Yazılmamış “qanunlar” da var

 

 

 

 

Xarici ölkədə işləmək üçün təyinat almışdım. Həmin vəzifənin icrasına başlamazdan əvvəl, qəti qərara gəldim ki, gərək həm işimlə, həm xasiyyətimlə, həm də yaşayış tərzimlə nümunə göstərim, bəzi məmurlara oxşamayım. Ona görə “bəzi məmurlar” – ifadəsini işlədirəm ki, bütün məmurları bu sıraya aid etmək düzgün olmazdı.

Fikirləşdiyim kimi də işlədim. İşə başladığım ilk gün türk polis əməkdaşı yaxınlaşıb, hərbi qaydada salam verdi və “farağat” vəziyyətində dayandı qarşımda. Soruşdum: Bağışlayın, siz kimsiniz? Dedi ki, mən sizin korumanız olacağam. Bildirdim ki, mənə koruma lazım deyil, bazara, dükana, gəzməyə koruma ilə gedə bilmərəm. Həm də, mən qardaş ölkədə işləyəcəyəm...

Polis işçisini belə “yola saldım” – getdi.

Birinci gündən idarənin əməkdaşlarını bir yerə yığıb, onlara dedim:

– Biz hamımız Azərbaycanı təmsil edirik. Mən də sizlərdən biriyəm. Sadəcə olaraq, mənim maaşım sizlərdən bir az çoxdur. Heç zaman çəkinməyin, nə sözünüz olsa, o dəqiqə gəlin, söyləyin. Mənim qəbul saatım-filanım olmayacaq!

İşlədiyim beş il dörd ay müddətində belə də oldu. Bütün əməkdaşlar dost, qardaş kimi işləyib, fəaliyyət göstərdilər. İllər boyu idarədə bircə dəfə belə, söz-söhbət olmadı. Minlərlə qonağı yüksək səviyyədə qarşılayıb yola saldıq, onların bütün qayğıları ilə məşğul olduq.

Mənim əyləşdiyim otağın qapıları həmişə açıq olurdu. Bir dəfə yanıma gələn həmyerlilərimizlə söhbət edərkən, referent xanım qapını örtdü. Söhbəti yarımçıq qoyub, qapını açaraq soruşdum ki, qapını niyə örtdünüz? O da nəzakətlə bildirdi ki, “sizə mane olmasınlar deyə”... Mən də zarafatla dedim ki, “bilirsiniz, lazım gəlsə, qapını özüm örtəcəyəm. Qapı gərək həmişə xalqın üzünə açıq olsun”.

İllər keçdi, əməkdaşlarımız indiyədək belə “müdir”- görmədiklərini söyləyirlər və doğrusunu deyim ki, bunu eşitmək mənim üçün çox xoşdur. Yeri gəlmişkən, ölkələrin birində işləyən Azərbaycan səfiri ilə görüşümüzdə onun dilindən bu sözləri eşitmişəm: “Bir aydan çoxdur səfirliyin işçilərini qəbul edə bilmirəm”. Çox təəccübləndim və inanın, həmin səfir gözümdən düşdü. İndiyə qədər onun səfirlikdə nə işlə məşğul olduğunu, işçiləri qəbul etməyə niyə vaxt tapa bilmədiyini başa düşə bilmirəm.

Diplomat kimi işə başlayanda 48 yaşım var idi və həyatda özümə görə çox görmüşdüm. Bilirdim ki, ömür qısa olduğu kimi, vəzifə də həmişəlik deyil, gəldi-gedərdir... Sənə nə qədər imkan verilib, çalış, insanlara xidmət elə, yaddaşlarda əbədi qal...

Lakin ömrüm boyu çox vaxt bunun əksini görmüşəm və indi də belə görürəm. Gözümü açandan vəzifəli şəxslərin çoxunun qapısında boynunu büküb, səssiz-səmirsiz, saatlarla növbə gözləyən adamlara baxanda qəlbim ağrıyıb. Həmişə düşünmüşəm, bu insanların təqsiri nədir ki, nazirlər, rəislər, müdirlər, direktorlar... onları qapılarında bu qədər gözlətdirirlər? Bu nə deməkdir? Özüm də meşin dərili qapılar arxasında çox qalmışam, axı! Odur ki, indi qəbullarda gözləməyə daha səbrim qalmayıb.

Yavaş-yavaş “böyüklərin” niyə belə etdiklərini başa düşməyə başladım. Heç demə, onlar insanları ona görə qapılarında gözlətdirirlər ki, desinlər: “filankəs böyük adamdır, onun qəbuluna düşmək o qədər də asan deyil”.

Təssəvvür edin, idarənin başçısı qarşısında buğlanan çay, monitor da gözünün önündə (heç bilmirəm, idarələrdə monitor nəyə lazımdır), qəbul otağında növbə gözləyənlərə baxıb, çaydan içə-içə ləzzət alır. Onun qəbuluna düşmək istəyənlər isə yorğunluqdan, əsəbdən, narahatlıqdan, nəhayət, alçalmaqdan məcburən düşdükləri vəziyyətə nifrət yağdırırlar! Sanki, “atasından, babasından qalma” kreslosuna yayxanıb “keyf eləyən” hansısa məmurun heç vecinə deyil. Hərdən köməkçinin şəbəkə telefonunun düyməsini basıb “gözləyirlər” deməsinə, “qoy gözləsinlər”- deyə cavab verir. Özlərindən vəzifədə böyük olan şəxs gələndə isə nəinki kabinetdən tələsik çıxır, hətta, idarənin həyətinə girən maşınlarının qabağına yüyürürlər. Belələri, böyük vəzifəlilərin qarşısında “tərbiyəli uşaq” kimi dayanırlar, onların önündə ikiqat əyilirlər.

Ə lbəttə, özündən yaşda da, vəzifədə də böyük olanlara hörmət etmək, onlarla nəzakətlə davranmaq yaxşıdır, bir şərtlə ki, onlar buna layiq olsunlar. Bəs, layiq oldular-olmadılar, onların qarşısında əsgər kimi dimdik dayanmaq nədir? Hə, Şeyx Nəsrullah demişkən, “burada məsələ bir balaca tüldür”, yəni incədir. Bu müdirlər, rəislər... ona görə özlərindən böyük vəzifəlilərin qarşısında “tərbiyəli” görünməyə çalışırlar ki, əyri işləri var, qorxurlar və ya “böyüklər” gələcəkdə onlara müdafiəçi ola bilərlər, vəzifədə qalmalarına kömək edə bilərlər... Nə olar, “əl-əli yuyar, əl də üzü” – Bir balaca özünü aşağı tutsan, əyilsən, “xəncərinin daşı düşməz ki!”

Özündən böyüyə “sizə ürəyimi verməyə hazıram”, “evimi sizə bağışlayaram” deyənlərin taleləri göz qabağındadır. Yarınmağın dərəcəsinə baxın: “Mən filankəsin ayağının tozu da ola bilmərəm!” Əslində, həmin məmur düz deyir. O ayaq tozu da deyil. Özü özünü yaxşı tanıyır, axı!

Əllərini idmançılar kimi çiyinləri bərabəri aralayıb, sonra bərkdən-bərkdən bir-birinə vuranlar (guya, kişinin oğlu ürəkdən əl çalır) görəndə adam nifrət edir. Hamı əl çalır. Əl çalmaq da bir mədəniyyətdir. Gərək harada, kimə, necə əl çalmağı da biləsən. Əl çalmaq üçün “özünü öldürənlər” daha çox pis əməllərlə məşğul olanlardır! Ümumiyyətlə, mən həmişə demişəm, yazmışam və belə düşünürəm ki, yaltaqlar böyük xəyanətkar olurlar. Onları dövlət işinə yaxın buraxmaq olmaz!

Heç kim dana bilməz ki, vəzifəyə layiq olanlar çoxdur və onlar həmişə xalqın sevimlisinə çevrilirlər, vəzifədən gedəndən sonra da heç zaman unudulmurlar. Xalq həmişə onları qoruyur, daim yüksək tutur.Vəzifəli şəxsin öz vəzifəsini yerinə yetirməsi onun xidməti borcudur. Gərək vəzifəli şəxs, hər şeydən əvvəl, əsl insan olsun, ona müraciət edənlərin yerində özünü görə bilsin.

Bəzi vəzifəli şəxslərin bir sıra “müsbət” xüsusiyyətləri də olur. Onlar öz idarələrində külli ixtiyar sahibləri olduqlarından elə düşünürlər, hamıdan çox bilirlər, hamıdan ağıllıdırlar, hamıdan üstündürlər, onlar deyən olmasa, dünya dağıla bilər. İş yerlərində özlərini elə aparırlar ki, hamı onlardan “tük salır”. Təyinat alıb, işə gələn kimi, katibələri, köməkçiləri, sürücüləri, mühasibləri, xəzinədarları və kimdən xoşları gəlmirsə, hamısını işdən çıxarır, öz adamlarını işə gətirirlər. Bu harada yazılıb? İnsanları niyə işindən-gücündən eləyirlər? Hökumət başçısıdırlar ki, dəyişəndə nazirlər-filanlar dəyişsin, yeni hökumət təşkil olunsun? Adını da qoyurlar ki, “mən daha yaxşı komanda yığıram”. Ondan sonra gələn də köhnənin “yaxşı” hesab etdiklərini çıxarıb, yeni “yaxşı”lar tapır... Bu, dünyanın harasında görülüb?

Bəzi rəhbərlər ətrafındakı ağıllı, savadlı, şəxsiyyətli işçiləri qətiyyən sevmirlər, çünki belələrini gələcəkdə öz yerlərinə namizəd görürlər. Çalışırlar ki, orda-burda onları hörmətdən salsınlar, ya aşağı vəzifəyə keçirsinlər, ya da ümumiyyətlə, idarədən uzaqlaşdırsınlar ki, “əl-ayaqlarına dolaşmasınlar”. Ona görə də, nə qədər ləyaqətli adamlar işsiz-gücsüz qalırlar, onların müsbət şəxsi keyfiyyətləri həyatlarının acınacaqlı keçməsinin səbəbi olur.

Bəzi vəzifəli şəxslər insanların müraciətlərini, ərizə və şikayətlərini lazımi ünvanlara çatdırmırlar, ona görə də, müraciət edənlərə heç bir cavab verilmir. İnsanlar da qalır illərlə gözləyə-gözləyə. Kimi əsəbdən xəstələnir, kimi sınır, kiminin ürəyi partlayır, kimi gözləyə-gözləyə qocalır, həyatdan köçür. Həmin vəzifəli şəxslər də yəqin ürəklərində (bəzən açıq söyləyirlər) deyirlər ki, “bundan da canımız belə qurtardı!” Şifahi xahişlər, telefon zəngləri ilə müraciətlər də aidiyyatı orqanlara və ya şəxslərə çatdırılmır. Niyə də çatdırsınlar?! Əvəzində öz adamlarının xahişini çatdırarlar da...

Faciədir ki, ətrafdakı insanlar bütün bunları görə-görə, bilə-bilə, bir kəlmə də danışmırlar. Daha doğrusu, danışmağa, layiqli adamları müdafiə etməyə qorxurlar. Görəsən, qorxa-qorxa nə qədər yaşamaq olar?

Məmur nədir, yanında, ya xud qapısında qoçu (bunu koruma kimi də başa düşmək olar) saxlamaq nədir? Siz özünüzü kimdən qoruyursunuz? Elə buradaca qeyd etmək yerinə düşərdi ki, bir neçə il əvvəl Rusiya televiziyalarından biri məlumat verdi ki, cangüdən saxladığına, onlara büdcədən 4 milyon rubldan çox vəsait ödədiyinə görə, Nikolayev şəhərinin meri məhkəmədə cavab verməli olacaqdır. Yüksək dövlət vəzifələrində işləyənlərin korumaları olması təbiidir. Bəs, lazım olmadığı halda, bəzi vəzifəli şəxslərin korumalar saxlaması nə üçündür? Deməli, öz əməllərini bilirlər! Kimə isə pislik etmişlər, kimin isə evini yıxmışlar, kimi isə ağlar günə qoymuşlar, kimi isə satmışlar, kimi isə vəzifədən salmaq üçün altdan-altdan işlər görmüşlər.

M öhtərəm oxucular, fikir vermisinizmi, bəzi məmurlar, heç vaxt tək gəzintiyə çıxmırlar. Adam içərisinə çıxanda həmişə yanlarında “qulbeçələri”, onlara xidmət göstərənləri və s. olur. Biz də məmur olduq, belə şeylər görmədik. Bazara da özümüz getdik, dükana da. Sürücü nə bilir, mən necə ət istəyirəm, uşaqlarım hansı almadan yeyir. Yazıq sürücülər əsir-yesir olublar bəzi məmurların əllərinin altında! Hələ onu demirəm ki, bəzi müdirlərin, rəislərin idarə maşınları onların ailə-uşaqlarına xidmət edir.

Sanki, bəzi təşkilatların rəhbərlərini katibələr, köməkçilər idarə edirlər. Müdiri, rəisi görmək istəsən aylarla zəng vurursan, hər dəfə bir bəhanə ilə səni aldadırar ki, bəs, “müdir iclasdadır”, “müdir müşavirədədir”, “xarici ölkədədir”, “Milli Məclisdədir”, “Prezident Aparatına gedib”, “qonağı gəlib”, “xəstədir, on gün işə çıxmayacaq”.. Üz var ey, bunlarda! Nə qorxurlar, nə çəkinirlər! Əslində, bəzən müdirlər, rəislər, “şeflər” yerlərində olurlar, katibələrinə, köməkçilərinə camaatı aldatmağı özləri tapşırırlar. “Mən kimi desəm, ancaq onu birləşdirin mənimlə!” Başqalarından xeyir gəlmir, axı! Hər idarəyə gələn, zəng edən müdirlə danışa bildisə, onun kabinetinə girə bildisə, daha nə oldu!? Bu rəhbərlər başa düşmək istəmirlər ki, onları xalqa xidmət etmək üçün vəzifəyə qoyublar, ona görə qoymayıblar ki, təkcə qohum-qardaşlarına, sülaləsinə, dostuna, tanışına xidmət etsin!

B öyük bir vəzifəyə təyinat alan şəxsi təbrik etmək üçün həmin gün ona zəng vurdum, telefonu özü götürdü. Soruşdum ki, “nə əcəb, telefonu özünüz götürdünüz?” Cavab verdi ki, “həmişə belə olacaq”. Sonralar dəfələrlə ona zəng vurdum, cavab verən olmadı. Möhtərəm oxucular elə düşünməsinlər ki, həmin şəxslə aramız soyuqdur, sadəcə olaraq o, başa düşür ki, məndən ona xeyir yoxdur... Bir də vəzifə onu dəyişdi...

Hələ belə məmurların toyda, yasda, yemək-içmək stolu arxasında özlərini necə apardıqlarını görəsiniz... Bu boyda harınlıq, lovğalıq, özünü böyük aparmaq olmaz, axı! Axı, heç kim sizdən əskik kişinin oğlu deyil! Özünüzü bir az sadə, təvazökar, türklər demiş, mütəvazi aparsanız nə olar? Adam da pulu ilə, maşını ilə, evi-eşiyi ilə, villası ilə qürrələnərmi? Bunları kasıb-kusubun gözünə soxarmı? “Ölün, çatlayın” ədası ilə hərəkət edərmi? Belələrinə ancaq bir ad qoymaq olar: “Görməmişlər!”

Bir dəfə İstanbulda Atatürk Hava Limanında bəstəboy, çox sadə geyimli bir kişi ilə təyyarədən düşüb, avtobusa mindim. Deyəsən, o, məni tanıyırdı, mən isə onu görməmişdim, tanımırdım. Soruşdu ki, “məni tanıyırsınız?” Cavab verdim ki, “xeyr”. Dedi, “mən Hüseyn Bayraqdaram. Sizin o Milli Məclisdən aşağı 4 hündür bina var ha, onları mən tikdirmişəm”. Adını çox eşitmişdim. Bilirdim ki, o, dünyanın çox ölkəsində, Türkiyənin bütün guşələrində, o cümlədən, Azərbaycanda bir sahibkar kimi böyük işlər görmüşdür. Lakin nə qədər sadə, təvazökar bir insandır. Ona görə də, onunla görüşü heç zaman unutmuram.

Xeyrəddin QOCA,
yazıçı-publisist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında