Füzuli rayonunda keçirilən ümumrayon toplantısında ölkədə gedən tərəqqi və yüksəlişin fonunda ötən il bölgədə həyata keçirilən mühüm işlər, işğaldan azad edilmiş ərazilərin əhalisinin iş və yaşayış şəraitinin normallaşdırılması ilə bağlı qarşıda duran vəzifələr geniş müzakirə olundu.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsinin əvvəlində ötən ilin əlamətdar hadisələrini yada salaraq dedi ki, tarixə çevrilmiş 2012-ci il füzulilərin yaddaşında əvvəlki illərin uğurlu davamı kimi iqtisadiyyatda, mədəniyyətdə, abadlıq-quruculuq işlərində irəliləyişlərlə yadda qalmışdır. Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri ilə bağlı hadisələr isə adamların xatirəsində silinməz izlər qoymuşdur. Dövlət başçısı dekabrın 15-də rayonumuzda olmuş, son il yarım ərzində Horadiz şəhərində və ərazidə tikilmiş 10 yeni obyektin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin Horadiz şəhərində tikilmiş Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, Gənclər Mərkəzi, Rayon Mədəniyyət Sarayı, Şahmat Mərkəzi, 240 şagirdlik Horadiz şəhər 3 nömrəli tam orta məktəb, Əhmədbəyli kəndi ərazisində tikilmiş 5 min ton məhsul saxlayan soyuducu anbar və Yuxarı Qarabağ kanalının Bala Bəhmənli kəndinin ərazisindən keçən hissəsində yaradılmış 25 meqavatlıq Füzuli Su Elektrik Stansiyasının (SES) birinci növbəsinin açılışında iştirak etmişdir. Prezident rayonda görülmüş bu işləri yüksək qiymətləndirmişdir.
Su Elektrik Stansiyasının açılışı zamanı ölkə rəhbəri rayon ictimaiyyəti qarşısında çıxış edərkən demişdir: “Mən çox şadam ki, son iki il ərzində rayonda böyük dəyişikliklər baş vermişdir. Mən yenə qeyd edirəm ki, Prezident kimi dördüncü dəfədir Füzuliyə səfər edirəm. Son səfərimdən sonra keçən dövr, doğrudan da, Füzuli rayonu üçün çox böyük uğurlarla zəngin olmuşdur. Qısa müddət ərzində böyük işlər görülmüş, parklar salınmış, yeni sənaye müəssisələri yaradılmışdır. Abadlıq işləri görülmüş və bu, məni çox sevindirir. Çünki Füzuli rayonu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan bir diyardır. Füzulilər bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində öz rolunu oynamışlar. Müharibə dövründə böyük qəhrəmanlıqlar göstərmişlər”.
Bu yüksək qiymət, bu inam bizi ölkə başçısı ətrafında sıx birləşməyə səsləyir.
Prezident İlham Əliyev rayonda olarkən qarşıda böyük işlər durduğunu da vurğulamışdır: “Növbəti illrədə Füzuli rayonunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Erməni vəhşiləri tərəfindən dağıdılmış evlərin bərpası məsələsi də vardır. Bu gün bu barədə məsələ qaldırıldı. Bu məsələ də öz həllini tapacaqdır. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir... Sizi əmin etmək istəyirəm ki, Prezident kimi bundan sonra da Füzuli rayonunun inkişafı ilə bağlı səylərimi göstərəcəyəm. Daim bu məsələ diqqət mərkəzində olacaqdır. Biz hələ çox-çox görüşəcəyik, çünki Füzulidə gələcəkdə böyük işlər görüləcək, böyük açılışlar olacaqdır”.
Ölkə başçısının füzulilərə olan böyük məhəbbətinin, diqqətinin nəticəsidir ki, Prezident İlham Əliyevin 17 dekabr 2012-ci il tarixli sərəncamı ilə Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsait ayrılmışdır. Həmin vəsaitlə Horadiz şəhərində abadlıq, quruculuq işləri, küçələrin bərpası işləri davam etdiriləcəkdir.
Məruzəçi daha sonra bildirdi ki, artıq rayonda bir sıra işlərə start verilmişdir. Belə ki, Horadiz şəhərində Tarix-Diyarşünaslıq Muzeyi, Milli Qəhrəmanların Xatirə-Abidə Kompleksi, Dövlət Bayrağı Meydanı, Mərkəzi Kitabxana sistemi üçün binaların tikintisinə başlanmışdır. 140 çarpayılıq Mərkəzi Xəstəxana binasının, 320 şagirdlik gimnaziyanın, Qazaxlar, Molla Məhərrəmli, Araz Zərgər kəndlərində orta məktəb binalarının tikintisinə yaxın günlərdə başlanacaqdır.
Bir sıra kəndlərdə uşaq bağçalarının tikintisi, məktəblərin, mədəniyyət və səhiyyə müəssisələrinin bərpası da həyata keçiriləcəkdir. Rayon icra hakimiyyəti üçün inzibati binanın tikintisi də ölkə başçısının tapşırığına uyğun olaraq qısa müddətdə öz həllini tapacaqdır.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq Horadizdə yeni aqroservis filialı tikilmişdir ki, burada 60-70 nəfər işlə təmin olunmuşdur. Proqramda nəzərdə tutulmuş kəndarası yolların əsaslı təmiri istiqamətində böyük işlər görülmüşdür. 2011-ci il iyulun 13-də ölkə başçısının sərəncamı ilə Əhmədbəyli, İkinci Mahmudlu, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alıxanlı, Beşinci Zobucuq qəsəbələrinin yollarını əhatə edən 21,8 kilometrlik, Bala Bəhmənli, Səngər, Araz Dilağarda, Araz Zərgər kəndlərini birləşdirən 7,1 kilometrlik yollar əsaslı bərpa olunmuşdur. Həmin yollardan rayonun 25 min nəfər əhalisi istifadə edir.
Rayonda yol infrastrukturu probleminin tam həll olunması istiqamətində tədbirlər davam etdirilməkdədir. Belə ki, yaxın vaxtlarda yolların bərpasına ehtiyac olan Böyük-Bəhmənli, Əhmədalılar, Qazaxlar, Qarabağ, Şükürbəyli kəndlərində bu vacib məsələ həll ediləcəkdir. Bu məqsədlə respublika hökuməti, aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılmış və razılıq alınmışdır. Bu ilin birinci yarısında rayon ərazisində 34,6 kilometrlik yolun əsaslı bərpası təmin olunacaq və yol problemi həll ediləcəkdir.
Rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ölkə başçısının 2008-ci ildə verdiyi tapşırıq uğurla davam etdirilir. Dövlət Proqramına uyğun olaraq rayonun 39 yaşayış məntəqəsindən 19-na qaz çəkilişi başa çatmışdır. İndiyədək Horadiz şəhəri, Arayatlı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Böyük Bəhmənli, Bala Bəhmənli, Əhmədbəyli, Qarabağ, Aşağı və Yuxarı Kürdmahmudlu, Alıxanlı, Əhmədalılar, Qazaxlar kəndlərinə təbii qaz çəkilmişdir. Hazırda Zobucuq və Qayıdış qəsəbələrinə qaz çəkilişi davam etdirilir.
Rayonun yaşayış məntəqələrində telefonlaşma işi aparılmışdır. Telefona ehtiyacı olan hər bir kəs telekommunikasiya qovşağına müraciət edə bilər və bu zaman hər evə telefon çəkilməsi mümkündür.
Dövlət Proqramında rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması da nəzərdə tutulmuşdur ki, bu istiqamətdə əsaslı işlər həyata keçirilmişdir. “Azərsu” ASC tərəfindən Horadiz şəhərində Araz-Dilağarda, Aşağı Yağlıvənd və Arayatılı kəndlərində 10 ədəd artezian quyusu vurulmuşdur. Meliorasiya və Su Təsərrüfatı ASC Dövlət Proqramına uyğun olaraq ehtiyac olan 8 yaşayış məntəqəsində 20 suvarma artezian quyusu qazıb istifadəyə vermişdir.
Dövlət investisiya qoyuluşu hesabına 26 yerdə artezian quyuları qazılacaqdır. Dövlət Proqramının tələblərinə uyğun olaraq Horadiz şəhər mədəniyyət evi əsaslı bərpa olunmuşdur. Yeni il ərəfəsində sarayda incəsənət ustaları ilk bayram konserti veriblər. Gələcəkdə böyük turist axınına səbəb olacaq 13-cü əsr Şeyx Babı türbəsinin bərpası davam etdiriləcəkdir.
Ərazidə böyük qum-çınqıl yataqları olduğuna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik və bu il yəqin ki, kəşfiyyat işlərinə başlanacaqdır. Dövlət Proqramında ərazidəki elektrik dirəklərinin və köhnə xətlərin yenidən qurulması işinə də başlanması nəzərdə tutulmuşdur. “Azərenerji” ASC yaxın vaxtlarda bu tədbirlərin icrasına başlayacaqdır.
Horadiz şəhərində kanalizasiya sisteminin və bütövlükdə şəhərin yenidən qurulması istiqamətində dövlət səviyyəsində böyük proqram hazırlanmışdır. Rayonda dövlət proqramı uğurla həyata keçirilir, nəzərdə tutulmuş bütün tədbirlərin icrası diqqət mərkəzindədir.
Füzuli Rayon İcra Hakimiyyəti hesabat ilində bir sıra işlər də həyata keçirmişdir. Horadiz şəhəri başdan-başa dəyişmişdir. Küçələr, səkilər, xidmət obyektləri, işıqlandırma sistemi, park və xiyabanlar, ümumiyyətlə, gözə görünən hər şey gözəlləşmişdir. Qısa müddətdə Gecəgözlü, Üçbulaq yatağında, 4 nömrəli Qayıdış qəsəbəsində yeni məktəb, Kərimbəyli kəndində uşaq bağçası tikilmişdir. Qarabağ Heyvandarlıq Kompleksinin yerində respublikada ən iri broyler fabriki tikilmişdir.
Keçən il taxılçılıqda rayonun tarixində ən yüksək nəticəyə nail olunmuşdur. 36 min hektar sahədən 103 min tona yaxın məhsul götürülmüşdür ki, bu da 30 sentnerə yaxın məhsul deməkdir. Füzuli respublikada 100 min ton həddini keçən bir neçə rayondan biri olmuşdur. Yaxın illərdə rayonda məhsuldarlığın hər hektarda 40-50 sentnerə çatdırılması gözlənilir. Ötən il 1277 ton qarğıdalı, 1620 ton kartof, 10500 ton bostan, tərəvəz məhsulları, 32465 ton çuğundur, 400 ton pambıq, 280 ton üzüm, 144 ton günəbaxan, 110 ton meyvə, 2200 ton ət, 11612 ton süd, 6 milyon 240 min ədəd yumurta, 151 ton yun istehsal olunmuşdur. Hazırda rayonda 31130 baş iri mal, 113400 baş qoyun-quzu, 235 min baş quş var.
Rayonun yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatı diqqət mərkəzindədir, “Dövlətqaçqınkom” yaşayış məntəqələrinin ehtiyacı olan elektrik avadanlıqları ilə təminatına kömək göstərir. İçməli su təchizatı əvvəlki ilə nisbətən keçən il xeyli yaxşılaşdırılmışdır. Ən vacib xidmət sahələri olan təhsil, mədəniyyət və səhiyyə işinin getdikcə təkmilləşdirilməsi davam etdirilir. Ərazidəki 45 ümumtəhsil müəssisəsinin hamısı, tibb və mədəniyyət müəssisələrinin əksəriyyəti yenidən tikilmiş və ya əsaslı bərpa olunmuş binalarda yerləşir. Ötən il 443 nəfərin ali və orta ixtisas məktəblərinə sənəd verməsini və onlardan 318 nəfərin müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olunmasını uğur saymaq olar. Sənəd verən şagirdlərin 70 faizi ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Səhiyyədə xidmətin səviyyəsini yüksəltmək üçün tədbirlər həyata keçirilir. Yaxın günlərdə 140 çarpayılıq mərkəzi xəstəxana binasının tikintisinə başlanacaqdır. Müasir avadanlıqlar gətiriləcəkdir.
Horadiz şəhərində gözəl mədəniyyət sarayı tikilib istifadəyə verilmişdir. Dövlət Dram Teatrı qapısını tamaşaçıların üzünə açmalıdır, orada tamaşalar göstərilməlidir.
Dövlət Proqramına uyğun olaraq Horadiz şəhərində Qarabağ əlilləri üçün çoxmərtəbəli evin tikilməsi nəzərdə tutulmuşdur.
2012-ci ildə rayon icra hakimiyyəti başçısının 41 səyyar qəbulu olmuş, bu zaman 3650 nəfər vətəndaş qəbul edilmiş, qaldırılan 300-ə yaxın məsələnin hamısı qısa müddət ərzində həll edilmişdir.
Məruzə ətrafında çıxış edənlər ayrı-ayrı sahələrdə qazanılan uğurlardan və problemlərdən söz açdılar. Bildirildi ki, qarşıda həlli daha vacib məsələlər dayanır. Əhalinin həyat şəraitini daha da yaxşılaşdırmaq, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə əlaqə saxlamaq, onların qayğı və müraciətlərini həll etmək üçün bütün imkan və səylər hərəkətə gətirilməlidir. Toplantı belə bir inamla yekunlaşdı: Füzulilər bundan sonra da fəaliyyətlərini Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən irəli gələn tələblər səviyyəsində quracaq. 2013-cü ildə də rayonun uğurlarını artıracaqlar.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.