Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Platin Qələm”

 

Dünən Milli Qəhrəman Çingiz Mustafayev Fondu, ANS QRUP-a daxil olan VMF, həmçinin tanınmış “Caran d’Ache”şirkətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “...Azərbaycanlıyam!” məhdud saylı platin qələm mükafatı təqdim edildi.

“Four Seasons Hotel Baku”da keçirilmiş, ölkənin nüfuzlu ziyalıları, millət vəkilləri, ictimai xadimlərinin qatıldığı təqdimat mərasimində əvvəlcə qonaqlara mükafatın təsis edilmə ideyası və məqsədi barədə məlumat verildi. Çıxış edən ANS QRUP-un prezidenti Vahid Mustafayev bildirdi ki, bu qələm mükafatı ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsini əsas tutaraq hazırlanıb və həmin ifadə yüksək zövq və sənətkarlıqla əks etdirilib: “İncəsənət əsərləri yaradanlar, dövlət və ictimai xadimlər, kolleksiyaçılar, tarixlə maraqlanan insanlar üçün nəzərdə tutulmuş bu seriya yüksək beynəlxalq standartlara cavab verən mürəkkəblə yazan qələm və mürəkkəbdən ibarətdir. Əl işi olduğundan, hər bir qələm unikal və vahiddir”. Natiq qeyd etdi ki, layihəni hazırlayarkən “Caran d’Ache”, onun Azərbaycandakı rəsmi təmsilçisi VMF Şirkəti və “ANS Press Nəşriyyat Evi”nin mütəxəssisləri dahi siyasətçinin sözlərini yazı ləvazimatının korpusuna həkk etməklə, sanki qələmin sahibinə bundan sonra yaratdığı bütün əsərlərdə Azərbaycana məhəbbətini xatırlatmaq və daha da gözəl işlər ərsəyə gətirməsini arzulayır. ANS Qrupunun prezidenti Vahid Mustafayev bildirdi ki, bu mükafata ilkin olaraq, ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva səmərəli fəaliyyətlərinə görə layiq görülüb.

ANS QRUP-un prezidenti Vahid Mustafayev və “Caran d’Ache” şirkətinin baş direktoru Silvio Laurenti sözügedən mükafatı mədəniyyət, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və Azərbaycanın nüfuzunun daha da yüksəldilməsinə xidmət edən tanınmış ziyalılara təqdim etdilər. Mükafata layiq görülən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, tanınmış rəssam Tahir Salahov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkili Zeynəb Xanlarova, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə və digər ziyalılar çıxış edərək ulu öndər Heydər Əliyevin xatirəsinə təsis edilmiş mükafatı yüksək dəyərləndirdilər. Çıxış edənlər ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişafı sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirdilər və mükafata görə təşkilatçılara təşəkkür etdilər. Qeyd edək ki, mükafat alanlar arasında Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, əməkdar jurnalist Mais Məmmədov, xalq şairi Vaqif Səmədoğlu, bəstəkar Arif Məlikov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, xalq artisti Eldar Quliyev, xalq artisti Şəfiqə Məmmədova, kaman ustası Habil Əliyev və digər xadimlərin adı var.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında