Son illər ölkəmizdə təhsilə dövlət qayğısı artmaqdadır. Respublikanın əksər guşələrində yeni məktəblər tikilir, təhsilin keyfiyyəti ilbəil artır, informasiya texnologiyaları tətbiq olunur, məktəblər müasir tipli yeni avadanlıqlarla təmin edilir, elektron dərsliklər yaradılır və s. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev son vaxtlar təhsillə bilavasitə bağlı olan 20-yə yaxın dövlət proqramının qəbul olunması haqqında sərəncam imzalamışdır. Bütün bunlar yurd- yuvalarından didərgin düşmüş insanların da uşaqlarının təhsil almasına öz təsirini göstərmişdir.
Məcburi köçkülərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun artırılması haqqında Dövlət Proqramının qəbul edilməsi ilə bağlı Prezidentin 2004-cü ildə imzaladığı sərəncam və sonralar 2007 və 2011-ci illərdə həmin proqrama edilmiş əlavələr Qubadlı rayonunda təhsil problemlərinin həllində də mühüm rol oynamışdır. Məlum olduğu kimi, Qubadlı məcburi köçkünləri ölkənin müxtəlif regionlarında məskunlaşmışlar. Ona görə məktəblərimiz də kompakt yerləşməmişdir. Əhalinin çoxu Sumaqayt şəhərində məskunlaşdığından məktəblərimizin də böyük əksəriyyəti bu şəhərdədir.
Bütün çətinliklərə baxmayaraq, Qubadlı Rayon İcra Hakimiyyətinin,Təhsil Nazirliyinin yaxından köməkliyi ilə son illər təhsil sahəsində mühüm irəliləyişlərə nail ola bilmişik.
Ötən il rayonumuzun məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün xeyli iş görülmüşdür. Belə ki, M. Əliyev adına Hal kənd tam orta məktəbinin dam örtüyünün əsaslı təmiri başa çatdırılmış, eyni zamanda, həmin məktəbin sanitar qovşağı da təmir edilmişdir. Ç. Quliyev adına Çardaqlı kənd tam orta məktəbində 4 əlavə sinif otağının tikintisinə başlanmışdır. B. Hüseynov adına Dəmirçilər, İ.Məmmədov adına Aşağı Mollu və Xanlıq 3 saylı tam orta məktəblərində əsaslı təmir işləri isə başa çatmaq üzrədir. A.Atakişiyev adına Muradxanlı, B. Məmmədov adına Fərcan tam orta və Xanlıq ümumi orta məktəblərində müasir tipli istilik sistemləri quraşdırılmış, İ. Qayıbov adına Saray kənd tam orta məktəbinin istilik xəttinə izolyasiya çəkilmişdir. Fərcan kənd tam orta məktəbinin həyətinə 920 kvadratmetr, Ə. Əliyev adına Qəzyan kənd tam orta məktəbinin həyətinə isə 650 kvadratmetr asfalt örtük döşənmişdir. C.Həşimov adına Mərdanlı, İ.Qayıbov adına Saray, F.Mehdiyev adına Qaralar, Xıdırlı, K.Mirzəyev adına Xanlıq 1 saylı və Q.İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəblərində cari təmir işləri aparılmışdır. Əlbəttə, bütün bunlar görülən işlərin tam siyahısı deyil. Bütövlükdə məktəblərin iş şəraiti yaxşılaşdırılmış, bu da təhsilin keyfiyyət səviyyəsinə öz təsirini göstərmişdir. Ötən il məzunlarımızın 42 faizi ali məktəblərə qəbul olmuşdur. Bu gün məktəblərə informasiya texnologiyalarının gətirilməsi istiqamətində görülən işlər diqqətəlayiqdir. Məktəblərə müasir tipli kompyuterlər verilir, müəllimlər informasiya texnologiyaları üzrə treninqlərdə iştirak edirlər. Bizim məktəblərdə 323 ədəd kompyuter şagirdlərin istifadəsinə verilmişdir. İndi hər 20 şagirdə bir kompyuter düşür. 30 məktəbdə kompyuter kabineti yaradılmışdır ki, bunlardan da şagirdlərimiz kifayət qədər yararlana bilirlər. Məktəblərimizdə 13 ədəd proyeksiya aparatı vardır. Müxtəlif fənlərdən çoxlu sayda elektron təlim materialları, eləcə də digər əyani vəsaitlər məktəblilərin istifadəsinə verilmişdir.
Görüləsi işlər çoxdur. 2013-cü ildə təhsilin keyfiyyətinin yüksəldilməsi vacib məsələ kimi qarşıda durur. Bu il Prezidentimiz tərəfindən “İnfomasiya kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Məktəblərimizdə bu istiqamətdə hələ çox iş görməliyik. Elektron dərsliklərdən istifadə mühüm məsələ kimi qarşıda durur. Məktəblərimiz hələ tam kompyuterləşdirilməmişdir.Yəqin ki, yaxın gələcəkdə bu problem də həll olunacaq. Bəzi məktəblərimizdə şərait hələ də kifayət qədər yaxşı deyil.
Ölkəmiz ildən-ilə daha sürətlə inkişaf edir. İnanırıq ki, bütün məktəblərimiz yeni tələblərə cavab verən müasir təhsil ocaqlarına çevriləcək. Onda təhsilin keyfiyyəti də kifayət qədər yüksələcəkdir.
Əsas arzumuz odur ki, torpaqlarımız azad olunsun, Qubadlıda yeni məktəblər tikilsin, biz də hər cür çətinliyə qatlaşaraq öz işimizi doğma Qubadlıda davam etdirək.
Afət ALLAHVERDİYEVA,
Qubadlı rayonu təhsil şöbəsinin müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.