Ailə cəmiyyətin tərkib hissəsidir və burada gələcəyimizin təməli qoyulur. Deməli, bu gələcəyin nə dərəcədə sağlam və xoşbəxt olması ailənin mənəvi və psixoloji sağlamlığından asılıdır. Elə bu səbəbdən də ailə quranlardan ilk öncə həmin məfhumun mahiyyətini tam dərk etmək tələb olunur.
Məlumdur ki cavanlar ailə qurarkən sevgilisinə ömrünün axırına kimi onu sevəcəyinə, ona sadiq olacağına söz verir. Deməli o, ailəsini dolandırmalı və bütün çətinliklərdən qorumalıdır. Qadın isə həyat yoldaşına dəstək olmalı, ocağı qorumalı, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmalıdır.
Lakin son vaxtlar ailənin “dəyəri” bir qədər ucuzlaşıb və boşanmaların sayı çoxalıb. Səbəblər isə müxtəlifdir: sosial problemlər, erkən nikahlar, ər-arvadın bir-birinə psixoloji uyuşmaması və s. Təəsüf ki, sosial problemlərə aid olan bir məqam da var ki, ona önəm verilmir: bu, regionlarda işsizlik ucbatından xaricə üz tutan ailə başçıları və onların sonrakı aqibətidir. Məsələ ilk baxışdan ciddi görünməsə də, sonradan bir çox ailələrin faciəsinə çevrilir. Qeyd edim ki, bu məsələ təkcə Azərbaycanda deyil, postsovet məkanında son illər yaranmış ümumi tendensiyadır.
Məlumdur ki, hələ dədə-babadan regionlarda kişilər dolanışıq üçün xaricə, xüsusən də Rusiyaya gedib, bir müddət orada işlədikdən sonra yenə də ailələrinin yanına qayıdırdılar. İllər keçdi, Vətənimiz iqtisadi cəhətdən artığ inkişaf edib, qüdrətlənib. Ölkəmizdə son ildə məşğulluq probleminin həlli işsizliyin aradan qaldırılması sahəsində dövlət səviyyəsində çox uğurlu addımlar atılıb. Təkcə bu faktı demək kifayətdir ki, ötən müddət ərzində 1 milyon 200 min yeni iş yeri açılıb. Lakin, görünür, bu da kifayət etmir, yenə də xüsusən regionlardan gənclərin bir qismi iş dalınca digər ölkələrə üz tutmalı olurlar.
Hazırda həmin ölkələr həm də ailənin dağılmasının səbəbkarına çevrilib. Hansısa ailə başçısı aylarla mübarizə apararağ həmin mühitə uyğunlaşıb yaşayır. Uğursuzluğla üzləşdikdə isə geri qayıtmağa üzü gəlmir. Dünyalar qədər ailəsini istəyib, onun həsrətində olan ər, ata orada uzun müddətə qalmalı olur. Bu hal onlarda ruh düşkünlü yaradır, çıxılmaz vəziyyətə düşürlər. Həmin insanların psixologiyasında mənfi dəyişikliklər baş verir. Onlar ailədən uzağlaşır, soyuyurlar. Bəzi hallarda isə bu, faciələrlə nəticələnir. Azmı görmüşük:ailə maddi kömək gözlədiyi halda, tabut garşılayır. Uğursuzluğla qarşılaşıb geri qayıdanların bir çoxu isə, aqressivləşir, borc və məsuliyyət hissini, milli və mənəvi dəyərləri itirir. Bu da öz növbəsində hansısa qadının həyat yoldaşından, uşağların ata sevgisindən məhrum olmasına səbəb olur. Ailədə münaqişələr yaranır. Ər-arvad bir-birini tənqid və təhqir edir, ailədə psixoloji durum pozulur. Qadın bu halın, vəziyyətin qurbanına çevrilir. Baş verənlər uşaqların psixikasında böyük fəsadlar yaradır. Onlar əsəbi, gərgin, zədələnmiş psixika ilə böyüyürlər, özlərinə qapanırlar. Çünki əvvəl ata himayəsindən məhrum idilərsə, indi ananın himayəsindən də məhrum olurlar. Axı, ailənin möhkəmliyi, xoşbəxtliyi ər-arvad münasibətlərinin istiliyindən bilavasitə aslıdır. Çünki ata-ana övladlarının gələcək taleyində həlledici rol oynayır.
Belə situasiyada bütün çətinlik, məsuliyyət, məişət problemləri, uşaqların təlim-tərbiyəsi məsələsi ananın zərif çiyninə düşür və artıq həmin ailənin duruş gətirməsi qadının nə dərəcədə güclü, iradəli olmasından aslıdır. O, indi həm ata, həm də ana rolunu oynamalı olur. Bununla barışmayanlar boşanmağa qərar verirlər. Nikahı dağıtmaq istəməyənlərsə, yeni şəraitə uyğunlaşmalı olurlar. Bu isə natamam ailə modelidir. Bəs çıxış yolu nədədir? Problemin həlli üçün birinci növbədə əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq, yeni iş yerlərinin sayını sürətlə artırmaq lazımdır. Paytaxtda və regionlarda ailə, qadın, uşaq psixoloji mərkəzləri fəaliyyət göstərməlidir. Psixoloqlar belə ailələrə psixoloji yardım göstərib onlara mənəvi dəstək olmalıdır. Ən ciddi iş məktəblərdə aparılmalıdır. Məktəb psixoloqları belə ailələrdən xəbərdar olmalı, onlara nəzarət etməlidirlər. Uşaqlarda hər hansı bir qüsur aşkar etdikdə isə onlarla psixoloji diaqnostika, psixoloji məsləhət və psixoloji korreksiya işləri aparılmalıdır.
Bu problemi həll etməklə dövlətimiz ailələrimizin və uşaqlarımızın xoşbəxtliyini təmin etmiş olar. Eyni zamanda, Azərbaycana gələcəkdə çox dəyərli ola bilən mütəxəssislərin ölkədən kənara çıxmasının qarşısını almış olar. Bu isə, nəhayət, həm də ailələrin dağılmasının qarşısını alır.
Fatimə SALAHOVA,
psixoloq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.