Fövqəladə Hallar Nazirliyinin qüvvə və texniki vasitələrinin iştirakı ilə “Xəzər-2013” taktiki təlimi keçirilmişdir

 

 

Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Qəbələdə keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda Beynəlxalq konfransın iştirakçıları martın 13-də Bakının Səbail rayonunun Şıx qəsəbəsi ərazisində zərərçəkənlərin yerləşdirilmə məntəqəsində olmuşlar.

 Konfrans iştirakçıları əvvəlcə burada FHN-in müasir tipli xüsusi xilasetmə texnikasına, avadanlığına, xüsusi təyinatlı nəqliyyat vasitələrinə, xüsusi şəraitlər üçün nəzərdə tutulan çadırlara, zirehli transportyorlara, motosikletlərə, xilasetmə katerlərinə, səhra mətbəxinə və mobil hospitala baxmışlar.

Məlumat verilmişdir ki, son dövrdə nazirliyin maddi-texniki bazası möhkəmləndirilmiş, yeni müasir texniki avadanlıq alınmışdır.

Sonra qonaqlar FHN-in qüvvə və vasitələrinin iştirakı ilə genişmiqyaslı  “Xəzər-2013” taktiki təliminə baxmışlar. 

Təlimi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabit heyəti, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleybi, konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumların nümayəndələri, digər rəsmi şəxslər izləmişlər.

Yer, hava və dəniz komponentləri üzrə keçirilən təlimdə FHN-in əməkdaşları şərti olaraq zəlzələ bölgəsində müxtəlif xilasetmə və yanğınsöndürmə əməliyyatlarını icra etmişlər. 

Təlim şərti zəlzələnin baş verməsi, sahildə yerləşən terminaldakı kəmərdə, dənizdəki neft platformasında partlayışla müşayiət olunan yanğınların yaranması ssenarisinə uyğun keçirilmişdir.

Təlim zamanı aviasiya və digər təhlükəsizlik tədbirləri ilə bağlı  rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və FHN-in “112” və “101” xidmətlərinə ötürülməsi, FHN xidmətlərinin qüvvə və vasitələrinin müəyyən olunan hazırlıq vəziyyətinə gətirilməsi prosesi nümayiş olunmuşdur. FHN-in müşahidə helikopteri, yanğınsöndürən, təcili tibbi yardım maşınları və digər texnikası əraziyə cəlb edilmiş, şərti zərərçəkənlər xilas olunmuşlar.

Dənizdəki platformada şərti yanğının qarşısı alınmışdır. Hadisə yerinə FHN-in yanğınsöndürən gəmisi, “Be-200ÇS” markalı amfibiya təyyarəsi, helikopterlər, həmçinin xilasetmə qayıqları və digər texnika cəlb olunmuşdur.

Təlimlərə Hövzə Qəza Xilasetmə Xidmətinin, Dövlət Sularda Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası da cəlb edilmişdir. Taktiki təlimlər zamanı qarşıya qoyulan vəzifələr tam yerinə yetirilmişdir.

Təlimin sonunda FHN-ə məxsus texnika nümayiş etdirilmişdir.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında