Laçın Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında ölkədə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, regional inkişaf proqramlarının ardıcıl həyata keçirilməsi fonunda məcburi köçkünlük həyatı yaşayan laçınlıların ötən 1 ildə əldə etdikləri sosial-iqtisadi nailiyyətlər, həlli vacib məsələlər diqqət mərkəzində oldu.
İştirakçılar hesabat yığıncağından əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoydular, ümummilli liderin qarşıdan gələn 90 illiyi şərəfinə bu böyük insanın adını daşıyan parkda 90 fidan basdırdılar.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov hesabat məruzəsində Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin dərin məzmunlu və proqram xarakterli nitqindən irəli gələn vəzifələr baxımından görülmüş işləri təhlil etdi. Başçı bildirdi ki, ölkə Prezidentinin laçınlı məcburi köçkünlərə olan diqqət və qayğısı sayəsində ötən il ən yüksək sayda - 1000-dən çox laçınlı ailəsi hər bir şəraitə malik yeni mənzillərlə təmin edilmişdir. Taxtakörpü ərazisində inşa edilmiş və 24 dekabr 2011-ci il tarixdə cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilmiş bütün sosial infrastruktura malik 552 ailəlik qəsəbə laçınlı məcburi köçkünlərin istifadəsinə verilmişdir.
Bundan əlavə, 2012-ci ilin mart ayında Naftalan şəhərində sanatoriya binalarında məskunlaşmış 49 laçınlı ailəsi Goranboy rayonunda, may ayında isə Ağcabədi rayonunda məskunlaşmış və yaşayış şəraiti ağır olan 4 ailə Ağcabədi şəhəri ərazisində inşa olunmuş çoxmərtəbəli yaşayış binalarında yeni mənzillərlə təmin edilmişdir.
Ötən il Nərimanov və Binəqədi rayonlarında yataqxana və tikintisi yarımçıq qalmış binalarda məskunlaşmış 86 ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binalarında, Şəki və Bərdə rayonlarında fin tipli evlərdə məskunlaşmış 317 ailə bütün infrastruktura malik qəsəbələrdə yeni evlərlə təmin edilmişdir. 27 dekabr 2012-ci il tarixdə isə Qaradağ rayonunun Müşviqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllənin açılışı olmuşdur. Bu qəsəbələrin əksəriyyətinin açılışında cənab Prezident özü şəxsən iştirak etmişdir.
Bununla yanaşı, Dövlət Proqramına 2011-ci ilin 21 fevral tarixində İlham Əliyevin sərəncamı ilə müvafiq əlavələr olunmuşdur. Həmin əlavələrə uyğun olaraq Taxtakörpü ərazisində qamış, daxal evlərdə məskunlaşmış 1500 ailəyə, Bakı, Sumqayıt şəhərlərində yataqxana, şəxsi mənzillərdə və digər ictimai binalarda məskunlaşmış 3 mindən çox laçınlı məcburi köçkün ailəsinə yeni evlərin tikilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabineti tərəfindən 627 hektar torpaq sahəsi ayrılmış, artıq işlər layihələndirmə mərhələsindədir. Tikinti işlərinə 2013-cü il ərzində başlanılması üçün aidiyyəti qurumlarla müvafiq iş aparılır.
Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin proqrama 31 oktyabr 2007-ci il və 11 fevral 2011-ci il tarixlərdə edilmiş əlavələrdə rayon üzrə ümumilikdə nəzərdə tutulmuş 44 tədbirdən 15-i icra olunmuş, 25-i yerinə yetirilir. Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Taxtakörpü ərazisində fəaliyyət göstərən 23 nəfər sahibkar və fermerə 115 min manat girovsuz, güzəştli kredit verilmişdir.
Başçı daha sonra bildirdi ki, hesabat dövründə Taxtakörpü qəsəbəsi və məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə tikinti-abadlıq işləri davam etdirilmişdir. Ərazidəki parklarda, Şəhidlərin Xatirə Kompleksinin və rayon icra hakimiyyətinin ətrafında 4 mindən çox müxtəlif ağac və gül kolları əkilmişdir. Yol kənarında və meydanlarda 85 kvm plakat və şüarlar yenisi ilə əvəz edilmiş, 33 ədəd müasir işıqlandırıcı dirəklər quraşdırılmış, 3 min kvm hasar və inzibati binanın fasadı rənglənmişdir. Rayon sakinlərinin məskunlaşdığı ərazilərdə 2012-ci il ərzində ümumilikdə 20 mindən çox ağac əkilmişdir. Mövsüm ərzində gül tinglərinin becərilməsi üçün iki istixana tikilmişdir.
Taxtakörpü ərazisində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həll olunması məqsədilə ötən il Dövlətqaçqınkomdan 3 yeni transformator, 15 min metr elektrik naqili alınmışdır. Bundan əlavə, daxili imkanlar hesabına 62 transformatorda və müxtəlif gücə malik 80 km uzunluğunda elektrik hava xəttində əsaslı və cari təmir işləri aparılmışdır. Ərazidəki obalarda yararsız vəziyyətdə olan 70 dayaq yenisi ilə əvəz edilmişdir. Cari ildə Alxaslı obasına 1 transformator qoyulmaqla 2,6 km uzunluğunda yeni elektrik hava xətti çəkilmiş, problem aradan qaldırılmışdır.
Taxtakörpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədilə 13 nasos, elektrik mühərriki və hidrotexniki qurğu əsaslı və cari təmir edilmiş, 68,4 km uzunluğunda kanallar lildən təmizlənmişdir. Ötən il 4500 metr beton üzlüklü kanal çəkilmiş, 58 supaylayıcı metal qapı, 12 dəmir beton körpü tikilmişdir. “Dünyaya Baxış ” Beynəlxalq Humanitar Təşkilatı ilə səmərəli əməkdaşlıq nəticəsində Taxtakörpü ərazisində icma layihələri əsasında yol, təsərrüfat suyu çəkilməsi və digər məsələlərlə bağlı 12 mikrolayihə həyata keçirilmişdir. İçməli su şəbəkələrində yararsız xətlərin 5800 metr hissəsi yenisi ilə əvəz edilmiş və 3050 metr hissəsində təmir işləri aparılmışdır. 55 saylı Yol İstismar İdarəsi tərəfindən Taxtakörpü-Mais və Taxtakörpü-Alxaslı avtomobil yolunun 46 km hissəsində cari təmir işləri həyata keçirilmiş, 2727 kvm asfalt beton örtük salınmışdır. Qarakeçdi obasında 400 metr uzunluğunda obadaxili avtomobil yoluna çınqıl örtük verilmişdir.
2012-ci ildə rayon üzrə 3487 nəfərə əmək pensiyası, 1822 nəfərə sosial müavinət və təqaüd ödənilmiş, 8 nəfərə isə işsizlik müavinəti təyin edilmişdir. Hazırda orta aylıq məbləği 108 manat olmaqla 1921 nəfər ailə üzvünü əhatə edən 433 ailəyə ünvanlı sosial yardım ödənilir. Rayonun 65 min nəfər məcburi köçkün sakininə yemək xərci müavinətinin vaxtında ödənilməsi təmin edilmişdir. 10 nəfər Böyük Vətən müharibəsi veteranı və Qarabağ müharibəsi əlilinə avtomobil verilmişdir.
Rayonda əhali və fermer təsərrüfatlarında 34087 baş iri, 201895 baş xırda heyvan var. Arı ailələrinin sayı ötən ilin müvafiq dövrünə nisbətən 607 ailə artaraq 5680-ə çatmışdır. Hesabat dövründə 2250 ton ət, 13927 ton süd, 377 ton sentner yun, 1,3 milyon ədəd yumurta istehsal edilmişdir. 2011-ci ildə 2012-ci ilin məhsulu üçün səpilmiş 1644 hektar sahədən 5215 ton taxıl, 9181 ton qaba yem istehsal olunmuşdur. İstehsalçıların istifadə etdikləri yanacaq və motor yağlarına görə kompensasiya ödənişi vaxtında və şəffaf şəkildə plastik kartlarla öz sahiblərinə çatdırılmışdır.
Rayonun təhsil, mədəniyyət və səhiyyə sahəsində də xeyli tədbirlər həyata keçirilmişdir. Büdcə vəsaiti hesabına rayonun 12 ümumtəhsil məktəbində təmir işləri görülmüş, 1380 ədəd müxtəlif adda inventar alınmışdır. Hazırda Təhsil Şöbəsinin inzibati binasının tikintisində işlər sürətlə davam etdirilir. 2012-ci ildə rayonun Taxtakörpü, Hacıxanlı və Kaha tam orta məktəbləri məcburi köçkünlər üçün inşa olunmuş qəsəbələrdə yeni məktəb binalarına köçürülmüşdür. Məzunlardan 175 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuş, onlardan 27 nəfəri 500-dən, o cümlədən 8 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları 37 rayon və şəhərindəki 114 yaşayış məntəqəsində 1017 nəfər qəbul edilmişdir. Səyyar qəbullarda qaldırılmış məsələlər əsasən ev, iş tələbi, müalicəyə köməklik, təhsil, torpaq və digər məsələlərlə əlaqədar olmuşdur. 2012-ci ildə rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşların cəmi 1363 yazılı müraciəti daxil olmuşdur. Müraciətlərin sayı 2011-ci ilə nisbətən 60 ədəd, o cümlədən Prezident Administrasiyasından daxil olmuş müraciətlərin sayı 6 ədəd azalmışdır.
Qarşıda duran işlərdən söz açan məruzəçi bildirdi ki, 2013-cü ildə bizi çox mühüm və əlamətdar tədbirlər gözləyir. Taxtakörpü ərazisində qamış, daxal evlərdə məskunlaşmış 1500 ailə üçün yeni evlərin tikilməsi üçün işlər layihələndirmə mərhələsindədir. Ərazidə qəsəbələrin salınmasına tezliklə başlanılması üçün Dövlətqaçqınkomla birlikdə hazırda ciddi iş aparılır. Bundan əlavə, obalarda içməli su, yol, işıqla bağlı problemlərinin həlli, respublikanın ayrı-ayrı rayon və şəhərlərində məskunlaşmış məcburi köçkünlərdən çətin şəraitdə yaşayan ailələrin mənzillərlə təmin olunması, Taxtakörpü qəsəbəsində 512 nömrəlik yeni ATS-in quraşdırılması həlli vacib olan məsələlərdəndir.
Toplantıda bildirildi ki, laçınlılar bu il də qarşıda duran mühüm vəzifələrin vaxtında və lazımi səviyyədə yerinə yetirilməsinə çalışacaq, rayonun sosial-iqtisadi inkişafı və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması üçün mümkün olan bütün tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin deputatı Nazim Fərəcov yığıncaqda iştirak və çıxış etdilər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.