Şəkidə Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş regional konfrans

İyulun 9-da Şəki şəhərində "Azərbaycan milli mətbuatı - 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda regional konfrans keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, şəhər rəhbərliyi, Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndələri, bölgə rayonlarının mətbuat işçiləri, ziyalılar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının konfrans zalında keçirilən tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı bildirmişdir ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan milli mətbuatının 135 yaşı tamam olur. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur.
M.Cabbarlı bildirmişdir ki, müstəqilliyimizin ilk illərində çətin günlərini yaşayan Azərbaycan mətbuatı gerçəkdən öz müstəqilliyinə yalnız 1993-cü ildə nail olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlər, o cümlədən senzura aradan qaldırılmış, KİV-lərin qanunvericilik bazası təkmilləşdirilmiş və müasir dünya standartlarına uyğunlaşdırılmışdır.
Region mətbuatının uğurları barədə danışan M.Cabbarlı bu gün Şəkidə 6 mətbu orqan - "Şəki", "Şəki bələdiyyəsi", "Region Şəki", "Şəki təhsili", "İpəkçi" və "Şəffaf biznes" qəzetlərinin nəşr olunduğunu bildirmişdir.
Tədbir iştirakçılarını Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə təbrik edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev Prezident İlham Əliyevin iyunun 10-da yubileylə əlaqədar xüsusi sərəncam imzaladığını xatırlatmışdır. Bildirmişdir ki, sərəncama uyğun olaraq, milli mətbuatımızın 135 illiyi ilə əlaqədar paytaxtda və bölgələrdə müxtəlif tədbirlər keçirilir. İndiyədək Zərdab, Yevlax və Gəncə şəhərlərində belə tədbirlərin keçirildiyini xatırladan Ə.Mehdiyev Şəkidən sonra daha 4 regionda konfransların baş tutacağını nəzərə çarpdırmışdır.
Qeyd olunmuşdur ki, dövlətimizin başçısının yubileylə bağlı sərəncam imzalamasının özü mətbuata, onun cəmiyyətdəki roluna, yerinə verilən yüksək qiymətdir. Milli mətbuatımız yarandığı gündən indiyədək Azərbaycan cəmiyyətinin, xalqının həyatında, dövlətçiliyimizin möhkəmləndirilməsində özünəməxsus fəal rol oynamışdır. Milli mətbuatımız müxtəlif dövrlərdə xalqımızı, cəmiyyətimizi düşündürən problemləri işıqlandırmış, bu məsələlərə münasibətini açıqlamışdır. Bununla da cəmiyyətimizin, xalqımızın, dövlətimizin inkişafına öz töhfəsini vermişdir.
Ə.Mehdiyev mətbuatın cəmiyyətdə çox geniş funksiyası olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, mətbuat həm məlumatlandırır, həm maarifləndirir, həm də milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, bəşəri ideyaların cəmiyyətə aşılanmasında mühüm rol oynayır. Mətbuatın müəyyən funksiyaları müxtəlif dövrlərdə özünü daha qabarıq şəkildə göstərmişdir. Bu da cəmiyyətin özünün yaşadığı dövrdən, qarşıda duran vəzifələrdən və aktuallıq kəsb edən məsələlərdən asılı olmuşdur. Ölkəmizdə mətbuat həmişə fəal olmuş və xüsusən də müstəqillik illərində onun rolu daha da artmışdır.
Natiq bildirmişdir ki, jurnalistlər cəmiyyətimizdəki bütün proseslərdə yaxından iştirak edirlər və mətbuat-dövlət münasibətləri də dinamik inkişaf yolundadır. Bu inkişaf yolu heç də həmişə rəvan olmamışdır. Müxtəlif mərhələlərdə mətbuat-cəmiyyət, mətbuat-dövlət münasibətlərində bir sıra ziddiyyətli məqamlar, bir sıra kəskin dönüş anları da olmuşdur. Lakin bütövlükdə cəmiyyətin, dövlətin inkişafı mətbuat ilə dövlət orqanları arasındakı münasibətlərdən həmişə nəzərəçarpacaq dərəcədə asılı olmuş, daim birgə səylərin müəyyən istiqamətə yönəldilməsi qarşıda duran vəzifələrin daha uğurlu həllinə yeni imkanlar açmışdır.
Prezident Administrasiyasının rəsmisi demişdir ki, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı sərəncamda da vurğulandığı kimi, Azərbaycan milli mətbuatı bu gün də ölkəmiz üçün mühüm məsələlərin həllində çox yaxından iştirak edir. Mətbuat, xüsusən də Azərbaycan milli mətbuatı tarixən qlobal məsələləri əks etdirmək, bütövlükdə cəmiyyətimizin inkişafına xidmət etməklə yanaşı, tariximizin öyrənilməsində mühüm yazılı mənbə rolunu da oynamışdır. Yuxarıda qeyd etdiyim funksiyalardan əlavə olaraq, zaman keçdikcə mətbuatımızı vərəqlədikcə, biz tariximizin hansı inkişaf mərhələlərindən keçdiyinin, cəmiyyətin hansı məsələləri həll etdiyinin şahidi oluruq, onları yaxından izləmək, öyrənmək imkanı əldə edirik. Məsələn, XIX əsrdə "Əkinçi" qəzetinin yarandığı dövrdən etibarən milli mətbuatımızın tarixinə nəzər salsaq görərik ki, bu qəzet və ondan sonrakı mətbuat orqanları Azərbaycan xalqının, cəmiyyətimizin keçdiyi müxtəlif ictimai-siyasi prosesləri, mədəni inkişafı, iqtisadi-sosial dirçəlişi və bu sahədə meydana çıxan problemləri öz səhifələrində əks etdirmişlər.
Ə.Mehdiyev daha sonra bölgə mətbuatının qarşısında duran mühüm vəzifələrdən bəhs etmişdir.
Konfransda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun "Azərbaycan milli mətbuatı - 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda məruzəsi dinlənilmişdir.
Konfransda, həmçinin, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək, Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illik yubileyinin keçirilməsi haqqında sərəncamını dövlətimizin media sahəsində məqsədyönlü və ardıcıl siyasi xəttinin uğurla reallaşmasının bariz nümunəsi kimi qiymətləndirmişlər. Qeyd etmişlər ki, bu gün jurnalistlərin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, onların sosial problemlərinin həlli Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Tədbiri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev yekunlaşdırmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında