Beynəlxalq əməkdaşlıq çərçivəsində ölkəmizin su sektorunda daha bir layihə reallaşdırılacaq

 

 

Yaxın illərdə Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri tamamilə yenidən qurulacaq. Buna isə Səudiyyə İnkişaf Fondu ilə imzalanmış kredit sazişi çərçivəsində reallaşdırılacaq tikinti-quraşdırma işləri hesabına nail olunacaq.

Bu günlərdə “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə kredit sazişi” layihəsinə dair Səudiyyə İnkişaf Fondu ilə danışıqlar aparılması məqsədilə “Azərsu” ASC sədrinin xarici sərmayələr üzrə müavini İlqar Tağıyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində işgüzar səfərdə olmuşdur.

 Keçirilən görüşlərdə  layihənin maliyyələşmə məsələləri barədə danışıqlar aparılmış, kredit sazişi layihəsinə dair rəy və təkliflər müzakirə edilmişdir. Danışıqların yekununda Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə kredit sazişi” layihəsi üzrə danışıqlara dair protokol imzalanmışdır. Kredit sazişinə əsasən, bu layihənin maliyyələşdirilməsi üçün Səudiyyə İnkişaf Fondu Azərbaycan hökumətinə güzəştli şərtlərlə  35 milyon dollar kredit ayıracaq. 

Xatırladaq ki, icrasına cari ilin ikinci yarısında başlanacaq layihəyə əsasən, Abşeron rayonu Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri  yenidən qurulacaq.  Xırdalan şəhərinə içməli su isə Ceyranbatan sutəmizləyici qurğular kompleksindən veriləcək. Buradan götürülən su hər birinin tutumu 20 min kubmetr olan  “+82 Masazır”, “+120 Masazır” və “+118 Abşeron” su anbarlarına ötürüləcək və buradan da magistral xətlər vasitəsilə şəhər şəbəkəsinə özüaxımlı rejimdə veriləcək.

 Layihə çərçivəsində Xırdalan şəhərində ümumi uzunluğu 159 kilometr olan su şəbəkəsi yaradılacaq. Şəhərin kanalizasiya şəbəkəsinin tikintisinə isə yeni kanalizasiya kollektoru istismara verildikdən sonra başlanacaq. Yeri gəlmişkən, hazırda Xırdalan şəhərinin çirkab suları təmizlənmək üçün Hövsan aerasiya stansiyasına ötürülür. Gələcəkdə isə  şəhərin çirkab suları hazırda Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən və sutkalıq məhsuldarlığı 200 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Çirkab suların bu qurğuya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün Xırdalan şəhərindən Xocasən qəsəbəsinədək 7 kilometr uzunluğunda tunel tipli kollektorun inşasına başlanmışdır. Tikinti işlərinin 2014-cü ilin sonunda başa çatdırılacağı nəzərdə tutulur. Layihənin icrası tam başa çatdıqdan sonra Xırdalan şəhərində 100 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında