Sumqayıt: inkişafın təməlində dövlət qayğısı dayanır

 

Ölkəmizin davamlı inkişafı, həyatımızın bütün sahələrində uğurla aparılan irimiqyaslı iqtisadi islahatlar, qazanılan uğurlar Sumqayıt şəhərinin də hərtərəfl inkişafına geniş imkanlar yaratmışdır. Burada yeni, müasir istehsalatların yaradılması, şəhərin yüksək səviyyədə abadlaşdırılması, əhalinin rifahını daha da yaxşılaşdırmağa yönəldilmiş layihələr ölkə Prezidentinin Sumqayıta olan xüsusi diqqətinin bariz nümunəsidir.

Son iki ildə gənclik şəhərinə 4 dəfə səfər edən möhtərəm Prezidentimiz Sumqayıtın dinamik inkişafına müstəsna köməyini əsirgəmir. Dövlət başçımız şəhərdə baş verən əsaslı dəyişikliklərlə, yeni layihələrlə daim yaxından maraqlanır, tövsiyələr verir, şəhərin inkişafının daha da sürətləndirilməsinə dair sərəncamlar imzalayır. Ötənilki səfərləri zamanı Azərbaycan rəhbəri Sumqayıt Texnologiyalar Parkında olmuş, burada yeni istifadəyə verilmiş boru istehsalı zavodunun ikinci mərhələsinin, 500 kilovoltluq kabel zavodunun ikinci mərhələsinin, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının fəaliyyəti ilə maraqlanmışdır. Ölkə başçımız eyni zamanda “Azgüntex” MMC-nin günəş modulları və LED lampalar istehsalı sahələrinin açılış mərasimini reallaşdırmış, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş binanın açılışında iştirak etmiş, bu kateqoriyadan olan insanlara yeni mənzillərin və avtomobillərin açarlarını təqdim etmiş, Nəsimi adına dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur.

İllik hesabat yığıncağını açan icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, mütərəqqi layihələrin icrası nəticəsində şəhərimiz Bakı standartlarına yaxınlaşmaqla ən müasir Avropa şəhərlərinin səviyyəsinə çatacaq. Bu gün Sumqayıt özünün yeni, tarixi bir inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf şəhər həyatının bütün sahələrini əhatə edir. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret proqramlar, icra mexanizmləri həyata keçirilir.

Sonra icra başçısının müavini Sahib Quliyevin məruzəsi dinlənildi. O dedi ki, hesabat ilində şəhər üzrə ümumi daxili məhsul istehsalı 661,7 milyon manat olmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım 30 faiz təşkil etmişdir. Şəhərin sənaye müəssisələrində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz artaraq 402,5 milyon manat təşkil etmişdir. Sosial-iqtisadi sahələrdə çalışan işçilərin əmək haqqı 15 faiz artmış, ümumilkdə orta aylıq əmək haqqı 400 manat səviyyəsini ötmüşdür.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmaqdadır. Burada neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu, çoxsaylı iş yerlərinin açılmasına imkan verəcək və ixtisaslı mütəxəssislərə təlabat artacaq. İl ərzində parkda bir sıra iri istehsal sahələrinin, “Azot gübrəsi - karbamid” zavodunun inşası ilə əlaqədar zəruri işlərin görülməsi davam etdirilmişdir. Sumqayıt Texnologiyalar Parkında 20-dən çox iri, müasir istehsal sahəsi fəaliyyət göstərir. Hazırda burada 500 kilovoltluq kabel zavodunun üçüncü mərhələsinin, polikarbonat lövhələr, kanalizasiya boruları, polikarbonat dolğulu sendviç panelləri, transformatorlar istehsalı, metaləritmə və şüşə emalı zavodlarının inşası davam edir. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr tarixli 2012-ci il tarixli fərmanı ilə Sumqayıtda informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri şəraiti olan Yüksək Texnologiyalar Parkı yaradılmağa başlamışdır. “Azərboru” ASC ötən ilin sonunda “Baku Steel Compani”nin idarəetməsinə verilmişdir. Yaxın vaxtlarda burada yeni metal emalı texnologiyaları tətbiq ediləcək və işləyənlərin sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artacaq. “Intertextil” ASC-də pambıq iplik istehsalı və trikotaj məhsullar istehsalı davam etdirilmişdir. Hazırda müəssisə fasiləsiz olaraq fəaliyyət göstərir, istehsalın həcmi və burada daimi işləyənlərin sayı tədricən artır.

Regional inkişaf Dövlət Proqramında Sumqayıt şəhəri üzrə müəyyən olunmuş tədbirlər uğurla icra olunmuşdur. Onun mövcud sənaye potensialından səmərəli istifadə edilməsi və gücləndirilməsi üçün əhəmiyyətli işlər görülür. Ötən il “Azərsun Holdinq” şirkətlər qrupu tərəfindən Sumqayıt Sənaye zonasında kağız-karton istehsalı kombinatı və yağ istehsalı fabrikində tikinti-quraşdırma işləri başa çatmışdır. Hazırda hər iki müəssisədə sınaq məhsullar istehsal edilməsinə başlanmışdır.

 “MKT İK” MMC-nin Sumqayıt Tekstil filialında illik istehsal gücü 6,5 milyon metr parça olan yeni müasir müəssisənin inşası başa çatdırılmışdır. Hazırda həmin müəssisədə məhsul istehsalına başlanmışdır.

