Əkrəm Naibovu nə şəhid ruhları, nə də Azərbaycan xalqı bağışlayacaq

 

 

Əkrəm Naibovun “Daş yuxular” “əsəri”ni oxuyanda  məşhur rus tənqidçisi V.Belinskinin  N.Qoqola yazdığı  məktubu xatırladım. Həmin məktubda deyilirdi ki,  burada söhbət mənim, ya sizin şəxsiyyətinizdən getmir. Barəsində danışdığınız məfhum məndən, hətta sizdən də dəfələrlə yüksəkdə dayanır. Söhbət rus cəmiyyətindən, Rusiyadan, Vətəndən  gedir.

Belə misalların sayını istənilən qədər artırmaq olar. Tarixdə dövlətinə və Vətəninə nankor çıxan, millətinə nifrətlə yanaşan ayrı-ayrı millətlərdən olan o qədər namərdlər olub ki!.. Əkrəm Naibov da belələrindəndir,   Vətəninə, millətinə, el-obasına naxələflik etdi. Oxuculardan  ifadəmə görə üzr istəyirəm, bu cür nankorları el arasında “yediyi qaba tüpürən” adlandırırlar.

Mən əsəri oxuyub dəhşətə gəldim. Fikirləşdim ki, İlahi, insan doğulduğu, havasını udduğu, çörəyini yediyi Vətənə, ona qayğı, hörmət bəsləyən xalqa, millətə niyə bu qədər  qəddarcasına yanaşmalıdır?!. Yalan, əsassız məlumatlarla, şər və böhtanlarla  dolu cızma-qara yazmaqda Əkrəm Naibovun məqsədi nə olub?!. Gör bu insanın vicdanı necə korşalıb ki, Mesrop Maştosun  erməni əlifbasını elə Əylisdə yaratdığını iddia edir. Ermənilərə xoş gəlsin deyə, türk əsgərlərinin 1918-ci il hadisələrində qaniçənliyini təsvir etməkdən belə  çəkinmir. 

“Daş yuxular”ı oxuyanda öz-özümə belə bir sual verdim: bəlkə Ə.Naibov çaşıb, ağlını itirib, yaddaşı pozulub? Bəli, Əkrəmin yaddaşı pozulub, manqurtlaşıb. Əkrəm ermənilərin 1905-1906, 1918-1920, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri məkrli, sistemli və kütləvi soyqırımlarını, Quba məzarlığını görmək istəmirsə, öz doğma yurd-yuvalarından başaçıq, ayaqyalın didərgin salınmış, gözünün qarşısında əzizlərinə dağ çəkilmiş, süngülənmiş soydaşlarımızın (Zori Balayanın türk, Ə.Naibovun “yeraz”,  adlandırdığı insanların) halına yanmırsa,  buna başqa nə ad vermək olar?!.

Əkrəm bu “əsəri” ilə həm də müqəddəs islam dinini təhqir etdi. Romanda surətlərin birinin dili ilə deyilir: “Necə yəni, sizin peyğəmbər Allahdan ağıllıdır? Əgər insanda nə isə artıq olsaydı, məgər Allah kor idi bunu görməsin? Necə ola bilər  ki, Allah sifəti, gözləri, burnu, qulağı yaradanda səhv etmədi, hər şeyi qaydasında etdi, lənət şeytana, həmin yerə  gəlib çatanda isə  məktəbli kimi səhvə yol verdi... Oğlu atasının ona qarşı etdiyini fiziki zor, qəddarlıq və  mənasız bir vəhşilik kimi qavramışdı”.

Adıçəkilən “roman”da məni dəhşətə gətirən bir məqama da toxunmaq istərdim. “Daş yuxular”da Bakı dünyanın ən pis, geridə qalmış şəhəri hesab edilir. Surətlərin birinin dili ilə deyilir: “Bir dəfə atam səhv edib məni bura (Bakıya) gətirdi. Özüm də ondan betər səfehlik etdim, Moskvadan bura gəldim”. Doğulduğu kəndi isə Əkrəm Naibov ruhi əsəb dispanseri kimi təsvir edir. Burada hər iki evdən birində ruhi xəstə vardır, çünki onlar günahsız qətlə yetirilmiş ermənilərin evlərini qəsb ediblər, halallıqlarını almadan orada yaşadıqlarından bu “məzlum” xalqın ruhu onları rahat buraxmır.

Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdim. Xalqımız  “Daş yuxular”a ciddi etirazını bildirdi, bu  “əsərin” milli maraqlara zərbə vurduğunu göstərdi. Təəssüf ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və onların ətrafı cəmiyyətdə Əkrəm Naibova qarşı yüksələn haqlı etiraz səslərini yersiz hesab edir, insanların bu xəyanətkara mənfi münasibətini tənqid edirlər. Ə. Kərimlinin birbaşa tabeliyində olan “Azadlıq” qəzeti məhz onun təlimatları ilə Əkrəm Naibovun çirkin əməlinə bəraət qazandırmağa, onu müdafiə etməyə çalışır. Bununla da kifayətlənmir, söz azadlığı arqumentinə əsaslanmağa çalışaraq məsələni siyasiləşdirir, hakimiyyəti ittiham edir.  Ermənilər kimi hiyləgərliyə əl atır, qəzet səhifələrində kosmopolit və antimilli təfəkkürlü ünsürlərə geniş yer verərək, məhz onların dili ilə öz fikirlərini cəmiyyətə sırımağa çalışırlar. Görünən odur ki, bu məsələdə də erməni lobbisi-radikal müxalifət vəhdəti, necə deyərlər, öz  işini"uğurla" yerinə yetirir.

Dəhşətli bir fakta da diqqət yetirək. İndi məlum olur ki, Əkrəm Naibov “Daş yuxular”ını iki il əvvəl 50 nüsxə ilə Bakıda çap etdirərək dostlarına paylayıb. Reneqat Eldar Namazov və onun dəstəsinin bu bədnam “roman”dan xəbərləri olub. Lakin onlar bu vicdansızlığı sükutla qarşılayıblar. Ən acınacaqlı və təəssüfləndirici hal isə odur ki, Eldar Namazovun “komandası” onun Rusiyada dərc ediləcəyini bildiyi  halda qarşısını almaq üçün heç bir iş görməyib. Əksinə, yazıçını daha da həvəsləndiriblər ki, bu cür “əsərlərin” sayını artırsın. Görünür, hər dəfə hansısa bir erməni planını həyata keçirəndə xaricdəki ağaları onları yaxşıca “mükafatlandırır”.

“Daş yuxular”ın naqislikləri  barədə çox şey demək olar. Lakin bir qəzet yazısında bu, imkan xaricindədir. Təkcə onu bildirirəm ki, “Daş yuxular” bütün vətənpərvər soydaşlarımız kimi, mənim də təəssüf və hiddətimə səbəb oldu. Yəqin ki, daşnakların azərbaycanlıların başına əsrlər boyu gətirdikləri bəlaları erməni qardaşları kimi qəbul edən bu nankor  həmin üzdəniraq “roman”ını yazanda heç olmasa Xocalıda qətlə yetirilən qocaları, qadınları, uşaqları, boruya salınıb qaynaqlanan körpələri göz önünə gətirəydi.

 

Ə. Naibov çörəyini yediyi, suyunu içdiyi Azərbaycana arxa çevirdi. Bunu ona nə tarix, nə Xocalıda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Zəngilanda... tökülən şəhid ruhları, nə də ki Azərbaycan xalqı bağışlamayacaq.

Xeyrulla HÜMBƏTOV, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti kadrlar şöbəsinin rəisi,
YAP Dəmir Yolu ilk təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında