif qeyd edir ki, Azərbaycan Avropanın Xəzər dənizi hövzəsindəki enerji resurslarına çıxışında körpü rolunu oynayır və eləcə də Mərkəzi Asiyaya və Çinə "qapı" funksiyasını yerinə yetirir.
Deyilir ki, son dövrlər regionda ümumi vəziyyətin, o cümlədən güc balansının Azərbaycanın xeyrinə dəyişməsi, həm Aİ, həm də Almaniyanın öz xarici siyasətlərində yeni reallıqları nəzərə almasını zəruri etmişdir.
Azərbaycanın sürətlə inkişaf edərək Cənubi Qafqazın lider dövlətinə çevrildiyini və Aİ-nin regiondakı ən mühüm enerji tərəfdaşı kimi özünü sübut etdiyini bildirən müəllif Aİ və Almaniyanın indiyədək regionda Gürcüstanı əsas tərəfdaş dövlət kimi tanıdıqlarını, yaranmış yeni vəziyyətdə isə bunun səmərəli olmayacağını qeyd edir.
Regionda daha iri iqtisadi potensiala və sabit inkişafa malik olan Azərbaycanla əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayan müəllif, sənəddə ölkəmizin həm coğrafi mövqeyinin, həm də siyasi elitasının iqtisadi inkişaf və siyasi stabilliyə yönəlmiş uğurlu siyasətinin nəzərə alınmasının əhəmiyyətini bildirir.
Sənədə əsasən Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycan uğurlu, balanslı, eləcə də çoxvektorlu xarici siyasət irəli sürür və bu ölkə ilə intensiv əməkdaşlığın qurulması Berlin və Brüssel üçün ikiqat səmərə verəcəkdir.
Cənubi Qafqazdakı "dondurulmuş münaqişə"lərə toxunan sənəddə regionda əsas münaqişənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğu qeyd edilir. Təhlildə Ermənistan tərəfindən Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon da daxil olmaqla 20 faiz Azərbaycan torpaqlarının işğal olunduğu və bu vəziyyətin nəinki regionun, eləcə də Avropanın təhlükəsizlik maraqlarına təhdid yaratdığı bildirilir.
Sənədə əsasən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı beynəlxalq hüquqa, beynəlxalq normalara və prinsiplərə ziddir. Almaniya və Aİ-ni bu münaqişənin tanınmış beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll olunması ilə bağlı səyləri artırmağa çağıran sənəd Aİ və Almaniyanın Ermənistana iqtisadi təsir imkanlarına malik olduğunu və münaqişənin həlli ilə bağlı bu imkanlardan istifadə edilməsinin səmərə gətirəcəyini bildirir.
Bundan əlavə, sənədə əsasən Almaniyanın Rusiya ilə ənənəvi yaxşı olan münasibətlərindən istifadə edərək Rusiyaya qarşı deyil, onunla dialoqda Cənubi Qafqazdakı münaqişələrin həllinə səy göstərməsi nəticə verə bilər. Təhlildə Aİ və Almaniyanın Cənubi Qafqaz regionunun problemlərinin həllində ABŞ-la da birgə çalışmasının vacibliyi ifadə edilmişdir.
Təqdim olunan sənəd tədbirdə iştirak edən dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.
Təqdimatdan sonra geniş müzakirələr aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında