Yevlax Şəhər İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında son illərin uğurlar estafetini həyatın bütün sahələrində yeni nailiyyətlərlə davam etdirmiş 2012-ci ilin başlıca sosial-iqtisadi göstəriciləri barədə hesabat dinlənildi, cari ilin konkret vəzifələri gündəmə gətirildi.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov hesabat məruzəsində bildirdi:
– Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası doqquz ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir, ölkəmizin və şəhərimizin sosial- iqtisadi göstəriciləri ilbəil yüksəlir. 2012-ci il də hərtərəfli inkişaf baxımından şəhərimiz üçün uğurlu olmuşdur.
Prezidentin daimi diqqət və qayğısını hiss edən yevlaxlılar əvvəlki dövrlərdə olduğu kimi, 2012-ci ildə də şəhərimizin hərtərəfli inkişafı üçün bütün qüvvələri səfərbərliyə almışlar. Quruculuq, abadlıq, tikinti işləri aparılması davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir. Dövlət başçısının 2012-ci ilin 7 oktyabrında şəhərimizə növbəti səfəri və görülən işlərə yüksək qiymət verməsi yevlaxlıları yüksək nailiyyətlər qazanmağa ruhlandırmış, məsuliyyətimizi qat -qat artırmışdır.
2012-ci ildə şəhərdə ümumdaxili məhsulun həcmi 383,1 milyon manat olmuşdur. ÜDM-in həcmi 2011-ci ilə nisbətən 42,1 milyon manat və yaxud 12,3 faiz çox olmuşdur. Ötən il ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Ümumdaxili məhsulun artımı əsasən məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin həcminin artması hesabına olmuşdur.
Ümumdaxili məhsulun 11,6 milyon manatını sənaye, 75,9 milyon manatını kənd təsərrüfatı, 32 milyon manatını tikinti, 215,1 milyon manatını ticarət, 5 milyon manatını nəqliyyat, 1 milyon manatını rabitə, 42,5 milyon manatını digər xidmətlər təşkil etmişdir. 3,5 milyon manatlıq sənaye məhsulu ixrac olunmuşdur. Bu, satılmış sənaye məhsulunun 29,9 faizini təşkil edir. 2012-ci ildə hər nəfərə 3122 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da 2011-ci ilə nisbətən 313,2 manat və yaxud 11,2 faiz çoxdur.
Rayon üzrə orta aylıq əmək haqqı 180,3 manat, əhalinin pul gəliri 210,7 miylon manat olmuşdur. Bu, 2011-ci ilə nisbətən 23,1 milyon manat və yaxud 12,3 faiz çoxdur. Adambaşına pul gəlirləri 1717,1 manat olmuşdur.Bu da 2011-ci ilə nisbətən 172,3 manat və ya 11,2 faiz çoxdur. 2012-ci ildə pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 257,6 milyon manat olmuşdur. Bu da 2011-ci il ilə müqayisədə 9 faiz və yaxud 22,7 milyon manat çoxdur.
Ötən il 12 ticarət və xidmət obyekti istifadəyə verilmişdir. Yeni ticarət və xidmət obyektləri müasir dizaynla tikilərək şəhərin ümumi görkəminə uyğunlaşdırılmışdır. Hazırda rayonda mindən çox obyekt əhaliyə müxtəlif xidmətlər göstərir. 570 hüquqi, 5735 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində fəaliyyət göstərir.
Keçən il ümumilikdə 75,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 8948 nəfərə 1 milyon 395,1 min manat, 2013-cü ilin məhsulu üçün 2486 nəfər buğda istehsalçılarına 582,6 min manat olmaqla, cəmi 1 milyon 977,7 min manat dövlət yardımı verilmişdir. Torpaq mülkiyyətçilərinə 1573 tondan çox mineral gübrə güzəştli şərtlərlə satılmışdır. 16655 hektarda taxıl əkilmiş və 2011-ci ilə nisbətən 8,8 min ton çox 51,2 min ton məhsul istehsal edilmişdir.
2012-ci ildə iri malın sayı 56 baş, qoyunların sayı 484 baş, quşların sayı 91 baş artmışdır. 2011-ci illə müqayisədə 206 ton ət, 669 ton süd, 91 min ədəd yumurta, 15 ton yun, 509 ton pambıq çox istehsal edilmişdir.
Məruzəçi daha sonra bildirdi ki, 2012-ci ildə şəhərin büdcə xərcləri 19 milyon 679,3 min manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 94,7 min manat çoxdur. Rayonda 10 bank filialı fəaliyyət göstərir. 2012-ci ildə sahibkarlara, iş adamlarına 21 milyon 355,1 min manat kredit verilmiş, əhalidən 4 milyon 882 min manat əmanət qəbul edilmişdir. Keçən il 1793 iş yeri açılmışdır, onlardan 1613-ü daimidir. Ümumilikdə 2004-2011-ci illərdə rayonda 14360 iş yeri yaradılmışdır ki, bunun 8266-sı daimidir.
Əhalini ekoloji cəhətdən içməli su ilə təmin etmək üçün 21 kənddə içməli su təmizləyici qurğuları quraşdırılmış, küçə su xətləri çəkilmiş və bulaqlar tikilmişdir.
Hesabatda göstərildi ki, 2012-ci ildə bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 189,9 milyon manat olmuşdur. Bu, 2011-ci ilə nisbətən 24,5 milyon manat və ya 15,4 faiz çoxdur. Kapital qoyuluşunun 4,3 milyon manatı istehsal, 185,6 milyon manatı qeyri-istehsal sahəsinə yönəldilmişdir. 136,3 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.
Keçən il şəhərdə 960 şagird yerlik, Aran qəsəbəsində 360 şagird yerlik, Salamabad kəndində 180 şagird yerlik tam orta məktəb binaları tikilmişdir. Maliyyə İdarəsinin inzibati binası, Məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin binası, Avtovağzal kompleksi,“Azərtoxum” MMC toxum emalı müəssisəsində saatda 15 ton yem istehsal edən sex də ötən il istifadəyə verilmişdir. “Yevlax-Beton” ASC - də beton tökülməsi sexi əsaslı sürətdə yenidən qurularaq istismara buraxılmışdır. Bu istehsalın həcminin 2 dəfə artırılmasını təmin etmişdir.
Hazırda 4 mərtəbəli 20 mənzilli yaşayış binasında, Kür çayı sahilində 5 ulduzlu hoteldə, Təhsil Şöbəsinin inzibati binasında, şəhər 10 nömrəli 240 şagird yerlik tam orta, Balçılı kənd 180 şagird yerlik tam orta, Aran qəsəbəsi 3 nömrəli tam orta məktəblərinin binasında işlər davam edir. “Azərbaycan Beynəlxalq Bank” ASC -nin Yevlax filialının binasında, Uşaq-Gənclər İdman Məktəbinin üzgüçülük hovuzunda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Yevlax şöbəsinin, “Delfin” MMC-də istehsalat sexinin, Sənaye və Energetika Nazirliyinin Yevlax rayon Regional Qaz Nəzarəti İdarəsinin, Yevlax Qaz İstismar Sahəsinin, 11 saylı Vergilər İdarəsinin, Regional referens toksikologiya və karantin ekspertiza laboratoriyasının, 180 çarpayılıq Mərkəzi Şəhər Xəstəxanasının, 50 çarpayılıq Regional Vərəm Dispanserinin, İqtisadi İnkişaf Nazirliyinin Aran regional idarəsinin binalrının tikintisi də sürətlə aparılır.
Cari ildə rayonun Yuxarı Bucaq, Əcəmi kəndlərində 180 şagird yerlik, Bünyadabad və Dəlləklər kəndində 80 şagird yerlik məktəb binalarının, Rayon Polis Şöbəsinin inzibati binasının tikintisinə başlanacaqdır. Kolanı kəndi ərazisində 188 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edəcək müəssisənin tikintisi davam etdirilr. Layihə üzrə istehsal sahəsi müxtəlif ölçudə 61 ədəd istixanadan, heyvandarlıq üçün yem sexindən, anbarlardan, 2 qazanxanadan, inzibati və köməkçi binalardan ibarətdir.
Hazırda 4 istixana istifadəyə verilmiş, 2 istixananın tikintisi isə davam etdirilir. Heyvandarlıq üçün saatda 20 ton yem istehsal edən zavod tipli yem sexi də tikilmişdir.
Sahəsi 1,1 hektar olan Səməd Vurğun parkı tikilib istifadəyə verilmişdir. Parkda Səməd Vurğunun abidəsi ucaldılmış, əhalinin istirahəti üçün lazım olan bütün şərait yaradılmışdır. Əhalinin mənalı istirahəti üçün ümumi sahəsi 8,2 hektar olan, Kür çayının Yevlax şəhərinin ərazisindən keçən hissəsinin sağ sahili boyunca 2500 metr uzunluğunda Bulvar istirahət mərkəzi salınmışdır. Bulvarın sahil boyunca bir hissəsi estakadalarda Kür çayının üzərində yerləşmişdir. İstirahət zonasında 22 ədəd fontan, 1 ədəd şəlalə tikilmiş və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada 3 xidmət obyekti, ana və uşaq otağı, uşaq əyləncə mərkəzi, 4 ədəd böyük ölçüdə karusellər, idman meydançaları yaradılmış, 1 ədəd monitor quraşdırılmış, çimərlik salınmışdır.
İstirahət zonasına gedən avtomobil yolu genişləndirilərək iki tərəfli yol çəkilmiş, yolda işıqlandırma dayaqları quraşdırılmış, nəqliyyat vasitələrinin dayanması üçün meydança salınmışdır. 2012-ci ildə xiyaban və parklara, səkilərə, istinad divarlarına, fontanlara 27218 kvm aqlay, 3820 kvm qayadaşı, 1070 kvm kabancik, 48800 kvm dekorativ plitə, 1397 kvm mərmər plitə döşənmişdir. Yollara, küçələrə və səkilərə 17931 metr səki daşları düzülmüşdür.
11 yaşayış binasının dam örtükləri əsaslı təmir olunaraq dəyişdirilmiş, 10133 kvm mansar formada metal kirəmit vurulmuşdur.Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən 15 km-i əsaslı surətdə təmir olunmaqla, genişləndirilərək asfaltlanmışdır. Həmin yolun şəhərə giriş hissəsinin 1500 metri 4 zolaqlı tikilmişdir. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Yuxarı Qarxun va Aşağı Qarxun kəndləri arasındakı 4,2 km hissəsində tikinti işləri davam etdirilir. Hazırda Dədə-Qorqud parkının davamının tikintisi aparılır. Əraziyə torpaq və çınqıl daşınır.
Əhalinin içməli su ilə təmin olunması daim diqqət mərkəzində olmuş, nasos stansiyalarının, artezian və subartezianların istismarı nəzarətdə saxlanılmışdır. Hazırda şəhər və kənd yaşayış məntəqələri 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunur.
2012-ci il ərzində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması işləri davam etdirilmişdir.
Ötən il orta məktəbi bitirən 1013 məzundan 311 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Bu, 9 il ərzində ən yüksək göstəricidir və 2003-cü illə müqayisədə 194 nəfər, yəni 66 faiz çoxdur. Məzunlardan 5 nəfəri 600-dən, 24 nəfəri 500-dən çox bal toplamışdır. Orta ixtisas məktəbləri üzrə 513 nəfər şagird sənəd vermiş, 181 nəfər müxtəlif orta ixtisas məktəblərinə qəbul olunmuşlar.
2012-ci ildə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə 8735 nəfər, Şəhər İcra Hakimiyyətində isə 3260 nəfər qəbul edilmişdir. Şəhərdə və kəndlərdə əhalinin kütləvi toplaşdıqları 26 yerdə vətəndaşların şikayət, təklif və rəylərini çatdırmaları üçün qutular qoyulmuşdur. Şəhər İcra Hakimiyyətində “qaynar xətt” yaradılmışdır.
Məruzə və çıxışlarda göstərildi ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramına Yevlaxda həyatın bütün sahələrini əhatə edən 15 tədbir daxil edilmişdir. Bu müddəalar ölkə Prezidentinin böyük diqqət və qayğısı ilə ardıcıl həyata keçirilməkdədir. 2013-cü ildə 78 iri layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda bu layihədən 21-nin icrası davam etdirilir.
Toplantıda belə bir inam ifadə olundu ki, yevlaxlılar əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də qarşıya qoyulmuş vəzifələri uğurla icra edərək, müstəqil Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər.
Milli Məclisin üzvü İlham Məmmədov və Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Əlibala Əliyev yığıncaqda iştirak və çıxış etdilər.
Ziyəddin SULTANOV
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.