Millətinə xəyanət edənin qazancı nifrət olur, Əkrəm Naibov !

 

 

Milli olmayan heç nə bəşəri ola bilməz. Hansı dildə yazmasından asılı olmayaraq, yazıçı öz ruhuna, duyğu və düşüncələrinə görə millətinin sevgisini ( ya da nifrətini) qazanır, dünya oxucusunun diqqətini çəkir (ya da çəkmir) . Bu mənada Əkrəm Əylislinin Rusiya ədəbi mətbuatında dərc etdirdiyi , mübahisəli, sensasion məqamlarla dolu olan və tez bir zamanda müəllifin öz millətinə qarşı nankorluğu kimi qiymətləndirilən “Daş yuxular” romanı  adamı istər-istəməz yazıçı əxlaqı haqqında danışmağa vadar edir.

Bəri başdan deyim ki, düşmənlərin, Azərbaycana dost olmayanların gözündə ucalmağa, dünya ədəbi okeanında yelkən açmağa, beynəlxalq mükafatlar  almağa əbəs cəhdlər edən hər kəs bilməlidir ki, xalqına xəyanətinə görə kimsə onu bağrına basmayacaq. İlk qazandığı məhz millətinin nifrəti olacaq. Çünki iki dünya bir ola, xalq haqq qazandırılması mümkün olmayan nankorluğu bağışlamaz.

Dünyaya gəldiyi Əylis kəndində vaxtilə çoxlu erməni kilsələrinin olduğunu, Əylisdə yalnız ermənilərin müsbət obrazda göründüyünü heç bir ağlabatan və obyektiv arqumentə söykənmədən iddia edən azərbaycanlı yazıçının  sabun köpükləri hesabına erməni rəğbətinə nail olmaq cəhdləri, görəsən, hansı istəkdən mayalanır?  İllərdən bəri ərköyün tövrləri, necə olur-olsun, seçilmək çabaları ilə özünə xarakter cizgiləri formalaşdırmış Əkrəmə daha nə lazım idi?

Bəlkə dissident olmuşdu, hüquqları tapdalanmışdı, vəzifələrə həsrət qalmışdı? Əsla yox! Onunku izahında sağlam məntiqin çətinlik çəkdiyi sərsəmlikdən, gündəmi zəbt edib manyak həzzi duymaq hərisliyindən başqa bir şey deyil. Azərbaycan dövlətindən aldığı ordenlər, fəxri adlar, mandat və imtiyazlar, Azərbaycan xalqından gördüyü hörmət-izzət azlıqmı edirdi ki, hərzə-hədyan yazmaqla kimlərinsə “molodes...” tərifinə  susadı?

Suyunu  içdiyi qaba tüpürmək nadanlığı özünü ziyalı sayan və ya ziyalı kimi görünən kimsəyə yaraşmaz. Əkrəmin öz “qarabasma”ları ilə belə addım atması acı təəssüflər və mənsubiyyətilə bağlı təbii şübhələr yaratmaya bilmir.

Xocalı qətliamının, Sumqayıt hadisələrinin ildönümləri ərəfəsində  “Drujba narodov” jurnalında dərc etdirdiyi “Daş yuxular” romanında müəllifin azərbaycanlıların heysiyyətinə toxunan, ermənilərin məsum, təmiz, insanpərvər (?!) obrazlarını yaradan təxəyyül ifrazları yetərli qədərdir. Məgər o bilmirdimi ki, Xocalıda uşaqlı-qocalı, qadınlı-qızlı yüzlərlə əliyalın soydaşımız 366-cı rus motoatıcı alayının köməyi ilə ermənilər tərəfindən amansızcasına qətlə yetirilib. Xocalı şəhəri yer üzündən tamamilə silinib. Məgər o, fərqində deyil ki, Sumqayıt hadisələrinin ssenari müəllifləri Kremldə oturan qorbaçovlar, “baş qəhrəmanı” isə Paşa ləqəbli kriminal erməni Eduard Qriqoryan və qardaşları olublar?.. Elə buna görə də Əkrəmin yazıçı saxtakarlığı, ədabaz kosmopolitizmi onu gülünc hala salmışdır. Azərbaycan torpaqlarına erməni təcavüzünün hələ də davam etdiyi, şəhidlərimizin ruhunun hələ də dinclik tapa bilmədiyi, mənfur qonşuların hər fürsətdə dünya türklüyünü gözdən salmağa çalışdığı həssas bir vaxtda oxuculara belə bir əsər sırınması heç bir əxlaqa sığmır.

Əsəri Əkrəm Naibov öz həmyerlilərinə - Əylisdə əzab dolu ömür sürərək dünyadan köçmüş ermənilərə həsr etmişdir. Amma həqiqətə və vicdana əsaslanmadan qonşuluq və millətlərarası münasibətlər müstəvisində azərbaycanlıları vəhşi hegemon, erməniləri isə mələk donlu günahsızlar kimi qələmə almışdır. Zərurət nədir - anlaşılmır. Müəllif əsərində hadisələrə obyektivlik hissindən uzaq şəkildə, birtərəfli (daha doğrusu, əkstərəfli) qaydada münasibət bildirməklə ortalığı, sözün əsl mənasında, qarışdırmışdır. Belə çıxır ki, zərərdidələr də biz imişik, ittiham edilənlər və üzr istəməli olanlar da.

“Kür qırağının meşələri”, “Adamlar və ağaclar”, “Mənim nəğməkar bibim”, “Dağlara çən düşəndə”, “Söyüdlərin sarı işığı” kimi əsərlərin müəllifi son yazısı ilə Kür qırağının meşələrinə də od vurdu, nəğməkar bibisinin ruhunu da incitdi, çən düşən dağları da kor qoydu, xeyirxahlıq ağacı əkən adamların da zəndini əməlli-başlı yanıltdı. Nekrasovun sözüdür: “Sən şair olmaya da bilərsən, amma vətəndaş olmağa borclusan”. Manqurt unutqanlığı faciədir. Zülmə göz yummaq imandan deyil, ziyalılıq mövqeyindən uzaq hissdir.

İllər öncəsi “Şöhrət” ordeni ilə təltif ediləndə Ə.Naibov rəsmi tədbirdə özünün minnətdarlıq nitqində Prezident Heydər Əliyevə demişdi: “Təbiətdə mutasiya halları olur, məsələn inək ikibaşlı buzov doğur, bitişik əkiz uşaqlar dünyaya gəlir və s. Bunlar tez gözə görünür. Ancaq mənəviyyatda baş vermiş mutasiyaları görmüş Azərbaycan ziyalıları bu gün Sizinlə bir yerdə olmağa ehtiyac duyur...” Görünən budur ki, bu gün Əkrəm Əylisli öz yaradıcılığında mutasiya halı yaşayır. Önun özünün dediyi kimi, müharibə zamanı Fransada faşistlərə qulluq edənlər pallabarasionist adlandırılırdı. Əkrəmin erməni faşistlərinə göstərdiyi “ayı xidməti” pallabarasionizm deyil, bəs nədir? Əkrəm nədən fərqinə varmadı ki, ictimai rəyin çox həssas olduğu Qarabağ məsələsi ilə bağlı atılan heç bir addım  reaksiyasız qalmır?

Ermənipərəst Aleksandr Ebonidzenin baş redaktoru olduğu jurnalda bizim yazarların məhz belə əsərləri bəh-bəhlə çap oluna bilər. Ebonidze, deyilənə görə, gürcü soyadı götürmüş ermənidir. Əkrəm Əylisli özü də müsahibələrində gizlətmir ki, əsəri jurnala təqdim etdikdən sonra onu bəzi əlavə və dəyişikliklərə məruz qoyub. Ola bilsin, baş redaktor əsərin çapına məhz istədiyi əlavələri görmək şərtilə razılıq vermişdir. Şöhrət düşkünü olan Əkrəmsə böyük məmnunluqla, can-başla buna getmişdir. Təsadüfi deyil ki, Rusiya jurnalı həmin əsəri azərbaycanlı yazıçının cəsarətli addımı kimi qiymətləndirmişdir. Azərbaycanlıları aşağılayan, erməniləri isə müdrik xalq kimi göstərən təhkiyələr, dialoqlar romanda az deyil. Təəssüf doğuran həm də budur ki, Azərbaycanda  Əkrəmin “Daş yuxular”ını  qəbul edən üzdəniraqlar da tapılıb.

Bədnam müəllif öz müsahibələrində ictimai rəydəki narazılıqları soyuqqanlı tərzdə əsər ətrafındakı anlaşılmazlıq adlandırır. Deyir ki, qoy, əsərimə açıq gözlə, geniş ürəklə baxsınlar. Yazdıqlarım yaradıcılıq azadlığım, qanuni hüququmdur.

Hələ 1988-ci ildə elə həmin “Drujba narodov”a müsahibəsində onun dedikləri yaddan çıxmayıb. O zaman Əkrəm deyirdi ki, ermənilərlə müharibəyə getmək lazım deyil. Buna getsək, biz uduza bilərik. Biz dostluğa getməliyik. İndi də deyir ki, kompromissiz siyasət düyüsüz plova bənzəyir. “Mən bir arxitektor, bənna kimi xalqları bir-birinə yaxınlaşdırmaq üçün körpü qurmuşam. Mən inanıram ki, bu əsər insanların ürəyini yumşaldacaq”. Əcəb məntiqdir. Sən məni söy, döy, öldür, torpağımı tut - mənsə səni öpüb gözümün üstünə qoyum. Bir mahnıda deyildiyi kimi: “səni sevəcəyəm sən sevməsən də”. Tolerantlığı vecsizliklə, mənliyi ayaq altı ilə səhv salır Əkrəm. Öz qapısına top vurmaqla avtoqol sahibi olan fərsiz futbolçuya  bənzəyir.

Müzakirələrdə türk yazarı Orxan Pamukun adı tez-tez hallanır. O, xalqına qarşı cəmi bir cümlə yazmışdı. Əvəzində Türkiyədə insanların üzünə baxa bilmədi, baş götürüb getməyə məcbur oldu. Nobel mükafatı alsa da, onun kimliyi Türkiyə üçün bitdi. Əkrəm isə öz xalqına qarşı böhtançı bir roman yazıb. Bəlkə, Nobel mükafatı almaq xülyasına düşüb?

Necə deyərlər, qocalığında xərifləyən, çörəyini yeyib suyunu içdiyi torpağa, o torpaqda yaşayan insanlara qarşı saxtakarlıq edən “ağsaqqal” yazıçı bilməmiş deyildi ki, dünyada  Azərbaycanı hər tərəfdən sıxmaq, məhv etmək istəyən qüvvələr var,  məqam, fürsət marığına yatan bədxahlarımız çoxdur. Bilirdisə, o, heç bir şirnikləndirici vədə baxmadan millətinin mənafeyinə zidd addım atmamalı, düşmənlərin dəyirmanına su tökməməli idi. Adamı ən azı acı təəssüf hissləri bürüyür.

Məhəmməd Əleyhüssəlamın belə bir kəlamı var: “Etiraf vicdan sabunudur”. Qoy, Əkrəm necə kobud səhvə yol verdiyini etiraf etsin, sayı milyonu keçən qaçqın və məcburi köçkün soydaşlarımızın qarşısında, nigaran ruhları  başımız üstündə dolaşan şəhidlərimizin xatirəsi önündə üzr istəsin. Onda bəlkə oxucuların gərilmiş əsəbləri bir qədər soyuyar. Ən azı Əkrəmin vicdanı bir az təmizlənər, düşmənlərin  sevincini  yarımçıq kəsər.

Nadir QƏHRƏMANOV,
Sumqayıt Dövlət Universitetinin  rektoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında