“Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması” mövzusu ətrafında geniş müzakirələr aparılmışdır

 

 

Martın 5-də BMT-nin İctimai İnformasiya Departamenti (İİD) bu beynəlxalq təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) və Əhali Fondu ilə birgə “Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması, habelə bu sahədə BMT-nin agentliklərinin gördükləri işlər” mövzusu ilə bağlı təqdimat və müzakirə keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə BMT-nin baş katibi Pan Gi Munun qadınlara ünvanladığı məktubun mətni səsləndirilmişdir. Tədbirdə BMT QAK-ın sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev “Qaçqın və məcburi köçkünlərlə bağlı müxtəlif vəziyyətlərdə QAK-ın fəaliyyəti”, BMT-nin Əhali Fondunun proqram müşaviri Bəhicə Əliyeva “Gender əsaslı zorakılıqla mübarizədə medianın rolu” mövzularında təqdimatlarla çıxış etmişlər.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson tədbirdə çıxış edərək respublikamızda həyata keçirilən islahatlardan və onların müsbət nəticələrindən məmnunluğunu bildirmişdir. Hazırda dünyanın bəzi ölkələrində qaçqınlarla bağlı mövcud durumdan narahatlığını bildirən D.Siqurdson, ölkəmizdə bununla əlaqədar görülən tədbirləri və sürətli inkişafı yüksək qiymətləndirmişdir. O, daha sonra media qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində birgə uğurlara nail olunacağına əminliyini ifadə etmişdir.

Daq Siqurdson doğma yurd-yuvalarından didərgin düşmüş insanların üzləşdikləri problemlərin həlli sahəsində Azərbaycan hökuməti tərəfindən göstərilən səylərin əhəmiyyətindən danışmışdır.

Tədbirdə İİD-nin Azərbaycan üzrə nümayəndəsi Envera Selimoviç insanlar arasında bərabər inkişafdan bəhs etmiş, onların informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edə bilmələrinin vacibliyini vurğulamışdır.

E.Selimoviç yoxsulluq, gender balansı, uşaq hüquqları, təhsil, səhiyyə və ətraf mühitin dayanıqlı inkişaf istiqamətində diqqət yetirilməli əsas məsələlərdən olduğunu qeyd etmişdir.

BMT-nin insan hüquqlarının qorunması, qlobal aclığın, xəstəliklərin aradan qaldırılması, sağlamlığın təmin edilməsi, qaçqınların məskunlaşma məsələləri istiqamətində fəaliyyətindən söhbət açan E.Selimoviç ixtisaslaşmış agentliklərin bu sahədə keçirdikləri görüşlər, müzakirələr və sərgilərin əhəmiyyətini vurğulamışdır.

Bildirilmişdir ki, Azərbaycan 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunmuş və bir neçə ay sonra Birləşmiş Millətlər Təşkilatının Bakıda ofisi təsis edilmişdir.

Hazırda BMT Azərbaycanda 19 ixtisaslaşmış agentlik və proqramı vasitəsilə idarəçiliyi yaxşılaşdıracaq, yoxsulluğun azaldılmasına nail olacaq, insan hüquqlarına hörmət edilməsini və gender bərabərliyini təmin edəcək, həmçinin insanların əsas sağlamlıq və təhsil ehtiyaclarını qarşılaya biləcək bir mühit yaradaraq ölkənin inkişafına dəstək göstərir.

Vurğulanmışdır ki, tədbirin məqsədi media nümayəndələrini dünyada qaçqın və məcburi köçkünləri himayə edərək dəstəkləyən, onların öz yurdlarına qaytarılması və yerli inteqrasiyasını təmin edən beynəlxalq təşkilat haqqında məlumatlandırmaq və eyni zamanda, qarşıdan 8 Mart – Beynəlxalq Qadınlar Gününün gəldiyini nəzərə alaraq yerli jurnalistləri gender bərabərliyi və qadınlara qarşı zorakılığın aradan qaldırılması mövzusunda maarifləndirməkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında