Sabunçu rayonunda 2012-ci ildə sosial-iqtisadi inkişafın yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev “Sabunçu rayonunun 2012-ci ildə sosial iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında” geniş məruzə ilə çıxış etmişdir.
Məruzədə bildirilir ki, ulu öndər Heydər Əliyev dühasından qaynaqlanan Prezident İlham Əliyevin elmi əsaslara və liberal iqtisadiyyat prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik siyasəti sayəsində ölkəmiz 2012-ci ildə keyfiyyətcə yeni inkişaf mərhələsinə gədəm qoydu, mürəkkəb beynəlxalq iqtisadi mühitdə baş verən kataklizmlərə baxmayaraq, yeni uğurlar əldə edildi.
2012-ci ildə sosial-iqtisadi vəzifələrin icra edilməsi, nəzərdə tutulmuş plan və proqramların reallaşdırılması, ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artmasına xüsusi təkan verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində dövlət başçısı ötən ildə ölkəmizin sosial-iqtisadi inkişafı və eləcə də digər sahələrdə görülmüş işləri geniş təhlil edərək 2013-cü ildə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
A. Vəliyev müəllim son illər Azərbaycan Respublikasının qazandığı nailiyyətlərdən, həyata çeçirilən genişmiqyaslı layihələrdən ətraflı bəhs etdi, sonra Sabunçu rayonunda ötən il reallaşdırılan quruculuq işləri barədə məlumat verdi.
Bildirdi ki, əhalisinin sayına və həm də iqtisadi potensialına görə şəhərimizin ən böyük rayonlarından olan Sabunçu rayonunda da 2012-ci il ərzində həm dövlət proqramları çərçivəsində, həm də müxtəlif maliyyə mənbələri hesabına rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin icrası, magistral və daxili yolların tikintisi, əhalinin elektrik enerjisi, qaz, su təchizatının yaxşılaşdırılması, yeni istehsal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial əhəmiyyətli obyektlərin tikintisi, təmiri, müasir tələblərə uyğun yenidən qurulması, küçə və parkların, yaşayış massivlərinin abadlaşdırılması üzrə böyük işlər görülmüşdür. Belə ki, 2012-ci il ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən faktiki qiymətlərlə 316,4 milyon manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2011-ci illə müqayisədə 138 milyon manat və ya 78,1 faiz çoxdur. 2012-ci ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 361,6 milyon manat təşkil etmiş, istifadə olunmuş vəsaitin 279,7 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur və bu da əvvəlki ildəkinə nisbətən 15,8 faiz çoxdur.
Rayonun sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2012-ci ildə 12,3 faiz artaraq 405 manata, sənaye sahələrində çalışanların əmək haqqı isə 23,8 faiz artaraq 518 manata çatmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi və rayon iqtisadiyyatının davamlı inkişafı nəticəsində 2009-cu ildən 2013-cü ilin yanvarın 1-nə kimi olan dövr ərzində rayonda cəmi 5952, o cümlədən 2012-ci il ərzində isə 1700 yeni daimi iş yeri açılmışdır.
Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və sonradan həmin proqrama əlavədə ümumən 16 sahəni əhatə edən 171 bəndin Sabunçu rayonunun qəsəbələrində həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan da 82 bənd, yəni 48 faizi təhsil sahəsinə aiddir.
İndiyədək 640 şagird yerlik 1 məktəb binası, 3 məktəbdə 45 sinif otağı, 1 idman, 1 akt zalı tikilmiş, 15 orta məktəb, 2 peşə məktəbi, 1 peşə liseyi və 9 uşaq bağçası əsaslı təmir edilərək yeni avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir. Bundan əlavə, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycanda yeni məktəb” devizi altında Pirşağı qəsəbəsindəki 112 nömrəli məktəbin köhnə binası sökülərək yerində yeni 3 mərtəbəli, 650 şagird yerlik binanın tikintisi başa çatdırılmışdır. Proqramda nəzərdə tutulmuş 5 səhiyyə obyektindən də ikisində əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmiş, Prezidentin Ehtiyat Fondundan ayrılmış maliyyə vəsaiti hesabına Sabunçu qəsəbəsindəki 12 saylı şəhər poliklinikasının köhnə binası sökülərək yerində müasir tipli 3 mərtəbəli poliklinikanın tikintisi başa çatdırılmışdır.
Dövlət Proqramında elektrik enerjisi, qaz, su, istilik təchizatı və rabitə sahələri üzrə nəzərdə tutulmuş tədbirlərin əksəriyyəti başa çatdırılmışdır. Nəticədə bu sahələrdə mövcud olmuş əsas problemlər aradan qaldırılmışdır. Qaz və istilik təchizatındakı mövcud bir sıra çətinliklərin də aradan qaldırılması üzrə əlavə tədbirlər görülməkdədir.
Il ərzində rayonun mərkəzi və daxili yollarının təmir-bərpası, yeni yol qovşaqlarının tikintisi üzrə də çox böyük işlər görülmüşdür.
Zabrat qəsəbəsi ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ əlilləri və şəhid ailələri üçün ikinci yeni 9 mərtəbəli 81 mənzilli yaşayış binası istifadəyə verilmişdir ki, buradan da Sabunçu rayonundan həmin kateqoriyadan olan şəxslərə verilmək üçün 61 mənzil ayrılmışdır.
Hazırda Bakıxanov qəsəbəsinin Sülh küçəsində rayon prokurorluğunun 3 mərtəbəli yeni inzibati binasının tikintisi başa çatmaq üzrədir. Yavər Əliyev küçəsində Sabunçu Rayon Mühafizə İdarəsi və rayon Elektrik Enerjisi Satışı və İstismarı İdarəsi üçün yeni 3 mərtəbəli inzibati binaların tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Həmin ərazidə Gənclər və İdman Nazirliyi tərəfindən 3 mərtəbəli Gənclər evinin və Ədliyyə Nazirliyi tərəfindən rayon və 2 saylı Bakı İnzibati İqtisad məhkəmələri üçün 5 mərtəbəli kompleksin tikintisinə başlanmışdır.
Məlum olduğu kimi, son illər ölkəmizdə, eləcə də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin çirklənmədən qorunmasına ciddi fikir verilir. Bununla bağlı böyük həcmli layihələr həyata keçirilir ki, bunlardan biri də 2012-ci il dekabrın 20-də cənab Prezident İlham Əliyevin iştirakı ilə Balaxanıdakı Bakı bərk məişət tullantılarının yandırılması zavodu və 2009-cu ilin sonlarında şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu “Təmiz şəhər” ASC-nin istifadəyə verilməsidir.
Təəssüflə qeyd olundu ki, rayonun qəsəbələrində fəaliyyət göstərən bələdiyyələrin əksəriyyəti il ərzində bu və digər sahələrdə öz üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirə bilməmişlər, heç bir nəzərəçarpacaq iş görməmişlər ki, bu da sakinlərin haqlı narazılıqlarına, şikayətlərin artmasına səbəb olur.
Ötən il rayonun təhsil və səhiyyə sahələrində də müəyyən nailiyyətlər əldə olunmuşdur. Hazırda Sabunçu rayonunda 46 ümumtəhsil orta məktəbində 3678 pedaqoji və 1009 nəfər texniki işçi çalışır, bu tədris ocaqlarında 45997 şagird təhsil alır.
Təhsil sistemində müasir metod və texnologiyaların, mütərəqqi iş təcrübəsinin öyrənilməsi və tətbiqi sahəsində başlanmış işlər davam etdirilmiş, yeni yanaşmalar, yeni düşüncə tərzinin təşəkkülü genişlənmişdir. Təhsilin keyfiyyət və səmərəsini yüksəltmək üçün konkret tədbirlər görülmüş, məktəblərin maddi-texniki bazası əsaslı sürətdə möhkəmləndirilmiş, əgər 2003-cü ildə rayon məktəblərində cəmi 47 kompyuter var idisə, bu rəqəm 2012-ci ildə 12370-ə çatdırılmışdır ki, bunlardan 1401 ədədi 2012-ci ildə alınmışdır.
Natiq bildirdi ki, möhtərəm Prezidentimizin 2012-ci ili “İdman ili” elan etməsinə baxmayaraq, çox təəssüflər olsun ki, bizim rayonda bu sahədə həmin ildə heç bir yüksək uğur əldə edilməmişdir. Bununla bağlı rayon gənclər və idman idarəsinin rəisinə iradlar bildirilmişdir.
Rayon üzrə 4 mindən çox səhiyyə işçinin çalışdığı 24 müalicə-profilaktik müəssisəsi tərəfindən 10 qəsəbənin ərazisində 230 min nəfərdən artıq əhaliyə, 20-yə yaxın idarə, müəssisə və təşkilatların fəhlə və qulluqçularına, həmçinin rayonda müvəqqəti məskunlaşmış 25 minə yaxın məcburi köçkün soydaşlarımıza 12 profil üzrə tibb xidməti göstərilir.
Fevralın 12-də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev öz yekun nitqində də məhz bu məsələlərə toxunaraq hər bir dövlət məmurundan öz vəzifə borcunu şərəflə yerinə yetirməyi, insanlarla daim təmasda olaraq onlara qayğı göstərmələrini və təvazökar olmalarını tələb etmişdir.
İnanıram ki, hər birimiz bu haqlı tələb və iradlardan ciddi nəticə çıxararaq gələcəkdə öz işlərimizdə əməli dönüş yaradaraq fəaliyyətimizi bu istiqamətdə daha da genişləndirəcəyik.
Sonra Milli Məclisin deputatları Eldar Quliyev, Qalib Salahzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, “Neftqazmaş” ASC-nin direktoru Vahid Hacıyev, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov, Maştağa bələdiyyəsinin sədri İlqar Qurbanov və başqaları çıxış edərək rayonda həyata keçirilən quruculuq işlərindən və 2013-cü ildə qarşıda duran vəzifələrdən danışdılar.
İclasda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak edirdi
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.