Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun birgə məlumatı

 

 

Martın 8-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq birgə məlumat yaymışdır.

Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş birgə məlumatda qeyd olunur ki, son dövrlər radikal yönümlü bəzi destruktiv qüvvələr tərəfindən ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş qanunazidd cəhdlər göstərilir.

Martın 10-da paytaxtda qeyri-qanuni keçirilməsi planlaşdırılan kütləvi aksiyalarda iştirakları nəzərdə tutulmaqla həmin aksiyada iştirak edəcək insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik  edəcək üç şəxs barəsində respublikanın hüquq-mühafizə orqanlarına daxil olmuş əməliyyat məlumatları cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq məhkəmə qərarları əsasında araşdırılmışdır.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, 17 saylı Bakı peşə liseyinin üçüncü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi, ev 3B-yə  baxış keçirilərkən oradan 19 şüşə butulkanın içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana, 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin üçüncü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan üç ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı və 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 18, mənzil 88 ünvanına keçirilən baxış zamanı 174,54 qram  qurudulmuş marixuana, üzərində “təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 vərəqin kserosurətləri aşkar edilərək götürülmüşdür.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.

Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1-ci və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar.

İlkin istintaqla müəyyən edilmişdir ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsilə “Nida” vətəndaş hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak etmiş və yaşadıqları mənzillərdən aşkar edilmiş “Molotov kokteyli” adlanan tez alışan maye onlar tərəfindən hazırlanmışdır.

 Bundan başqa, 2013-cü il yanvarın 26-da keçirilmiş qanunsuz aksiyanın iştirakçısı M.Əzizov sosial şəbəkələrdəki yazışmalarında dinc aksiyaların fayda vermədiyini, insanlar arasında vahimə yaratmaq effekti verən “Molotov kokteyli”ndən istifadə edilməsinin lazım olduğunu bildirmiş, aksiyanın digər iştirakçısı B.Quliyev “Facebook” sosial şəbəkəsində Ş.Novruzlu ilə yazışmaları zamanı növbəti aksiyaların daha səmərəli keçməsi və əhalinin aqressiv addımlar atması üçün “Molotov kokteyli”, səs və tüstü şaşkalarından istifadə edilməsinin zəruri olduğunu müzakirə etmiş və sonuncu artıq on ədəd “Molotov kokteyli” hazırlamışdır.

Ş.Novruzlu 2013-cü il  fevralın 23-də “Facebook”un öz profilində “Molotov kokteyli”, səs və tüstü şaşkalarının kustar üsulla hazırlanmasını öyrədən videomateriallar yerləşdirmişdir.

Martın 10-da saat 16.00-da paytaxtın Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan etiraz aksiyası zamanı Ş.Novruzlu “Facebook”da martın 1-də yaratdığı səhifədə “Molotov kokteyli”nin istifadə edilməsinin lazım olduğunu bildirmiş və həmin gün çoxlu sayda “Ven Detta” maskası alaraq sonradan digər şəxslərlə paylaşmışdır. Bundan başqa, Ş.Novruzlu “Facebook”da naməlum şəxslə yazışmalarında tüstü şaşkasının hazırlanmasında istifadə olunan kalium duzunun əldə edilməsi ilə bağlı müzakirələr də aparmışdır.

Hazırda aşkar edilmiş “Molotov kokteyl”lərinin harada və kimlər tərəfindən hazırlanması, narkotik vasitələrin hansı mənbədən əldə edilməsi və gənclər tərəfindən istifadə edilməsi, o cümlədən Ş.Novruzlunun mənzilində aşkar edilmiş 94 min manatın hansı mənbədən əldə edilməsi və gələcəkdə nə məqsədlə istifadə olunması istintaq yolu ilə araşdırılır.

İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında