Zeynəb XANLAROVA, Milli Məclisin deputatı:
– Azərbaycan qadınları tarixən ismətli, qeyrətli, mərd, qəhrəman olublar. Qadınlarımız həmişə onlara tapşırılan işin öhdəsindən şərəflə gəliblər. Biz həmişə qəhrəman qadınlarımızla fəxr etmişik. Qadınlarımıza daim etimad göstərilib, onlara mühüm vəzifələr etibar edilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə də qadınlara böyük etimad göstərilərdi. Azərbaycan qadınları SSRİ Ali Sovetinin deputatı seçilmiş, Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ada layiq görülmüş, Vətənin ən ali mükafatları ilə təltif olunmuş və dövlət işlərində məsul vəzifələrdə çalışmışlar. Qadınlarımız onlara göstərilən etimadı öz əməkləri ilə doğruldublar.
Ulu öndərin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir. Qadınlarımıza yenə də böyük etimad göstərilir, onlar icra hakimiyyəti orqanlarında müxtəlif vəzifələrə təyin edilirlər, deputat seçilirlər və müxtəlif vəzifələrdə çalışırlar.
Bu gün 8 Mart Beynəlxalq Qadınlar bayramıdır. Fürsətdən istifadə edərək bütün anaları, bacıları, qızları bu əziz bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm, onlara ailə səadəti, xoşbəxtlik, cansağlığı arzulayıram.
Qadın anadır, bacıdır, ən əziz varlıqdır. İnanıram ki, Azərbaycan qadınları daim Vətənin, xalqın, millətin xoşbəxt gələcəyini düşünəcək, bu yolda bütün qüvvələrini sərf edəcəklər.
Bayramınız mübarək olsun, əziz xanımlar!
Sədaqət VƏLİYEVA,
Milli Məclisin deputatı:
– Bu gün iftixarla deyə bilərəm ki, Azərbaycan qadınlarının xoş sədaları artıq dünyanın müxtəlif ölkələrindən eşidilir. Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, mədəniyyətimizin və incəsənətimizin dünya miqyasında tanıdılmasında Azərbaycan qadınlarının rolu böyükdür. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycanın birinci xanımı xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərdə mədəniyyətimizi, incəsənətimizi, muğamlarımızı geniş təbliğ edir, ermənilərin xalqımıza qarşı törətdikləri terror aktları barədə ətraflı məlumat verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası, milli - mənəvi dəyərlərimizin təbliği, gənclərimizin yüksək tribunalar qazanması da Azərbaycan xanımlarının beynəlxalq aləmdəki fəallığı kimi qiymətləndirilməlidir. Bütün bunlar bir daha təsdiqləyir ki, artıq Azərbaycan xanımları mötəbər beynəlxalq təşkilatların yüksək tribunalarından söz demək, ölkəmiz haqqında dünya birliyinə əsl həqiqətləri çatdırmaq qabiliyyətinə malikdir.
Azərbaycan xanımının parlaq siması olan Mehriban xanım Əliyeva başda olmaqla bütün xanımlarımızı bu bayram münasibəti ilə təbrik edir, onlara ailə səadəti arzulayıram. Qoy qadınlarımız həmişə günəş kimi parlaq olsunlar. Müstəqil dövlətimizin daha da çiçəklənməsi yolunda bütün xanımlarımıza uğurlar arzulayıram.
Amaliya PƏNAHOVA, Bakı Bələdiyyə Teatrının direktoru, dövlət mükafatı laureatı, professor:
– Ana ən müqəddəs varlıq,ən gözəl nemətdir. O, müqəddəslərin müqəddəsi, paklığın ən uca zirvəsidir. Dünyada ana məhəbbətindən təmiz və müqəddəs bir məhəbbət yoxdur. Hər cür məhəbbət, hər cür istək ana məhəbbəti qarşısında ya zəif, ya da təmənnalı məhəbbət kimi görünür. Ana ürəyi sanki dibi görünməyən dərinlikdir.Burada həmişə bağışlanmağa, mərhəmətə yer tapılır. Ana qucağı elə bir isti beşikdir ki, bu beşiyin şirinliyini bütün insanlar dadmışdır. Ana övladını yaşatmaq üçün canını qurban verən, hər bir əzab-əziyyətə qatlaşmağa hazır olan bir varlıqdır.
Bu gün yer üzündəki bütün qadınların əziz bayramıdır. İstərdim ki, analarımız hər zaman sevincli olsun, üzlərindən təbəssüm heç vaxt əskik olmasın. Ölkəmizdə qadınlara daim yüksək diqqət və qayğı göstərilib. Qadınlarımız, qızlarımız xarici ölkələrdə keçirilən tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edir, ictimai-siyasi hadisələrdə fəal iştirak edirlər. Bu, hər birimizin fəxridir.
Bu əziz gündə bütün qadınlarımıza cansağlığı arzulayıram. Arzu edirəm ki, doğma yurd-yuvalarından, isti ocaqlarından didərgin salınmış xanımlarımız da bu gözəl bayramı ata - baba torpaqlarında keçirsinlər. Mən inanıram ki, həmin günə az qalıb. Gün gələcək ki, biz 8 Mart Beynəlxalq Qadınlar Gününü və xalqımız üçün əziz olan Novruz bayramını Dağlıq Qarabağda təmtəraqla keçirəcəyik.
Bayramınız mübarək, əziz analar!
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.