– Oxumazsan, gedib axırda çoban olarsan! Uşaq vaxtı məktəbdə müəllimlərimizdən, evdə valideynlərimizdən, çöldə-bayırda böyüklərdən çox eşitmişik bu xəbərdarlığı. Böyüyüb boya-başa çatmışıq, hərəmiz bir işin qulpundan yapışmışıq, ailə sahibi olmuşuq, biz də tənbəllik edib dərsə getmək, oxumaq istəməyən övladlarımızı, nəvələrimizi bu sözlərlə qorxutmuşuq: “Oxumasanız, çoban olacaqsınız!”
... İndi ömrümün bu ahıl çağında fikirləşirəm ki, görəsən, uşaqları niyə məhz çobanlıqla qorxudurlar? Məgər çobanlıqdan çətin, ağır zəhmət tələb edən peşə yoxdur? İnsanları yedirdib-içirtmək, geyindirib-keçindirmək kimi şərəfli bir missiyanın yerinə yetirilməsində bilavasitə iştirak edən bu xeyirxah işin sahibləri nədən belə arzuolunmazdırlar? Bu səhv təsəvvür haradan qaynaqlanır?
Bu suallar ətrafında düşünərkən yadıma ötən əsrin 80-ci illərində ulu öndər Heydər Əliyevin indi öz adını daşıdığı Respublika sarayında heyvandarlığın inkişafı ilə bağlı keçirdiyi fəallar yığıncağında dediyi sözlər düşür:
– Kənd təsərrüfatı ağır sahədi. Gərgin əmək tələb edir. Deyə bilərsinizmi, hər hansı biriniz axşam işdən qayıdıb evə gələndə süfrəyə nə bişirilib gətiriləcəyini soruşmursunuz? Hansı evi ağartısız təsəvvür etmək olar? Belədirsə, heyvandarlığa, xüsusən qoyunçuluğa biganə yanaşmaq olarmı? Mən sizdən qəti tələb edirəm, bu tədbirdə şəxsən iştirak edən əmək qəhrəmanı çoban Boran Quliyevin təcrübəsini hər bir təsərrüfatda yayın, ata-baba qoyunçuluq sahəsinin inkişafını daim diqqətdə saxlayın.
Halal zəhmət sahibləri
Uzun müddət rayonumuzda kənd təsərrüfatı sahəsində işləyərkən çoban, naxırçı, sağıcı, zootexnik və baytar işçiləri ilə, demək olar ki, hər gün ünsiyyətdə olduğumdan, ömrünün 60 ildən çoxunu çobanlıq sahəsinə həsr edən halal zəhmət adamlarından öyrəndiklərim bu gün yaddaşımda ən gözəl xatirə kimi yaşayır. Belə bir rəvayət də vardır ki, bir şəxs ev-eşiyindən, ailəsindən 15 il ayrı düşüb elm və bilik almağa gedibmiş. Qayıdanda çobanla rastlaşır. Çoban onu süd-çörəyə qonaq edir. Hal-əhvaldan sonra alimə sual verir:
– Elmin əsası nədir?
Alim düzgün cavab tapa bilməyəndə çoban deyir ki, bir il də mənim yanımda qal, çobanlıq et, cavabı öyrədərəm. Alim bu işə məəttəl qalır, razılıq verir. Bir ildən sonra çoban deyir:
– Get, yadında saxla, elmin başı səbirdir.
16 il evdən çıxmış şəxs gəlib məkanına çatır. Görür ki, cavan ikən evləndiyi ailəsinin yanında bir növcavan uzanıb yatıb. Qılıncı çəkib onu öldürmək istəyəndə arvadı deyir:
– Əl saxla, bir səbr elə, sən gedəndə hamilə idim, oğlun oldu, indi böyüyüb, maşallah, daha kişidir. Alim çobanın ağlına, biliyinə, həyat təcrübəsinə, hikmətinə heyran qalır.
Dahi Nizami Gəncəvi ölkəni idarə etmək əvəzinə başını eyş-işrətə, ova qatan, rəiyyətin dərd-sərini unudan Bəhramguru sürüyə xəyanət etmiş itini asan çobanla üzləşdirir. Bəhramgur çobanın yaratdığı ibrət mənzərəsindən öz səhvini anlayıb, taxta-taca qayıdaraq işini yenidən qurur.
Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.
Elin bu hikməti ev heyvanları arasında qoyunun nə qədər faydalı olmasından soraq verir. Qoyunun əti ən kalorili ərzaqdır. Südü, bulaması, kətəməzi, qatığı, şoru, dələməsi, pendiri, qaymağı damaqların dadıdır. Yunundan yorğan-döşək, toxuma köynək, corab, əlcək hazırlanır. Dünyanın məşhur muzeylərinin bəzəyi olan Azərbaycan xalçaları, gəbə, kilim, cecim, palaz, qarbıd, keçə, heybə, durdan, cul qoyun yunundan hasilə gəlir. Sürülərin erkəci olan təkələrin, keçilərin qəzilindən kəhər, qəmər, köhlən atlara sicim toxunur. Dərisindən, bağırsaqlarından geyim əşyalarından başqa musiqi alətlərində, kolbasa hazırlığında istifadə olunur. Ölkəmizdə “Qala”, “Qaradolaq”, “Ləzgi”, “Dağ merinosu”, “Qarabağ”, “Balbas”, “Mazex” qoyun cinslərinin ilbəil saflaşdırılmasında, məhsuldarlığının yüksəldilməsində çoban əməyinin müstəsna rolu vardır.
Çobanlıq qədim peşədir. Elə çobanlar vardır ki, sürüyə baxan kimi hansı heyvanın azar-bezara tuş gəlib, üz-gözündən məlal yaydığını dərhal görürlər. Gecələr doğulan quzuların əlamətinə, rənginə görə anasını tapıb tələyirlər. “O quzu bu qoyunun balasıdır, bu quzu o qoyunun” – deyə ilk günü əmizdirirlər. Buna quzunun mayalanması deyərlər. Hələ bu harasıdır, peşəsinə canı-dildən bağlı olan çobanların tütəkdə çaldıqları qədim “Qoyunhəngi” havasının elə sirli-soraqlı dünyası vardır ki, bu hikmətə heyran qalırsan.
“Qoyunhəngi”
İndi elmi-texniki tərəqqi o həddə çatıb ki, dünyanın bir çox yerlərində heyvanların məhsuldarlığını artırmaq üçün hətta elektron çalğı alətlərindən də istifadə olunur. Lakin Dədə Qorqud yurdu olan allı-güllü yaylaqlarımızda belə alətlərə ehtiyac yoxdur. Şahbuz rayonunun Qızıl Qışlaq kəndində 90 il ömür sürən, ömrünün 62 ilini çobanlıq sənətinə həsr edən və böyük məharətlə “Qoyunhəngi” çalan Kamil baba var idi. İkinci cahan müharibəsində Berlinə qədər döyüş yolu keçmişdi. Sağ ayağından aldığı güllə yarasını cəbhədən qayıdandan sonra yenə çobanlıq sənəti ilə yaşada-yaşada sağaldıb unutmuşdu.
Kamil baba elin əsl xan çobanı idi. Dizi qara, gözü qara məşhur “Balbas” qoyun cinsinin çəkisini 90-100 kiloqrama, xalçaçılıqda tayı-bərabəri olmayan yunun çəkisini hər başdan 3-3,5 kiloqrama çatdırdığına görə iki dəfə Moskvada Ümumittifaq Xalq Nailiyyətləri sərgisinin iştirakçısı və laureatı olmuş, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri ilə müharibədə aldığı orden və medalları yaxasına yan-yana düzüb bəzəyəndə geydiyi pencəyin ətəkləri də tutmurdu.
Onun çobanlıq sənətinin qabaqcıl davamçıları həmişə ölkəmizin əmək bahadırlarının iştirak etdikləri ali tədbirlərdə Şahbuz dağlarını təmsil etmişlər. Kamil baba heybəsində həmişə misdən hazırlanmış qədim yan tütək saxlardı. Kamil baba çobanlara həmişə deyərdi ki, istəyirsinizsə otardığınız sürülər dərə-təpədə qurda-quşa tuş gəlməsin, çox dağınıq otlamasın, hamısı göz qabağında olsun, onda sürünü “Qoyunhənginə” öyrədin. Bu havacatın hikmətinin dədə-baba çəmini də çobanlara öyrədərdi.
Tütəkdə hava çalınanda o biri çoban xəlvəti gedib sürünün qabağında yerə uzanardı. Elə ki, “Qoyunhəngi” çalındı, sürüdəki bütün heyvanlar otlamağı dayandırıb tütək səsinə dinşək kəsilərək çobana tərəf baxarlar. Elə bu vaxt yerə uzanmış çoban yerdən qəfil qalxaraq sürüyə tərəf papaq, yaxud əl ağacı atar. Hürkən sürü çobana sarı qaçışar. Azı bir həftə ara-bir bu üsulla sürü tütək çalan çobanın yaxınlığına o qədər gələr ki, sürünün təkəsi gəlib çobanın lap yaxınlığında havacata qulaq asar. Elə ki, sürü bu üsula alışdı, onda heyvanlar dağınıq otlayanda, sürüdən uzaqlaşanda “Qoyunhəngi” çalınan kimi erkəklər, təkələr sürünü çobana tərəf gətirər, vəfalı qoyun itləri də bir yandan kömək edər. Belə olanda sürünün qurddan qorxusu olmaz. Arxada canavarın qənimi itlər, qabaqda da sürünün dayağı çoban.
Canavarla üzbəüz
Ömrünü elin sərvəti, ruzi-bərəkət mənbəyi olan qoyunçuluğa həsr edən xan çobanlarımız canavarın sürüyə necə qənim kəsildiyini bir an belə unutmazlar. Məsəldi deyərlər: Qurdu it basmaz, küt basar. Usta çobanlar arxacdakı daş yalaqlara isti yal, süd töküb itləri tox saxlarlar. Üstəlik “bala təndir”, “çəlvərə” deyilən ocaqlarda itlərə küt bişirərlər. Küt yeyən itlər pələng kimi güclü olar.
Yeniyetməliyindən ta 80 yaşınadək Şahbuz dağlarında çobanlıq etmiş, 90 il ömür sürən Şahhüseyn baba deyərdi ki, itə küt, ət, sümük, kəsilən heyvanın dırnaqlarını atanda bir fikir verin, görün onu yerdən necə götürür. Əvvəlcə diqqətlə baxır, iyləyir, sonra yemi götürür. Ta bundan sonra o iti yüz dəfə daşa bassan da, həmin adama dəyməz. Elə Şahhüseyn babanın qonşusu çoban Zakir Dünyamalıyev də bu fikirdə idi. Deyirdi ki, kəndimizin axar-baxarında Səfərbəy Səngərinin “Tay daşı” deyilən sərhəd yerində erməni xainliyi yenidən baş qaldırdığı 90-cı illərdə, guya, uzun müddət həmgələ otardığımız örüşdə çoxdan tanıdığım, hərdən bir süfrədən çörək kəsdiyimiz erməni çobanları ilə yenə üz-üzə gəldik. Gördüm ki, bu dəfə üz-gözlərindən kin-qəzəb yağır, qırımları başqa şey deyir. “Çəmbər” itim də yanımda idi: it üzümə baxaraq, elə bil ürəyimdən keçənləri duydu. Dərhal qoparaqlanaraq sürünü qaytarıb, öz tərəfimizə sarı qovmağa başladı. Erməni çobanlar bunu görcək aralıdakı bağlamada olan silaha tərəf gedəndə mən işi bilib aşağı tullandım və “Tay daşın” Küküyə tərəf cablarına girdim. Qol-qılçım yaralanmışdı. Ermənilərin atdığı güllə səsləri dağı-daşı bürüdü. Baxdım ki, vəfalı itim sürünü güllə məsafəsindən də xeyli uzaqlaşdırıb öz yerimizə tərəf aparır. Onda Şahhüseyn kişinin dedikləri gözüm önünə gəldi. İt itliyiynən yağı düşməndən çox-çox etibarlı imiş. Çoxları elə bilir ki, çobanıq, yəqin, dünyadan xəbərsizik. Yox, Sovet dövründə Mingəçevirin işığı, Bakının nefti-qazı, yurdumuzun növbənöv məhsulları ilə dolanan, çox vaxt kəsdikləri saxta pullarla bazarlarda öz halal məhsullarını satanları aldadan, nemətlərimizi yeyib, axırda bizə belə qənim kəsilən düşmənlərdə sür-sümük və küt verdiyimiz it qədər etibar yox imiş. Təəssüf ki, xalqımız 20 ildir, torpaqlarımıza məqsədli köçürülən belə xainlərlə qonşuluq etməyə düçar olub. Bu da bir taledir.
Çobanlıq çətin peşədir. O, insanları gündəlik ruzi - bərəkət, geyim-keçimlə təmin etməkdən ötrü ev - eşikdən olur. Təbiətin dolusu, leysanlı, ildırımlı şıdırğı yağışı ilə üzləşir. Çox vaxt gecələr başını daşın üstə qoyub yatır, necə deyərlər, ayağı yaşda, başı daşda çörək qazanır. Sevindirici haldır ki, ölkəmizdə yaranmış bolluğun bir tərəfini də cəfakeş çobanlarımız yaradır. Bu qədim sənəti yaşadanlar qədirbilənlər yanında həmişə hörmətli olurlar.
Qaşdar ƏLİYEV,
əməkdar təbiəti mühafizə işçisi, texnoloq,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvan MR, Şahbuz rayonu
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.