 “Delta Qrup” MMC tərəfindən tutumu 4000 ton olan soyuducu anbar kompleksinin, sutkalıq istehsal gücü 120 ton olan çörək zavodunun inşası yekunlaşmaq üzrədir.

İl ərzində şəhər üzrə bütün maliyyə mənbələrindən ayrı-ayrı sahələrin inkişafına 66 milyon manatdan çox əsaslı vəsait qoyulmuşdur. Kapital qoyuluşu əsasən inşaat işləri davam etdirilməkdə olan yeni sənaye obyektlərinin tikinti-quraşdırılmasına yönəldilmişdir. Şəhərdə hamısı daimi olmaqla 2915 yeni iş yerləri yaradılmışdır.

Əhaliyə 12,2 milyon manatlıq nəqliyyat, 7 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir. Sakinlərin yaşayış səviyyəsini əks etdirən əsas göstəricilərdən biri olan pərakəndə əmtəə dövriyyəsi üzrə artım tempi 17 faiz olmuşdur.

Şəhərin mərkəzi küçə və prospektləri yenidən qurularaq abadlaşdırılmış, səki daşları qoyulmuş, üzlük daşlar döşənmiş, yaşıllıqlar salınmış, ticarət obyektləri yeni layihələr üzrə işlənilir. “Heydər parkı”nın və Mərkəzin, bilavasitə ölkə Prezidentinin nəzarətində olan Nəsimi adına mədəniyyət və istirahət parkının abadlaşdırılaraq yenidən qurulması, yeni yaşıllıqların salınması davam etdirilir.

Şəhərin küçə, meydan və məhəllə-mikrorayon daxili yollarının 90 min kvadratmetrdən çoxunun asfalt örtüyü əsaslı təmir edilmiş, 13,7 min poqonometr səki daşları qoyulmuş, piyada yolları, meydança və xiyabanlara 69,4 min kvadratmetr üzlük daş, 1,2 min kvadratmetrdən çox mərmər döşənmişdir. Mədəniyyət və istirahət parklarının ərazisində kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb və həmin işlər hazırda davam etdirilir.

Şəhər icra hakimiyyətinin inzibati binasının fasadı müasir dizayn əsasında yenidən qurulmuş və bina zövqoxşayan şəkildə bütövlükdə əsaslı təmir olunmuşdur. Binanın qarşısındakı meydan yenidən qurulmuş, əzəmətli “Bayraq meydanı” yaradılmışdır. Hazırda bu meydanda demək olar ki, şəhərin hər tərəfindən görünən üçrəngli bayrağımız qürurla dalğalanır.

“Bələdiyyə parkı” yenidən qurulmuş və sakinlərin istifadəsinə verilmişdir.

H.Əliyev və Koroğlu prospektlərinin, N.Nərimanov və Sülh küçələri abadlaşdırılaraq mövcud tikililər tərtib edilmiş layihələr üzrə yenidən qurulub, sıxlıq yaradan obyektlər digər əraziyə köçürülüb. “Kimyaçı” mədəniyyət sarayı və onun qarşısındakı meydanda da əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Sumqayıt Cümə məscidində dindarlarla görüşü zamanı məscidin əsaslı təmir olunması və minarənin tikilməsi cənab Prezidentdən xahiş olunmuşdu. Ölkə başçısının tapşırığı əsasında qısa müddətdə yeni layihə hazırlanmış və işlərə başlanmışdır. Artıq məsciddə işlər yekunlaşır.

Ötən ildə məhəllə və mikrorayonların daxili ərazilərinin abadlaşdırılaraq yenidən qurulması, “Nümunəvi məhəllə”lərin yaradılması istiqamətində irimiqyaslı işlər həyata keçirilmişdir. 17-ci mikrorayonda və"Şirvan" yaşayış massivində də belə məhəllələr yaradılmışdır. Növbəti nümunəvi məhəllə 12-ci mikrorayon ərazisində yaradılır.

Təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Təbiət Elmləri Təmayüllü Gimnaziyada, 28 nömrəli məktəbdə əsaslı təmir işləri aparılmış, 40 nömrəli məktəb üçün yeni bina tikilmişdir.

“Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsində şəhərin üç məktəbi və üç müəllimi qalib olmuşdur.

Şəhərdəki 1 saylı xəstəxana Prezident tapşırığı ilə tamamilə yenidən qurulur. Digər tibb ocaqlarının bölmələrində cari təmir işləri aparılmışdır.

“İdman ili”ndə sumqayıtlılar tərəfindən qazanılan 212 mükafatdan 34 qızıl, 28 gümüş, 32 bürünc medal dünya və Avropa kuboku yarışlarında əldə olunmuşdur. XXX London Yay Olimpiya və XIV Paralimpiya oyunlarında şəhərin 7 idmançısı iştirak etmişdir. İkiqat Paralimpiya çempionu İlham Zəkiyev oyunlarda müvəffəqiyyətlə çıxış edərək bürünc medal qazanmışdır...

Digər çıxışlarda ayr-ayrı sahələrin uğurları konkret faktlarla nəzərə çatdırıldı, qarşıda duran vəzifələrdən danışıldı. Yerdən çıxış edən sakinlər abadlıq işlərindən razılıqlarını bildirdilər, həmçinin onları narahat edən məsələləri şəhər rəhbərliyinə çatdırdılar. İnam ifadə edildi ki, 2013-cü ildə nailiyyətlər möhkəmləndiriləcək, sumqayıtlıların həyatı daha da gözəlləşəcək.

 Prezident Administrasiyasının məsul əməkdaşı yığınaqda iştirak etmişdir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında