Bahar rəngarəng gözəlliyi ilə birlikdə yurdumuza qədəm qoyur. Bu fəsilin spesifik xüsusiyyətləri ondan ibarətdir ki, xalqımızın milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramı məhz onun ilk ayında qeyd edilir.
Xalqımız bu gözəl bayramı illərdir ki, böyük məhəbbətlə, ehtiramla qarşılayır, yüksək ovqatla qeyd edir. Novruz bayramı bizim üçün o qədər əzizdir ki, hər bir azərbaycanlı onun adət-ənənəsinə, mərasimlərinə sözsüz əməl etməyi özünə borc bilir. Bu bayrama qədər hər həftə bir çərşənbəni təmtəraqla qarşılayırıq. Hər bir çərşənbənin də öz adı, öz mənası, öz yozumu var. Boz ayın ikincisi çərşənbəsi od çərşənbəsidir. Bu çərşənbənin özünəməxsus xüsusiyyətləri vardır. Xalq arasında od çərşənbəsini həm də “Üsgü çərşənbə”, “Adlı çərşənbə” də adlandırırlar. Məhz bu çərşənbədə tonqalın qalanması vacib şərtlərdəndir. Tonqal burada odu, istiliyi ifadə edir. Hər bir həyətdə tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir.
Od çərşənbəsində qazanlar qaynamalı, ocağın üstü boş qalmamalıdır. Tədqiqatçılar bu adəti qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstliklə bağlayırlar. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib. Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədi də həmin dinin “yadigarlarından” hesab olunur. Belə bir adət də var ki, hər kəs çərşənbə günü süfrəni müxtəlif şirniyyatlarla bəzəməlidir. İnsanların inancına görə, bu, süfrənizin bollu–bərəkətli olmasına, ilinizin şirin və sevinc dolu keçməsinə işarədir. Adət-ənənəyə görə, od çərşənbəsindən sonra bahara doğru daha da yaxınlaşmış oluruq, Günəş yavaş-yavaş torpağı isindirir və yazın nəfəsi duyulmağa başlayır.
Ümumiyyətlə, od təmizlik, sağlamlıq və gözəllik rəmzi hesab edilir. Odla bağlı olan bir çox xalq deyimləri-inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Bu gün də dəyərini itirməyən illərin sınağından çıxan bu inanclar həqiqətən çox düşündürücüdür. Məsələn, “Ocağa yanaşanda salam verərlər”, “Ocaq dağıdanın ocağı dağılar”, “Od hisli olarsa, uzaqdan qonaq gələcək”, “Ocaq yananda səs çıxırsa, kimsə sözünü danışır”, “Ocaq yeri qibləyə olan evə uğur gələr”. Bəzən bu inanclar xalq təbabətində də öz əksini tapıb. Yaraya ocaq külü bağlayarlar ki, tez sağalsın. Lap qədim zamanlarda yeni doğulmuş körpəni külün üstünə qoyardılar ki, heç vaxt xəstəlik tapmasın. Bayram ocağının tüstüsü kimin üzünə dəysə, sevgilisi göyçək olar. Xalq təbabətinə görə, lap qədimlərdə yaranın tez sağalması üçün odla dağlayardılar.
Hər bir ailə bu çərşənbə günü çalışır ki, imkanı dərəcəsində evində müxtəlif ləzziz yeməklər bişirsin, süfrə açılsın, xonça bəzəsin, şamlar yandırsın. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs od çərşənbəsini şad-xürrəm və bolluq içində keçirməyə can atır. Od çərşənbəsində sonra tarlalarda əkinə hazırlıq işləri başlanır. Bu çərşənbədə tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.
Xalqımızın süfrəsinin şahı plovdur. Plovun 200-ə qədər növü var. Adətən od çərşənbəsində döşəməplov bişirirlər. Bəzi bölgələrimizdə isə südlü aş və boranıplov da hazırlayırlar. Od çərşənbəsində də insanlar bir-birinə qonaq gedər, “Çərşənbən mübarək” deyər, “Ağrın-acın odda yansın” söyləyərlər. Bu çərşənbə səhəri insanlar sübh tezdən durar, Günəşin doğmasını səbirsizliklə gözləyərlər. Qədim dövrlərdə, hətta Günəşi salamlamaq üçün xüsusi nəğmələr oxunardı.Günəşin şəninə qoşulan nəğmələrdə də dərin bir inam əks olunardı. Bütün bu dəyərləri özündə birləşdirən Od çərşənbəsi öz hərarətiylə qəlblərə sevinclə bərabər sevgi paylayır. Çərşənbəniz mübarək!
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.