Naftalan şəhərində su təchizatı layihəsinin icrasına başlandı

 

 

Son illər ölkəmizin bütün regionlarında geniş quruculuq işləri həyata keçirilir, müasir dövrün tələblərinə uyğun sosial infrastruktur sahələri yaradılır. Bu baxımdan regionlarda reallaşdırılan  su və kanalizasiya layihləri diqqəti daha çox cəlb edir. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatını ölkədə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.

Məhz bunun nəticəsidir ki, son illər istər paytaxt Bakıda, istərsə də regionlarda su və kanalizasiya şəbəkələri tamamilə yeniləşdirilir, əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm işlər görülür.

Azərbaycan Respublikası hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Naftalan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanmışdır. Bununla əlaqədar martın 6-da Naftalan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı səfirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Takao İmanişi, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov,  şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturunun yenidən  qurulduğunu bildirmişdir. Dövlət başçısının “Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin” tapşırığını xatırladan səhmdar cəmiyyətin sədri artıq ölkəmizin 23 şəhər mərkəzi və 277 kəndində su təchizatı və kanalizasiya layihələrinin icra edildiyini diqqətə çatdırmışdır. Naftalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin sayca 24-cü olduğunu diqqətə çatdıran Q. Hüseynov işlər başa çatdırıldıqdan sonra  Naftalan şəhərində, Qasımbəyli və Daşaltı Qaraqoyunlu kəndlərində 14 minə qədər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdırılacağını bildirmişdir. Qeyd olunmuşdur ki, layihənin keyfiyyətli icrasını təmin etmək üçün yeni texnologiyalardan və avadanlıqlardan istifadə olunacaq ki, bu da tikinti işlərini qısa müddətdə və keyfiyyətlə icra edilməsinə imkan yaradacaqdır.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd etmiş, Naftalanın inkişafına göstərilən diqqət və qayğıya görə şəhər sakinləri adından ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Yaponiyanın Azərbaycandakı səfirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Takao İmanişi  isə ölkəsinin Azərbaycan hökuməti ilə əməkdaşlığını yüksək qiymətləndirərək “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində digər şəhərlərdə görülən işlərin gedişindən razı qaldığını ifadə etmişdir. 

Xatırladaq ki, “Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Naftalan şəhərində 9800, Qasımbəyli və Daşaltı Qaraqoyunlu kəndlərində isə 4200 nəfər olmaqla 14 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su Ballıqaya-Goranboy magistral su kəmərindən veriləcək. Bu mənbədən Naftalan şəhərinə 315 millimetr diametrli borularla 5,9 kilometr uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 3 min kubmetr olan iki su anbarı inşa olunacaq, xlorator qurğusu və inzibati bina tikiləcək. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədilə 200-800 millimetr polietilen borularla 31 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və kollektor inşa ediləcək. Tullantı sularının emalı edilməsi məqsədilə gələcəkdə çirkab su təmizləyici qurğu tikiləcək. Naftalan şəhərində inşaat işlərini beynəlxalq tenderdə qalib gəlmiş “Çukurova İnşaat Sanayi ve Ticaret A.Ş.” və “Su İstilik Quraşdırma” Türkiyə-Azərbaycan birgə müəssisəsi həyata keçirəcək. Layihə üzrə işlərin 2015-cü ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur.

 

M. QULİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında