Hərbi xidmətə çağırış mütəşəkkil keçir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının 2010-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında 2010-cu il iyunun 9-da imzaladığı fərmandan irəli gələn vəzifələr uğurla icra olunur. Hazırda çağırış yaşı çatmış gənclərin, eləcə də ölkəmizin Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə yola salınması yüksək mütəşəkkillik şəraitində davam edir.
Ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Yasamal rayonunda da bu vacib kampaniya böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Artıq bir həftədən çoxdur ki, rayon hərbi komissarlığının həyətində böyük qələbəlik, əsl bayram təntənəsi yaşanır. Həqiqi hərbi xidmətə çağırılan gənclər məhz buradan Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına yollanırlar.
Elə dünən Yasamal Rayon Hərbi Komissarlığının həyətində hökm sürən bayram təntənəsinin, qələbəliyin də səbəbi məhz dövlət başçısının müvafiq fərmanına uyğun olaraq çağırışçıların həqiqi hərbi xidmətə yola salınması idi. Mərasimin başlanmasına bir qədər vaxt qaldığından fürsətdən istifadə edib rayon hərbi komissarlığında çağırış kampaniyasının gedişi, burada hərbi-vətənpərvərlik işinin təşkili, eləcə də gənclərin həqiqi hərbi xidmətə yola salınmasında tətbiq olunan yeniliklər barədə məlumat almaq qərarına gəldim. Komissarlıqdan bildirdilər ki, gənclərin ordu sıralarında şərəflə xidmət keçməsi, Vətənin keşiyində ayıq-sayıq dayanması, ilk növbədə, hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasından çox asılıdır. Məhz buna görə də son illər Yasamal Rayon Hərbi Komissarlığında bu məsələyə diqqət xeyli artırılıb. Belə ki, komissarlığın birinci mərtəbəsində İkinci Dünya müharibəsində şücaət göstərib Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş soydaşlarımızın şəkilləri, onların döyüş yolunu əks etdirən stendlər, Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Yasamal gənclərinin fotoları, habelə erməni vandalizminin iç üzünü açıb göstərən stendlər yer alıb. Heç şübhəsiz, bütün bunlar komissarlığın binasına daxil olan hər bir çağırışçıda hərbi-vətənpərvərlik ruhunun formalaşdırılmasında, torpaqlarımızı işğal altında saxlayan düşmənə nifrət hissinin aşılanmasında mühüm rol oynayır. Binanın ikinci mərtəbəsində isə Azərbaycan dövlətçiliyinin banisi, Milli Ordumuzun yaradıcısı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks eidirən guşə yaradılmışdır.
Onu da öyrənirik ki, dövlət başçısının vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında fərmanına əsasən respublika Müdafiə Nazirliyi və Hərbi Komissarlığının müvafiq əmrinə əsasən gənclərin hərbi xidmətə çağırılması kampaniyasının uğurla yerinə yetirilməsi üçün rayon hərbi komissarlığında bütün zəruri tədbirlər görülmüş, çağırışçıların və onların valideynlərinin müraciətləri rayonun hərbi komissarı, polkovnik Namik Hüseynovun sədrliyi ilə yaradılmış komissiyada diqqətlə araşdırılmış və müvafiq qərarlar qəbul olunmuşdur. Komissarlıqda çağırış yaşına çatmış gənclərin tibbi müayinədən keçirilməsi işi də yüksək səviyyədə təşkil olunmuşdur. Tibbi komissiyanın sədri, uzun illər bu sahədə çalışan hərbi həkim Eyyub Məmmədovun rəhbərliyi ilə çağırışçılar yüksək dəqiqliklə müayinədən keçirilir, bütün şikayətlər diqqətlə araşdırılır. Gənclərin həqiqi hərbi xidmətə yola salınması ilə bağlı son illər tətbiq olunan yeniliyə əsasən çağırışçılar Müdafiə Nazirliyinin çağırışqabağı verdiyi əmrə əsasən komandalara bölünərək elə rayon hərbi komissarlıqlarından birbaşa hərbi xidmət keçəcəyi yerlərə göndərilirlər. Sevindirici haldır ki, son zamanlar ordumuzun güclənməsi, maddi təminatla bağlı problemlərin tam aradan qaldırılması səbəbindən hərbi xidmətə çağırışdan yayınma hallarına, demək olar ki, təsadüf olunmur. Elə Yasamal rayonundan olan çağırışçıların bir nəfər kimi təyin olunmuş vaxtda komissarlığın həyətinə toplaşması, onları yola salmağa gələn valideynlərin üz-gözündən yağan razılıq və arxayınçılıq hissləri də bütün bunlardan xəbər verirdi.
Budur, rayon hərbi komissarlığında çağırışçıların həqiqi hərbi xidmətə yola salınmasına həsr olunmuş təntənəli mərasim başlayır. Yasamal Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanlarının rəhbərliklərinin, ictimai təşkilatların, övladlarını ordu sıralarına yola salmağa gələn valideynlərin və qonaqların iştirak etdikləri tədbirə dövlət himnin səsləndirilməsi ilə start verilir. Yasamal rayonunun hərbi komissarı, polkovnik Namik Hüseynov tədbiri giriş sözü ilə açaraq həmişəki kimi yenə də hərbi çağırışı əsl bayram təntənəsinə çevirən, bu vacib kampaniyanın uğurla həyata keçirilməsinə yaxından kömək edən Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Hərbi komissar Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik etdi və əmin olduğunu bildirdi ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə yaxından yiyələnməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçılara onların valideynlərinə təbriklərini, xoş arzularını çatdırdı. Natiq Azərbaycan ordusunun şanlı tarixindən, ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərindən söhbət açdı. Bildirdi ki, son illər ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Milli Ordumuz regionun ən güclü və qüdrətli ordusuna çevrilmişdir. İndi bu ordu torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir. Başçı qeyd etdi ki, belə bir orduda xidmət keçmək gənclərimizdə ruh yüksəkliyini artırır, sabaha inamı gücləndirir.
Sonra Milli Məclisin deputatı Gülər Əhmədova, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, rayon əmək və müharibə veteranları şurasının sədri Almaz Qasımova və valideyn Lütvəli Zeynalov çıxış edərək ordu sıralarına yola düşən gənclərə ən xoş arzularını və tövsiyələrini bildirdilər.
Çağırışçılar adından çıxış edən Emin Dəmirov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərin tapşırıqlarını can-başla yerinə yetirəcəklərinə söz verdi. Belə bir əminlik ifadə olundu ki, əgər torpaqlarımızın sülh yolu ilə azad olunması ilə bağlı aparılan danışıqlar nəticə verməsə, onda Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq əmri ilə əsgərlərimiz düşmən üzərində layiqli qələbə çalıb qalib döyüşçü kimi evə qayıdacaqlar.
Mərasimin sonunda çağırışçı gənclər cəngi sədaları altında dövrə vuraraq dövlət bayrağımızın altından keçdilər. Tədbir rəngarəng bayram konserti ilə başa çatdı.

{nl}


Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında