Cəbhəyanı kəndlərin içməli su təchizatı yaxşılaşdırılır

 

 

 

 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti hazırda rayon mərkəzləri və onlara yaxın kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.

Bununla yanaşı, cəbhə bölgəsinin sudan daha çox əziyyət çəkən kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində də layihələr icra edilir. “Azərsu” ASC-nin təsdiq etdiyi təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq düşmən mövqelərindən cəmi bir neçə yüz metr aralıda yerləşən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin içməli su probleminin birdəfəlik həlli məqsədilə yeni layihənin icrasına başlanılıb.

Martın 6-da “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Tap Qaraqoyunlunun sakinləri ilə görüşmüş və görüləcək işlərlə bağlı müzakirələr aparmışdır. Ölkə Prezidenti İlham Əliyevin cəbhə bölgəsində yerləşən rayonların sosial-iqtisadi inkişafına xüsusi önəm verdiyini  xatırladan “Azərsu” ASC-nin sədri dövlət başçısının  tapşırıqlarına uyğun olaraq qısa müddətdə Tap Qaraqoyunlu kəndinə yeni mənbədən təmiz, keyfiyyətli içməli suyun veriləcəyini bildirmişdir: Qeyd olunmuşdur ki, Tap Qaraqoyunlu kəndinin içməli su problemini həll etmək məqsədilə Ballıqaya-Goranboy magistral kəmərindən 20 kilometr uzunluğunda yeni su xətti çəkiləcək. Kənd əhalisinin 24 saat fasiləsiz su təchizatını təmin etmək üçün yüksəklikdə yerləşən ərazidə anbar  kompleksi inşa ediləcək, kənddaxili paylayıcı  su şəbəkəsi yaradılacaq və hər bir evə birləşmə veriləcək. Bütün işləri qısa müddətdə başa çatdırmaq və yaya qədər kəndin içməli su ilə təmin olunması nəzərdə tutulur.

Tap Qaraqoyunlu kəndinin təbii qaz və elektrik enerjisi ilə təchiz edildiyini diqqətə çatdıran Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev içməli su probleminin həlli ilə kəndin kommunal xidmətlərlə təchizatının ən yüksək səviyyədə təmin olunacağını qeyd etmişdir. Yaradılmış şəraitə və xüsusi diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildirən kənd sakinləri layihənin icrası zamanı tikintini aparanlara hər cür kömək göstərəcəklərini söyləmişlər.

Xatırladaq ki, cəbhənin təmas xəttində, Ermənistan ordusunun işğal etdiyi Ağdərə rayonunun Talış kəndi ilə sərhəddə yerləşən Tap Qaraqoyunlu kəndində 2800 nəfərə yaxın əhali yaşayır. Hazırda kənd  sakinləri içməli su kimi Ermənistan ordusunun nəzarətində olan ərazilərdən axıb gələn İncə çayından ayrılmış arxın suyunu müxtəlif  yollarla təmizləyərək istifadə edirlər. Yeri gəlmişkən, “Azərsu” ASC tərəfindən 2012-ci ildə Ağdam, Füzuli, Ağcabədi və Tərtər rayonlarının sərhəd kəndlərində içməli su layihələri icra edilmiş və nəticədə  6 mindən çox sakinin içməli su təminatı yaxşılaşmışdır.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında