Astara rayon rəhbərliyinin vaxtaşırı yerlərdə əhali ilə, ayrı-ayrı sahələrin təmsilçiləri ilə işgüzar görüşlər, səyyar qəbullar keçirməsi gözəl ənənə halı almışdır. Həmin görüşlər zamanı açıq mikrofonda səsləndirilən fikirlər, təklif və rəylər diqqətlə dinlənilib rəhbərliyin cari və perspektiv fəaliyyət planlarına daxil edilir, şikayətlər üzrə operativ addımlar atılır.
Problemlərə belə həssas yanaşma nəticəsində bir çox məsələlər həllini tapır, bəzən tapdanmış hüquqlar yerindəcə bərpa edilir. Başlıcası budur ki, adamlarda rəhbərliyə möhkəm inam hissi bərqərar olunur. Səsinin eşidildiyini, sözünün ünvana çatdığını görən sakinlər dövlət orqanları ilə qarşılıqlı etimad və etibar şəraitindən yetərincə bəhrələnə bilirlər.
Son bir ilə yaxın müddətdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin kənd və qəsəbələrdə, həmçinin müxtəlif sahələrin adamları ilə 40-a yaxın görüşü təşkil edilib. Ən azı hər həftəyə bir görüş və səyyar qəbul düşür. Özü də bu tədbirlər qətiyyən formal səciyyə daşımır, konkret əməli addımlarla təsdiqlənir. Örnək ola biləcək faktdır.
Rayon ağsaqqalları, şəhər sakinləri, tələbələr, idmançılar, fəal qadınlar, müharibə veteranları və əlillər ilə görüşlər hər kəsə unudulmaz təsir bağışlayıb.
May ayında Astaranın 45 kilometr uzaqlığında yerləşən Hamoşam və Asxanəkəran kəndlərinin sakinləri ilə görüşdə bu yaşayış məntəqələrinə gedən yollarının bərbad vəziyyətdə olması ilə bağlı fikirlər səslənmişdi. Yardım ediləcəyi söyləndi və heç iki həftə ötməmiş icra başçısı Qəzənfər Ağayevin tapşırığı ilə həmin yolların təmirinə başlandı. Problem tezliklə həllini tapdı.
...Şüvi kəndində görüş zamanı isə ağsaqqal Manaf Baxşıyev ucqar ərazidə yerləşən kəndlərə, xüsusən Siyatükə qaz çəkilişinə kömək etməyi xahiş etmişdi. Manaf kişinin bu xahişi rayon rəhbərliyinin diqqəti sayəsində yerinə yetirildi: Qurban bayramı ərəfəsində daha iki ucqar kəndə - Siyatük və Şovaşa təbii qaz verildi, bununla da 200 ailənin 1000-dən artıq üzvü evində mavi yanacaq görmək sevincini yaşadı.
Eləcə də camaatla təmasların nəticəsi olaraq körpülərin salınması, bankomatların qoyulması, su və qaz təchizatının qaydaya düşməsi, bürokratçılığın aradan qaldırılması və sair bu kimi çoxlu misallar çəkmək olar.
Bu günlərdə Q.Ağayevin Şüvi kənd sakinləri ilə görüşü keçirilmişdir. Doqquz ay ərzində bu, artıq ikinci belə görüş idi. Ara müddətində isə xeyli çətin keçilən Ərçivan-Şüvi yolunun asfaltlaşdırılması üçün səylər göstərilmiş, qaz çəkilişi və kənd tam orta məktəbi üçün yeni binanın tikintisi sürətlənmiş, bəzi başqa işlər də görülmüşdü. Bir növ, digər ərazilərdə olduğu kimi, sözün əməli işə çevrilməsi təkrar görüş üçün mənəvi haqq qazandırmışdı. Odur ki, kənddə qonaqlar böyük sayğı və səmimiyyətlə qarşılandılar.
İcra başçısı kənd sakinlərini salamlayaraq son aylarda ərazidə aparılan quruculuq və abadlıq işlərindən razı qalığını bildirdi. Ərazidə yeni məktəb binasının tikintisinin və yaşayış məntəqələrinin qazlaşdırılmasının sürətlə aparıldığını diqqətə çatdırdı. Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Fərəddin Babayev nümayəndəlikdə mövcud vəziyyət barədə ətraflı məlumat verdi. Rayon Qaz İstismar Sahəsinin rəisi Zahir Rzayev Sərək, Şüvi, Siyatük kəndlərinin qazlaşdırılması ilə əlaqədar görülən işlər barədə məlumat verərək bu sahədə işlərin daha sürətlə aparılması və Novruz bayramı ərəfəsində bu ərazilərə təbii qaz verilməsini təmin etmək üçün bütün tədbirlərin görüləcəyini bildirdi. Sakinlərdən Manaf Baxşıyev, Əbülfət Qüdrətov, Zakir Məmmədov, Səfər Abdullayev, Mahmud Məmmədov və başqaları çıxış edərək möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin hər yerində aparılan geniş abadlıq və quruculuq işlərindən razılıqlarını bildirdilər, son aylar rayonda sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər qazanıldığını, bu işdə rayon rəhbərliyinin zəhmətini xüsusi qeyd etdilər. Natiqlər tezliklə Ərçivan-Şüvi yolunda asfaltlaşdırma işlərinin başlanacağı xəbərindən sevindiklərini bildirdilər. Ə.Qüdrətov Şüvi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinin sürətlə aparılmasına və bu işə gündəlik diqqət göstərildiyinə görə rayon rəhbərliyinə minnətdarlığını ifadə etdi. Kənd sakinləri xalqımızın maddi rifah halının gündən-günə yaxşılaşdırılması üçün var qüvvəsini sərf edən Prezident İlham Əliyevin fəaliyyətini bütünlüklə ürəkdən bəyəndiklərini və dəstəklədiklərini diqqətə çatdıraraq prezident seçkilərində alternativsiz namizəd kimi məhz ona yekdilliklə səs verəcəklərini bildirdilər. Görüşdə çıxış edənlər nümayəndəliyin ərazisində elektrik dirəkləri və naqillərinin yeniləri ilə əvəz edilməsi, beş mindən çox əhalisi olan Şüvi kəndində bankomat qoyulması, Siyatük kəndinə içməli su verilməsi barədə təkliflər irəli sürdülər. Rayon rəhbəri Şüvi kənd sakinləri ilə görüşün səmərəli və işgüzar keçməsindən məmnunluğunu bildirdi, belə görüşlərin təşkilində əsas məqsədin yerlərdə mövcud vəziyyətlə və problemlərlə yaxından maraqlanmaq və konkret tədbirlər görmək olduğunu söylədi.
İcra başçısı ulu öndər Heydər Əliyevin müdrik siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini, bu yöndə Prezident İlham Əliyevin yorulmaz fəaliyyət göstərdiyini vurğuladı. Bu inkişafın Astaranın da timsalında aydın göründüyünü qeyd edərək dedi ki, yaxın vaxtlarda rayonda qazlaşdırma 90 faizə çatdırılacaq, elektrik təsərrüfatı yenidən qurulacaq, təkcə rayon mərkəzində deyil, kəndlərdə də yolların asfaltlaşdırılması və digər tədbirlər həyata keçiriləcək. Ölkə rəhbərinin Astaraya xüsusi qayğısının nəticəsidir ki, yaxın günlərdə uzun illərdən bəri bərbad vəziyyətdə olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi yolunun yenidən qurulması və asfaltlaşdırılması işinə başlanacaq. Novruz bayramı ərəfəsində bu ərazinin bütün evlərinə təbii qaz verilməsi təmin ediləcək.
Beləcə, daha bir görüş nikbin notlarla sona yetdi.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.