Şriftin ölçüsü:
09.07.2010 01:09 | Oxunma sayı: 401
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bildirmişlər ki, 2010-cu il fevralın 5-də komissiya tərəfindən 42 dövlət orqanı üzrə 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi aprelin 30-dan iyulun 5-dək keçirilmişdir.
Test imtahanı, Azərbaycanda ilk dəfə olaraq, kompyuter vasitəsilə keçirilmişdir. Bununla bağlı komissiya tərəfindən "Dövlət qulluğuna qəbulun elektron idarə edilməsi sistemi"nin tərkib hissəsi kimi xüsusi proqram təminatı - "Test imtahanı" sistemi hazırlanmışdır. Test imtahanı başa çatan kimi namizədə onun əldə etdiyi nəticə təqdim edilmişdir.
Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılmışdır:
1. Dünyagörüşü - dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı.
2. Qanunvericilik sahəsində - 40 test tapşırığı.
3. İnformasiya texnologiyaları sahəsində - 15 test tapşırığı.
4. Məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait 2009-cu ilin noyabrından komissiyanın rəsmi saytında yerləşdirilmişdir.
Komissiya bu müsabiqədə də bir sıra yeniliklər etmişdir. Birincisi, test imtahanında namizədlərin dünyagörüşü, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətlər üzrə bilikləri yoxlanılmışdır. İkincisi, keçid balları inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla fərqləndirilmişdir. Belə ki, inzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə keçid balı 80, 8 və 9-cu təsnifatları üzrə isə 70 bal müəyyənləşdirilmişdir. Üçüncü yenilik namizədlərin məntiqi düşünmə qabiliyyətinin yoxlanılması ilə bağlı olmuşdur. İnzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün təqdim edilən 30 test tapşırığından ibarət test blokunun 50 faizini, 8 və 9-cu təsnifatları üzrə isə 40 faizini düzgün cavablandırmış və müvafiq vəzifənin təsnifatı üzrə keçid balı toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilmişdir. Dördüncü yenilik isə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin 8-9-cu təsnifatlarına uyğun olan vəzifələr üzrə müəyyən edilmiş keçid balını toplayan namizədin vəzifənin tutulma şərtləri nəzərə alınmaqla bu təsnifatlara uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilməsi ilə bağlı olmuşdur. Test imtahanının cədvəli də bu tələb nəzərə alınmaqla tərtib edilmişdir. Belə ki, test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak etmişlər.
Test imtahanı komissiyasının "Test imtahanı mərkəzində" keçirilmişdir.
Müsabiqədə iştirak etmək üçün komissiyada 966-sı (23,5 faiz) qadın, 3145-i (76,5 faiz) kişi olmaqla 4111 namizəd qeydə alınmışdır. Onlardan 324-ü (24,29 faiz) qadın, 1010-u (75,71 faiz) kişi olmaqla 1334 nəfəri (bütün namizədlərin 32,45 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurmuşdur. Test mərhələsini uğurla başa vuran namizədlərdən
- 340 nəfəri (92 qadın, 248 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
- 414 nəfəri (76 qadın, 338 kişi) - 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;
- 580 nəfəri (156 qadın, 424 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə deyil, 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır.
Namizədlərdən 608 nəfəri test imtahanında iştirak etməmişdir. Bunlardan 97 nəfəri Əmlak Məsələləri Dövlət Komitəsi, 58 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və 52 nəfəri Dövlət Sosial Müdafiə Fondu üzrə qeydə alınmış namizədlərdir.
Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılmışdır. Eyni zamanda, nəticələr komissiyanın rəsmi internet saytında da yerləşdirilmişdir.
Test imtahanının nəticələrinə görə, daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
- Əmlak Məsələləri Dövlət Komitəsi - 116 yerə qarşı qeydə alınmış 605 namizəddən 244-ü test imtahanından uğurla keçmişdir;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 62 yerə qarşı qeydə alınmış 325 namizəddən 97-si test imtahanından uğurla keçmişdir;
- İqtisadi İnkişaf Nazirliyi -13 yerə qarşı qeydə alınmış 300 namizəddən 86-sı test imtahanından uğurla keçib;
- Mədəniyyət və Turizm Nazirliyi - 12 yerə qarşı qeydə alınmış 251 namizəddən 83-ü test imtahanından uğurla keçmişdir;
- Maliyyə Nazirliyi - 24 yerə qarşı qeydə alınmış 200 namizəddən 82-si test imtahanından uğurla keçmişdir;
- Bakı Apelyasiya Məhkəməsi - 21 yerə qarşı qeydə alınmış 243 namizəddən 78-i test imtahanından uğurla keçmişdir.
Dövlət Dəniz Administrasiyası, Lənkəran, Hacıqabul, Xocalı, Şəki Rayon məhkəmələri üzrə qeydə alınmış namizədlərdən heç biri test imtahanından keçə bilməmişdir.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.