Xalqımızın milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramının artıq üçüncü çərşənbəsini qeyd edirik. Bu çərşənbə xalq arasında Yel çərşənbəsi adlanır. Ancaq buna “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyənlər var.
Qədim etiqadlara görə, torpağın altında–“qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel ağ, qara yel qara, xəzri göy, gilavar qırmızı libasda təsvir olunur. Rəvayətə görə, çərşənbə günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişini müjdələyir.
Belə bir inanc da vardır ki, əgər Yel çərşənbəsi günü kim söyüd ağacının altına gedib Yel babanı çağırıb niyyət etsə və bu zaman söyüdün budaqları torpağa toxunsa, bu, həmin insanın arzuladığı diləyin yerinə yetəcəyinə işarə hesab olunur. Hətta bugünün özündə də kiminsə qarğışından, xoşa gəlməyən sözündən narazı qalan nənələr tez deyərlər: “Ağzından qara yellər aparsın”. Təzə bəylə gəlinə xeyir-dua verəndə söyləyərlər: “Üstünüzə ağ yellər əssin”.
İlaxır çərşənbələrinin məhz üçüncüsünün küləklə bağlanması qədim zamanlardan mövcuddur. Şifahi xalq yaradıcılığında yellə bağlı müxtəlif nəğmələr, əfsanələr, rəvayətlər, inanclar yaranıb. Yelin müqəddəsliyi, ucalığı, qüdrəti ilə bağlı bir çox mif, atalar sözləri, bayatılar, tapmacalar da vardır. Məsələn, belə bir deyim vardır ki, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmaz. Nümunə:
Yelə dedilər: - Əsmə!
Dedi - Kələyimi kəsmə.
Qara yel əsdi keçdi
Səbrimi kəsdi keçdi.
Vətəndən gələn durna
Yaman tələsdi keçdi.
Üç qardaşım var,
Biri sulayır,
Biri üfürür,
Biri bitirir
(Yağış, Külək, Günəş).
Məhz Novruz ərəfəsində odla, suyla, küləklə, torpaqla əlaqələndirilən günlərin–ilaxır çərşənbələrin xüsusi təntənə ilə qeyd edilməsi etiqadla bağlıdır. Digər tərəfdən, “Yel qayadan nə aparar?”, “Yelnən gələn, selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yelin işini bilmək olmaz”, “Külək kimi hərdən bir yana əsmə” ifadələrinin xalq arasında geniş yayılmasında qədim adət-ənənələrimizin böyük rolu olmuşdur.
Bütün çərşənbələrdə olduğu kimi, Yel çərşənbəsində də tonqallar qalanır. Adət-ənənəyə görə həmin gün südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək evdən çıxarılaraq çöldə havaya verilir.
Yellə bağlı müxtəlif miflər və mərasimlər də mövcuddur. Deyilənlərə görə, Novruz bayramının obrazlarından biri olan Fatı qarı yeddi rəngli ip əyirib hərəsini bir bağlamaya yığaraq dizinin altına qoyur. Axırıncı bağlama qarının dizinin altından çıxıb diyirlənir. Qəzəblənən Fatı qarı Yelə qarğış edir: “Azarım-bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı axı?”. Bu deyinmədən sonra qarının o biri bağlamaları da dizinin altından çıxaraq diyirlənməyə başlayıb. Fatı qarı buna dözməyərək qarğışı qarğışa calayıb və onun gileyləri, söyüşləri öz başına bəla gətirib. Yel baba qarının iplərini qanadına alaraq üfüqlərə qədər aparıb. Deyilənə görə, o vaxtdan Fatı qarının ipləri yeddi rəngli qurşağa dönərək göydə parıldayır. Qarı da nə edirsə, nə Yel babanı vura bilir, nə də iplərini tutur. Odur ki, gur yağışdan sonra üfüqdə görünən yeddi rəngli qurşağa el arasında “Fatı qarının hanası” deyirlər. Sonralar Fatı qarı üzünü göyə tutaraq nə qədər nəğmə oxusa da, Yel babaya yalvarsa da, faydasız olur. Həmin nəğmələrdən biri də budur:
Yel babam,
Yel babam,
Telli babam,
Tel babam,
Gül babam.
Dərdimi gəl bil, babam,
Gəl babam, ay gəl, babam
Novruzun bu üçüncü çərşənbəsində hər bir evə-ocağa ruzi bərəkət arzulayırıq. Həmişə süfrəniz bol olsun. Gün gələcək Novruz tonqalları, onların şöləsinə həsrət qalan torpaqlarımızda — işğal altında inləyən ərazilərimizdə də yandırılacaq,üçrəngli bayrağımızı dalğalandıracağıq.
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.