Bayramın mübarək, “Rabitə”!

 

 

Bakının “Rabitə” voleybol komandası Beynəlxalq Qadınlar Gününü çox məsul yarış, Çempionlar Liqası turnirinin “Dördlər finalı” ərəfəsində qeyd edir. Artıq sabah Azərbaycan çempionu İstanbulda Liqanın baş mükafatı, Avropa Voleybol Konfederasiyasının kuboku uğrunda həlledici mərhələ görüşlərində mübarizəyə başlayacaq.

“Rabitə” nin şərəfini qoruyan qızlar öz zəngin idman həyatlarında az qələbə sevinci keçirməmişlər. Təkcə onu demək kifayətdir ki, bu komanda iki il əvvəl Qətərdə keçirilmiş klublararası dünya çempionatının qalibi olmuşdur. Sonuncu ölkə çempionu və hazırda Superliqanın lideri indi isə Çempionlar Liqasında öz tarixinə şanlı bir səhifə yazmaq əzmindədir.

Paytaxt klubu 2012-2013-cü illər mövsümündə bu məqsədə doğru yolda inamla irəliləmiş, istər qrup mərhələsində, istərsə də pley-off görüşlərində rəqiblərinin öhdəsindən gəlməyi bacarmışdır. Turnirdə tam qələbəyə isə cəmi iki addım qalır. Komanda bu addımları qardaş Türkiyədə atmalıdır.

İstanbulda “Dördlər finalı” voleybol pərəstişkarlarımıza məlum olduğu kimi, martın 9-10-da keçiriləcəkdir. Fəxri mükafat uğrunda mübarizəni “Rabitə” ilə yanaşı Türkiyənin “Vaqifbank”, “Qalatasaray” və İtaliyanın “Yamamay” klubları davam etdirirlər. Yarımfinallardan birində Azərbaycan voleybolçuları italyanlarla, digərində isə İstanbul klubları qarşılaşacaqlar.  Bu oyunların qalibləri martın 10-da həlledici final görüşündə kubokun sahibini müəyyənləşdirəcəklər.

Turnir ərəfəsində qitəmizin hər yerində “Dördlər finalı”nın neçə nəticələnəcəyi barədə müxtəlif mülahizələr söylənilir. Məsələn, pley-off görüşlərinin ikinci mərhələsində Azərbaycan klubunun rəqibi olmuş Kazan “Dinamo”sunun və Rusiya yığma komandasının məşhur voleybolçusu Yekaterina Qamovanın fikrincə finalda “Vaqifbank”la “Rabitə” oynayacaq.

Elə biz də Azərbaycan klubunun “Yamamay” ilə yarımfinal görüşündən qalib ayrılıb finala çıxmasını, həlledici oyundan sonra isə kubok sevinci yaşamasını arzulayırıq. Çempionlar Liqasının “Dördlər finalı”nda qələbə bu bayram günlərində çox yerinə düşər.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında