Hamı bir nəfər kimi "Dəli Kür"ün ram edilməsinə cəlb olunmuşdu{nl}
... Azərbaycanda indi elə idarəçilik sistemi yaradılıbdır ki, hər bir qurum və hər bir qurumun rəhbəri istənilən anda öz vəzifə borclarını bilir və çalışır ki, onları şərəflə yerinə yetirsin. Görülən tədbirlər bir daha onu göstərdi ki, bütün bu hadisələri qabaqcadan proqnozlaşdırmaq mümkün deyildi. Buna baxmayaraq, biz bu fəlakətlə üzləşəndə dərhal operativ tədbirlər görüldü və bu gün də bu tədbirlər görülür.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEVİN təbii fəlakətlə bağlı 11 may tarixli səyyar müşavirədəki çıxışından
{nl}
Varlığı əsaslı surətdə Kür çayı ilə bağlı olan rayonlardan biri də Salyandır. Muğanın çox sərt iqlimini salyanlıların xeyrinə dəyişən - yəni həyat üçün əlverişli şərait yaradan da məhz Kürdür. Onun təsiri o qədər güclüdür ki, insanlar bu bağlılığı hətta yaşayış məntəqələrinin adında əbədiləşdiriblər. Təsadüfi deyil ki, Salyanda Kür çayının adının əks olunduğu bir neçə kənd mövcuddur. Bu da, qeyd edildiyi kimi, sözsüz ki, ilk növbədə Kürün insanların həyatında, məişətində necə güclü və dərin işlər buraxmasının təzahürüdür. Bura doğmalığın xüsusi əlamətlərindən biri də odur ki, təkcə Kürün adı yaşayış məntəqələrində əks olunmayıb, eyni zamanda, bu doğmalığın ifadəsi olaraq Kürün adına müxtəlif epitetlər əlavə olunub. Məsələn, Azərbaycanın müxtəlif bölgələrində Kürə "Dəli Kür" deyilsə də, salyanlılar "Ana Kürüm" ifadəsini məmnuniyyətlə işlədirlər. XX əsrin ikinci yarısında aşıq məktəbinin müqtədir simalarından olan salyanlı Aşıq Pənah Kür çayının Bakıya çəkilməsi kimi çox əlamətdar və həyati bir məsələni nəzmə çəkmiş, mahnıya çevirmişdir.
Toyların, el şənliklərinin sevilən mahnısında deyilir:
Kür Bakıya axdı gəldi,
... Sevinməyin vaxtı gəldi,
A mənim ana Kürüm,
Bağlıyam sana Kürüm.
Xülasə, bu barədə istənilən qədər misallar çəkmək mümkündür. Ən əsası da odur ki, Kürsüz bu yerlərdə yaşayışın mümkünsüzlüyünü təsəvvür etmək çox çətindir. Ancaq bəzən belə də olur - Kür dağıntılar və tələfatlar törədir. Lap elə bu ilin beşinci ayının əvvəllərindən başlayaraq indiyədək davam edən daşqınlarda olduğu kimi.
... Kür çayı Salyan rayonunun 82 kilometr ərazisindən keçir və "kəmər" kimi Salyan şəhərinin "belinə dolanır". Rayonun Pambıqkənd, Bəşirbəyli, Qaraçala, Kərimbəyli, Təzəkənd, Gomuşlu, Seyidan, Parça-Xalac, Pratman Gəncəli, Çuxanlı, Aşağı Noxudlu, Yuxarı Noxudlu, Aşağı Kürkənd, Kürqaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndləri Kür çayının sahilində yerləşir.
Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən çayda daşqınların qarşısının alınması və tələfatın olmaması üçün təhlükə ilə üzləşmiş digər rayonlarda olduğu kimi, Salyanda da demək olar ki, bütün qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının 30 aprel 2010-cu il tarixli sərəncamına əsasən yaradılmış qərargah Kür çayında daşqınların qarşısının alınmasında, təbii fəlakətin zərərlərinin mümkün qədər azaldılmasında mühüm fəaliyyət göstərmişdir. Təyin olunmuş gecə növbətçiləri Kürdəki real vəziyyəti müşahidə altında saxlayaraq mümkün təhlükələr barədə vaxtında məlumat almaq imkanına malik olmuşlar.
Bundan başqa, gündüz vaxtında isə, demək olar ki, bütün idarə, müəssisə və təşkilatların əməkdaşları bir nəfər kimi səfərbər olaraq əhali ilə birlikdə bəndbərkitmə işlərində iştirak etmişlər. Bunu xüsusi vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyevin fəlakətin aradan qaldırılması istiqamətində atdığı addımlar Salyan rayonunun əhalisini də ruhlandırmış, onlar sel daşqınlarının qarşısının alınması üçün fəallıqla, necə deyərlər, cani-dildən səy göstərmişlər.
Təbii fəlakətin "meydan sulamağa" başladığı vaxtdan keçən zaman ərzində Salyanda 82 kilometr ərazidə bəndbərkitmə işləri aparılmışdır, bir az da dəqiqləşdirsək demək olar ki, bəndlər yenidən qurulumuş və səviyyə iki-üç metr hündürləşdirilmişdir.
Ümumiyyətlə, insanların fədakarlığını sınağa çəkən, 2000-ə yaxın həyətin, 631 hektar əkin sahəsinin (dövlət mülkiyyətində olan 737 hektar, xüsusi mülkiyyətdə olan 333 hektar, bələdiyyə mülkiyyətində olan 66 hektar) su altında qalmasına, onlarla mənzilin qəzalı vəziyyətə düşməsinə səbəb olan bu təbiət "hadisəsinin" dəf edilməsinə 100-ə yaxın ağır texnika, 100-dən çox müxtəlif nasoslar, o cümlədən, yanğınsöndürən maşınlar cəlb olunmuşdur. Təbii fəlakətin qarşısının alınmasında Fövqəladə Hallar Nazirliyinin, "Gilan" İnşaat Şirkətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin "Azərkörpü" ASC-nin texnikaları və çoxlu sayda canlı qüvvələr iştirak etmişdir.
Daşqınların "tüğyan etdiyi" gərgin vaxtlarda Salyan rayonu ərazisində Kür çayında suyun səviyyəsinin ən yüksək həddi 6,8 metrə, saniyədə keçən suyun həcmi isə 2400-2500 kubmetrə çatmışdır. Halbuki, normal vaxtlarda ən yüksək səviyyə 3,8 metr, ən çox ötürülən su həcmi isə 500-600 kubmetr olmuşdur. Bu göstəricilərdən sonrakı rəqəmlər təhlükəli vəziyyətin yaranmasına işarədir. Zənnimcə, elə bu rəqəmləri müqayisə etmək kifayətdir ki, necə təhlükənin aradan qaldırılması üçün mübarizənin aparıldığı aydın hiss olsun. Məhz buna görə də bu qorxulu vəziyyətin canlı şahidi olan salyanlılar gördüklərinə inanırlar, kimlərinsə boş, mənasız fikirlərnə yox. Elə bu baxımdan onlardan bəzilərinin dediklərini diqqətə çatdırmaqda lüzum gördüm.
Hacı Xeyrulla Əliyev, ağsaqqal:
- Ulu öndər Heydər Əliyevin Salyan rayonuna və salyanlılara göstərdiyi xüsusi diqqət və qayğı barədə günlərlə danışmaq olar. Çünki burada çoxlarının qəlbində bu nurlu şəxsiyyətlə bağlı şirin xatirələr yatır. Demək istədiyim budur ki, ümummilli lider Salyan torpağına xüsusi münasibət bəsləyirdi və bunun nəticəsi olaraq onlarla salyanlı əmək adamı təkcə respublikamızda deyil, hətta ümumittifaq miqyasında tanınırdı. Ümumiyyətlə, bu barədə danışmaq, yaxın keçmişi xatırlamaq xoşdur. Heydər Əliyev həmişə Salyanın çiçəklənməsi üçün əlindən gələni edib. İndi də bu münasibəti biz onun yadigarı, əziz Prezidentimiz İlham Əliyevdən görürük. Bunu uşaqdan - böyüyə hamı gördü və bildi ki, Kürdəki daşqınların Salyandan xətərsiz ötüşməsi uca Tanrının mərhəməti və möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətli addımlar atması sayəsində mümkün olmuşdur. Çünki məhz ölkə rəhbərinin iradəsi, bütün imkanları səfərbər etməsi digər rayonlar kimi Salyanımızı da qorudu, bizi yüz ildə bir yaşanan təbii fəlakətin "cəngindən" sağ-salamat qurtardı. İllər keçsə də biz salyanlılar bunu unutmayacağıq.
Ramiz Mustafayev, ağsaqqal:
- Səksən iki yaşım var, Salyanın inkişafı da, hansı mərhələlərdən keçməsi də, necə deyərlər, gözlərimin qabağında baş verib. Hələ indiyədək bu cür dəhşətli təbii fəlakət görməmişəm. Açığını deyim ki, üzüm Allahda olsa da, belə sonluğu heç cür gözləmirdim. Ancaq sən saydığını say, gör fələk nə sayır, deyiblər. Dövlətimizin gücünü - qüdrətini də, dövlət başçımızın vətəndaşına diqqət və qayğısını da bu təbii fəlakət zamanı bir daha gördük. Çünki o, nə mümkünsə etdi, hətta mümkün olandan da çoxunu etdi.
Doğrudan da, ulu öndərimiz böyük şəxsiyyət Heydər Əliyevin yadigarı, hörmətli dövlət başçımız İlham Əliyev Salyanı çox böyük daşqınlardan qurtardı. Ömrümüzün sonunadək ona duaçıyıq.
Yaqut Ələsgərova - əməkdar müəllim, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri:
Ulu öndərimizin "dünyada müəllim peşəsi qədər şərəfli peşə tanımıram" ifadəsini sevərək işlədirdi. Onun bu qədər dəyər verdiyi, adını uca tutduğu böyük bir müəllimlər ordusu bunun canlı şahidi oldu ki, addımlar vaxtında və düzgün atılmasaydı, Salyana dəymiş ziyan dəfələrlə artıq ola bilərdi. Ölkə rəhbərliyinin hadisələrə düzgün reaksiyası, xüsusilə də dövlət başçısı İlham Əliyevin qətiyyəti, inadkarlığı hamımızı bir daha inandırdı ki, insan oğlunun istənilən fəlakətin qabağında sinə gərməyə iradəsi çatır.
Əhməd QASIMOV - Rayon Əlillər Cəmiyyətinin sədri:
- Yəqin, ay oğul, mənimlə razılaşarsan ki, səksən doqquz yaşlı qocanın kiməsə xoş gəlmək xatirinə söz deməyə ehtiyacı olmaz. Dünyanın hər üzünü görmüşəm, yaxşısına da rast gəlmişəm, pisinə də. Amma Kürün bu yazdakı "dəliliyni" heç vaxt görməmişdim. Sağ olsun Prezidentimiz İlham Əliyev, bir neçə günün içində 3 dəfə müşavirə keçirdi, tapşırıqlarını, tövsiyələrini verdi, Azərbaycanın qeyrətli oğlu kimi ölkəmizi bu ağır sınaqdan da üzüağ çıxarmağı və fəlakətin yolunu "kəsməyi" bacardı. Allah ondan razı olsun.
Həmsöhbətlərimin hamısı bunu da xüsusi vurğuladılar ki, rayon icra hakimiyyətinin başçısı Əliağa Hüseynovun təbii fəlakətin qarşısının alınmasında, böyük xidməti var. O, həm də bir salyanlı kimi öz vətəndaşlıq borcunu yerinə yetirdi və ölkə başçısının etimadını doğrultdu.
Salyanlılar inanırlar ki, ölkə başçısının regionların sosial-iqtisadi inkişafına verdiyi önəm respublikamızın bütün bölgələrində olduğu kimi, Salyanda da daha gözəl bəhrələr verəcəkdir.
Salyan bu gün də inkişafdadır. Azərbaycanın bu gözəl torpağına yaraşan da elə budur.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.