Müstəqil Azərbaycan dövlətinin qadın siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil edir

 

 

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Bu, Manna, Atropatena dövlətlərində, tariximizin Səlcuqlar dövründə, Səfəvilər dövlətində də belə olmuşdur. Bununla belə, ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir.

Milli qadın siyasətinin təməli məhz üç mənbədən bəhrələnir: İslam mənbəyindən – qadına müqəddəs yanaşma, türkçülükdən gəlmə mərdlik, qəhrəmanlıq, nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın siyasətinin rəsmiləşdirilməsi və onun sovet dönəmində daha da təkmilləşdirilməsi nəticəsində yaranmış təcrübədən. Onu da deyək ki, sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanın iqtisadi-siyasi, elmi- mədəni və ictimai həyatında qadınların yüksək intellektual zümrəsi formalaşmışdı. Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırmışdır. Ulu öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu prosesdə onların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilmişdir və keçirilməkdə davam edir. Yəni ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.

Xatırladaq ki, müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edən şəxslər 1993-cü ilin iyun ayına qədər faktiki olaraq gender bərabərliyi istiqamətində heç bir addım atmamışdılar. Ona görə də gənc müstəqil Azərbaycanın beynəlxalq aləmdəki ilk addımları dövlətə nüfuz gətirilməsi ilə deyil, nüfuz itirilməsi ilə nəticələnmişdi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra isə cəmiyyət həyatının digər sahələrində olduğu kimi gender siyasətində də böyük dəyişikliklər, irəliləyişlər, tərəqqi əldə edildi. Ulu öndərin titanik siyasi fəaliyyəti gender problemlərinin həllinə böyük təkan verdi. Qadınlarımızın ictimai-siyasi həyata qayıdışı, yəni onların dövlət idarəçiliyində təmsil olunması, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun prioritet istiqamətinə çevrildi.

1993-cü ilin yayından etibarən Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdəki fəallığının artırılması üçün sovet dövründən də daha mükəmməl, daha möhtəşəm addımlar atdı. Çünki o, indi artıq müstəqil dövlətin rəhbəri kimi xalqı, dövləti üçün istənilən xidməti göstərməkdə tam sərbəst idi. Ona görə də bu istiqamətdə atılan addımlar daha əhatəli, daha səmərəli olurdu. 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyamızda gender məsələləri geniş əksini tapırdı. Ulu öndərin şəxsi iştirakı ilə işlənib hazırlanmış Əsas Qanunumuzun “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” adlanan ikinci bölməsinin müvafiq maddəsində yazılır ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Həmin ildən başlayaraq respublikamızda qadın problemləri yeni bir təşkilatlanma xarakteri almağa başladı. 1995-ci il Azərbaycan qadınları üçün başqa bir cəhətdən də əlamətdar oldu. Belə ki, ölkəmiz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşuldu. Avqustda isə dövlət başçısı beynəlxalq səviyyədə keçirilən müvafiq konfranslarda azərbaycanlı qadınların yüksək səviyyədə təmsil edilməsinə zəmin yaradan Milli Hazırlıq Komitəsinin formalaşdırılması üçün sərəncam imzaladı. 1998-ci ilin yanvarında Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılarkən də məhz Milli Hazırlıq Komitəsinin bazası əsas götürülmüşdü.

Bu məqamda onu da deyək ki, bu gün beynəlxalq aləmdə də gender, qadın məsələlərinə çox ciddi diqqət yetirilir. Azərbaycan dövləti bu istiqamətdə beynəlxalq təcrübə ilə yaxından tanış olmuş, yuxarıda qeyd etdiyimiz kimi, respublikamız qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya üzv olmuşdur. Dörd ildən bir Azərbaycanın əlaqədar qurumu BMT-nin müvafiq komitəsi qarşısında hesabat verir. Təsadüfi deyil ki, artıq BMT kimi nüfuzlu bir beynəlxalq təşkilatın tanınmış simaları Azərbaycanda qadınlarla bağlı həyata keçirilən siyasəti digər ölkələrə nümunə göstərirlər.

Türk dünyasının böyük oğlu Heydər Əliyevin yeritdiyi gender siyasətinin əsas nəticələrindən biri də 1998-ci ildə Azərbaycanda keçirilmiş Qadınların I qurultayı idi. Heydər Əliyev qurultaydakı tarixi nitqində söylədi ki, bu qurultay başa çatmaqda olan əsrdə Azərbaycanın tarixində ən böyük hadisələrdən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda demokratik cəmiyyətin, qadın hərəkatının əsasını qoyurlar. Qurultaydan keçən qısa dövr sübut etdi ki, ölkədə qadın siyasətinin daha yetkin və daha dolğun şəkildə təşkil edilməsi üçün tələbat yaranmışdır. Məhz həmin tələbatı əsas götürən ulu öndər 2000-ci il mart ayının 6-da “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Fərmanın birinci bəndində göstərilirdi ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilsin. Bu, XX əsrin son ilində imzalanmış çox mütərəqqi fərman idi.

Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində müstəsna rol oynayır.

Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun qəbul olunmuşdur. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmişdir. Gender bərabərliyi bilavasitə cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunmasına xidmət edirsə, məişət zorakılığı ilə bağlı qanun müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Həmin qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan streotiplərin aradan qalxmasına böyük imkanlar yaradır. Yeri gəlmişkən, bu məsələdə dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələrinin rolu da yüksək qiymətləndirilir.

Ekspertlər qeyd edirlər ki, KİV-lər ailə və qadın problemlərinin həllində də yaxından iştirak edən mühüm vasitələrdir. Televiziya və radio kanallarının, mətbuat orqanlarının səthi monitorinqi göstərir ki, milli informasiya məkanımızda tamaşaçıların, oxucuların nəzərinə aktual problemlərin həllinə, o cümlədən gender stereotiplərinin aradan qaldırılmasına həsr olunmuş materiallar, reportajlar, verilişlər təqdim edilir. Cəmiyyətdə öz nüfuzu, çəkisi ilə tanınan ictimaiyyət nümayəndələri qadın hüquqları ilə bağlı aktual məsələlərə dair öz fikirlərini çatdırmaq imkanına malikdirlər. Eyni zamanda, gender probleminə həsr olunmuş və dövlət, beynəlxalq, yerli təşkilatlar səviyyəsində həyata keçirilən layihələr, onların nəticələri işıqlandırılır. KİV-lər özləri də müstəqil şəkildə gender problemlərinə həsr olunmuş maarifləndirmə xarakterli layihələr həyata keçirirlər ki, bunların da cəmiyyətimiz üçün faydalılıq əmsalını heç də aşağı qiymətləndirmək olmaz.

Nəzərə almaq lazımdır ki, qadın ictimai işlə məşğul olmaqla yanaşı anadır, övladlarını həm tərbiyə, həm də cəmiyyətə təqdim edən valideyndir. O baxımdan, qadının fəaliyyət göstərdiyi ictimai sahə ilə ana olaraq üzərinə düşən məsuliyyət paralel şəkildə inkişaf etdirilməlidir, onlar bir-birilərinə mane olmamalı, əksinə, kömək etməlidir. Bu səbəbdəndir ki, Azərbaycanda qadınların ictimai fəaliyyətlə məşğul ola bilməsi üçün ailə problemlərinin yaranmaması istiqamətində mühüm siyasət aparılır. Dövlətimizin əlaqədar qurumları regionlarımızda bu istiqamətlərdə maarifləndirici proqramlar, əhəmiyyətli tədbirlər həyata keçirir.

Qeyd etməliyik ki, bu gün Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. 2010-cu ildə keçirilən parlament seçkisinin nəticələrində də qadın millət vəkillərimizin sayının artdığını müşahidə etdik. Bu uğurlar son bələdiyyə seçkilərində bir daha özünü qabarıq şəkildə göstərdi. Qadınların bələdiyyələrdə təmsilçiliyi 4 faizdən 27 faizə qədər artdı. Bu, qadınların ictimai fəaliyyətə marağının artmasının göstəricisidir. Sevindirci haldır ki, artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllim, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, bələdiyyələrdə təmsil olunmağa da maraq göstərirlər. Onların bələdiyyələrdə təmsilçiliyi olduqca vacib məsələdir. Bu gün əgər biz kəndlərdə qızlarımızın erkən nikahı problemindən və ya kənddə yaşayan qadınların ortaya çıxan problemlərindən, o cümlədən, kəndlərdəki sosial problemlərdən danışırıqsa, sözügedən çatışmazlıqların aradan qaldırılmasında həmin qadınların böyük rolu ola bilər.

 Bu məsələlərdə Azərbaycanın qeyri-hökumət təşkilatları da fəallıq nümayiş etdirirlər. Ölkəmizdə qadın problemləri üzrə ixtisaslaşmış təxminən 90 QHT fəaliyyət göstərir. Bu təşkilatların hər biri ayrı-ayrı istiqamətlər üzrə layihələr həyata keçirirlər. Bu layihələr çoxşaxəlidir. Onların arasında qaçqın və köçkün düşmüş, əsir və ya girovluqda olan qadınlarla bağlı layihələr də var. Bununla yanaşı, gənc qızlarla bağlı, onların təhsil almaları üçün həyata keçirilən layihələr də mövcuddur. Bu gün həmin layihələri həyata keçirən təşkilatlara da dövlət tərəfindən yüksək səviyyədə dəstək verilir, onlara maliyyə dəstəyi ayrılır. Həmin təşkilatlar öz layihələrini əlaqədar dövlət qurumları ilə birgə həyata keçirirlər. Bu QHT-lərin bəziləri bir sıra beynəlxalq təşkilatlarla da çox sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.

Sonda qeyd edək ki, Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verir. Azərbaycan dövləti və cəmiyyəti belə qadınlarla fəxr edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də məhz  ondan ibarətdir ki, Azərbaycan qadınları ictimai-siyasi həyatda yaxından iştirak edərək gündən-günə daha da fəallaşsın, ölkəmizin sürətli inkişafına öz misilsiz töhfələrini versinlər.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında