Fevralın 19-da Masallı şəhərindəki Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun, YAP sədrinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin, Milli Məclisin deputatları Cavanşir Paşazadənin və Nəriman Əliyevin iştirak etdiyi toplantıda bu il ölkəmizdə keçiriləcək növbəti Prezident seçkiləri ilə əlaqədar partiya üzvləri qarşısında duran vəzifələr müzakirə edilmişdir. Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 8 min 805 nəfəri birləşdirən siyasi təşkilatın gördüyü işlər barədə iştirakçılara məlumat vermiş, bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək Prezident seçkilərində masallılıların İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini diqqətə çatdırmışdır.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov toplantıda çıxış edərək bildirmişdir ki, Azərbaycan müasir dünyanın ən mütərəqqi dövlətlərindən birinə çevrilməkdədir. Ölkəmizdəki sabitlik, əmin-amanlıq şəraiti insanların firavan yaşamaları üçün real imkanlar yaratmışdır. Respublikamızın hər yerində quruculuq işləri sürətlə davam etdirilir. Bu proses Masallı rayonunda da davam edir. Qeyd olunmuşdur ki, Azərbaycan vətəndaşları bu gün gələcəyə böyük inam və ümidlə baxırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində insan amili durur.
Bildirilmişdir ki, hər bir seçki ölkənin ictimai-siyasi həyatında qabarmalar yaradır. 600 min nəfərə yaxın üzvü olan Yeni Azərbaycan Partiyası iqtidar partiyası kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Qarşıdan gələn Prezident seçkilərinə hazırlıqlarla əlaqədar hər bir partiya üzvünün üzərinə mühüm vəzifələr düşür.
Partiyanın üzvləri Azərbaycan reallıqlarının olduğu kimi xalqa çatdırılmasında fəal iştirak etməli, sosial şəbəkələrdə bu sahədə edilən təhriflərə qarşı ciddi mübarizə aparmalıdırlar. Bütün səylər mövcud nöqsanların aradan qaldırılmasına səfərbər olunmalıdır.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov çıxışlarında qeyd etmişlər ki, ölkəmizdə həyatın bütün sahələrində qazanılan uğurlar ümummilli liderin həyata keçirdiyi siyasi xəttin məntiqi nəticəsidir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılmışdır ki, Masallı rayon təşkilatının üzvləri həmişə Heydər Əliyevin siyasətini, Prezident İlham Əliyevin gördüyü işləri dəstəkləmişlər. Masallıda Prezident İlham Əliyevə böyük sevgi və məhəbbət vardır. Onlar ölkə başçısına olan sevgilərini bu il keçiriləcək növbəti Prezident seçkilərində onun namizədliyini dəstəkləməklə bir daha nümayiş etdirəcəklər. Müzakirə edilən məsələ YAP Masallı rayon təşkilatının Gənclər Birliyinin təşkil etdiyi “dəyirmi masa”da davam etdirilmişdir. Gənclər qarşısında çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti Prezident seçkilərinə hazırlıqlarla bağlı gənclər qarşısında duran vəzifələrdən ətraflı söhbət açmışdır.
Qeyd olunmuşdur ki, ulu öndər həmişə gənclərə böyük qayğı göstərmiş, onların cəmiyyətin layiqli övladları kimi böyümələri, təhsil almaları və məsul vəzifələrə təyin olunmasına böyük önəm vermişdir. Bu gün bu siyasət partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Dəyirmi masa”da çıxış edən gənclərin nümayəndələri cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizədə gənclərin qarşısında duran vəzifələrdən danışmış, rayon gənclərinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttin fəal müdafiəçilərinə çevriləcəklərinə əminliklərini ifadə etmişlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.