Novruz şənliklərinə Zərdab rayonunda start verildi

 

 

Ölkəmizdə Novruz şənliklərinə su və od çərşənbələri ərəfəsində Azərbaycan Televiziya və Radio Verilişləri QSC ilə Zərdab Rayon İcra Hakimiyyətinin birgə keçirdikləri möhtəşəm tədbirlərlə Zərdab rayonunda start verilmişdir.

Milli geyimli yüzlərlə oğlan və qız, idmançılar, atlılar, ictimaiyyətin, gənclərin nümayəndələri və ozan, kosa, keçəl Novruzsayağı bəzənmiş at arabasında zurna sədaları altında Zərdab şəhərinin girişində tikilmiş əzəmətli giriş qapısından rayona daxil olmuşlar. Sonra onlar Bayraq meydanında yığışaraq şəhər mərkəzindəki ümumi ərazisi 5 hektara qədər olan Heydər Əliyev parkında ümumrayon Novruz şənliyini qeyd etməyə toplaşan minlərlə rayon sakininə qoşulmuşlar.

Ozan haray çəkərək insanları Novruzun gəlişi, ilk çərşənbələr münasibətilə təbrik etmiş və tonqallar yandırılmışdır. Milli geyimli oğlan və qızlar tonqalın ətrafında yallı ifa etmişlər.

Tədbirə toplaşanlar rayonun 42 yaşayış məntəqəsindən Heydər Əliyev parkında təşkil olunan milli-mənəvi dəyərlərimizi özündə əks etdirən qədim sənət nümunələri, sacda balıq bişirilməsi, plov, yarpaq dolması, kətə və digər onlarla milli xörəklərimizin bişirilməsi, dibəkdə dən döyülməsi, xalça toxunması, təknədən bal kəsilməsi ilə tanış olmuşlar. Milli oyunların o cümlədən bənövşə, kəndirdartma, qolgücü, dirədöymə nümayişi olmuşdur. Kəndirbazların çıxışları Novruz şənliyinin iştirakçıları tərəfindən yüksək alqışlarla qarşılanmışdır.

Karate, taekvondo, sərbəst güləş, şahmat və digər növlər üzrə idmançılar, Rayon Mədəniyyət və Turizm Şöbəsinin milli geyimli rəqs qrupu, Zərdab Uşaq İncəsənət Məktəbinin xor kollektivi xüsusi hazırlanmış proqramla iştirakçılar qarşısında geniş çıxış etmişlər. 99 yaşlı Nərgiz xalanın 200 il bundan əvvəl ulu nənəsindən qalmış qədimi samovarda hazırladığı çay onu içənlərə xüsusi ləzzət etmiş, dünənimizdən bu günümüzə canlı körpü salmışdır.

Milli musiqimizin istedadlı ifaçılarından Gülyaz Məmmədova, Zabitə Alıyeva, Kamilə Nəbiyeva, İlahə Əfəndiyeva, Səbinə Ərəbli, Zeynəb Quliyeva, Ramil Qasımov, Məmməd Nəcəfov, Günay İmamverdiyeva, Mirələm Mirələmov, xalq artisti professor Ramiz Quliyev və digərlərinin yüksək səviyyəli ifaları bayram əhval-ruhiyyəsində olan zərdablılara daha xoş ovqat bəxş etmişdir.

Novruz şənlikləri Kür çayı sahilində və bayramsayağı bəzədilmiş gəmidə davam etdirilmişdir. Novruz mərasiminin keçirildiyi ərazilərin Novruz ruhlu tərtibatı, tədbir yerlərin düzülmüş 5 mindən çox səməni, Heydər Əliyev parkındakı fəvvarələr, şəlalə, minlərlə çiçək və güllərdən hazırlanmış butalar da iştirakçılarına bahar əhvalı gətirmişdir.

Bu möhtəşəm tədbiri lentə alan AzTV, Xəzər TV, ATV, Space və digər çoxsaylı televiziya kanallarına müsahibə verən Zərdab ictimaiyyətinin nümayəndələri milli-mənəvi dəyərlərimizin qorunmasının, vaxtı ilə qeyd edilməsi insanlara yasaq olunan milli bayramlarımızın, adət və ənənələrimizin ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində bayram edilməsinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə görə dövlətimizin başçısına minnətdarlıq etmişlər.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında