“Əkrəm Naibov, sən xalqına XƏYANƏT etdin”

 

 

 

 

Son günlərə qədər əsərlərində olan kənd ətrini sevə-sevə ciyərlərimə çəkdiyim və hörmət bəslədiyim, uzun illər “Azərbaycan jurnalı”nın, “Yazıçı” kimi mötəbər bir nəşriyyatın rəhbəri olmuş, bütün həyatı ədəbiyyat adamlarının, ünlü ziyalıların içində keçmiş, vətəninin başına açılan bütün fəlakətlərin şahidi olmuş, nəhayət, millət vəkilliyinə qədər yüksəlmiş Əkrəm Əylislinin “Daş yuxular” əsəri onun həyatını başqa axara yönləndirdiyi kimi bizim də onun haqqında olan xalq içindən çıxan yazıçı fikrimizin üstündən qara bir xətt çəkdi... Əkrəm xalqına XƏYANƏT etdi!

...Onun Azərbaycan torpağına xəyanətinin cavabında aldığı xalq nifrəti bir ömür bəsidir. Gələcək nəsillərə bir görkdür. Hər kəs bilməlidir ki, Vətənə xəyanətin günahını heç nə ilə təmizləmək olmaz və dönüklük cavabsız qalmaz. Əkrəm Əylisli, sən də payını aldın. Dövlət başçımız sıravi vətəndaşların, müxtəlif ictimai qurumların çoxsaylı müraciətlərinə dəstək olaraq sənin əlindən “Xalq yazıçısı” adının və Azərbaycan Prezidentinin fərdi təqaüdünün alınması ilə bağlı sərəncamlar imzaladı. Xalqın istəyinin arxasında durduğunu sübut etdi. Bu qərar hər bir azərbaycanlının ürəyindən xəbər verdi.

Azərbaycan xalqının məhəbbəti, rəhmi və mərhəməti sonsuz olduğu kimi, qəzəbi, nifrəti də hüdudsuzdur. Sən bu nifrəti qazandın, bilirsənmi nə ilə? Qərbi Azərbaycandan–doğma ev-eşiyindən, isti ocağından, bol bəhərli bağ-bağçasından zillətlə qovulan soydaşlarımızı “yeraz” adlandırmağınla, qan qohumlarına ölkəmizdə “zorakılıq” edildiyini yazıb xalqımı “vəhşi millət” kimi qələmə verməyinlə, Vətənimin sayılıb– seçilən yazıçı, şair və mədəniyyət xadimlərini təhqir etməyinlə, millətimi amansız müharibənin əsl səbəbkarı kimi göstərməyinlə, nakam şəhidlərimizin yarımçıq talelərinə, dinimizə həqarətinlə və s.

Axı sən düşmən dəyirmanına su tökmək amacı ilə yazmısan. Heç qoyardınmı ki, kimsə səndən qabağa düşsün. Əylisdə, Naxçıvanda, Bakıda, Moskvada tanındın, beş il müddətində ciddi bir iş görməsən də millətinə vəkillik kimi məsuliyyətli bir iş sənə həvalə edildi. Sənin gözün doymadı, “Xalq yazıçısı” adına layiq görüldün, sənə “İstiqlal”, “Şöhrət” ordenləri, Azərbaycan Prezidentinin fərdi təqaüdü  verildi, yenə rahatlanmadın. Sən demə,  iddian boyundan çox-çox yüksəkdə imiş.

Ümumbəşəri mövzuya girişdiyini düşünərək, onun müqabilində daha ali mükafat xülyasında ikən təpəsi üstə göydən yerə gəldin, Əkrəm, elin qınağı səni silkələdi. Amma sən ayılmadın. Əlindən fəxri adın, o boyda təqaüdün alındı, “inanmaram” dedin. İnandığın bir şey oldu. Sənə tapşırılan işi şərəfsizcəsinə yerinə yetirdin.

Necə əlin gəldi ki, boy atıb yaşadığın Əylisi oxucuya lənətlənmiş kənd kimi, sakinlərini isə qarğışa düçar olub ağlını itirmiş insanlar şəklində təqdim etdin?  Bizi ağrıdan odur ki, azərbaycanlıların başına açılan işgəncələri görməzlikdən, duymazlıqdan gəlib erməniləri təcavüzə uğramışlar kimi təqdim edirsən və bununla ürəyin soyumurmuş kimi, personajlarını Azərbaycana nifrət ruhunda danışdırırsan. Bu azmış kimi hələ bir öləndə Vətən torpağına qarışmaq arzunu belə dilinə gətirdin. Bəs qoynunda şəhidlik zirvəsinə ucalan oğullarımızın yatdığı Azərbaycan torpağı səni qəbul edəcəkmi? Sən biz tanıdığımız, əsərlərini sevə-sevə oxuduğumuz Əkrəm deyilsən. Onun cildinə girmiş xəbis bir xainsən. 

Kimə xidmət elədiyin bəlli... Amma görəsən bu boyda xalq təpkisini görəndən sonra ürəyində xəyallarının vəd olunan mükafatını ala biləcəksənmi? Ermənilərin və ermənipərəst mövqe tutanların fikrincə sən “ən istedadlı və ən humanist bir yazıçısan”, “ümumbəşəri mövzuya, barışıq missiyasına xidmət edən bu əsərin də sülhə çağırışdır”. Kim səndən xahiş eləmişdi ki, belə dəlitərsinə barışıq missiyasını təbliğ edəsən.

Xalqın ziyalıları səndən cavab gözləyəndə qırımından bəlli oldu ki, bilərəkdən yazmısan, yazdıqlarına peşiman deyilsən, gözünlə gördüklərini qələmə almısan. Çünki milli qüruru olmayan, millət və Vətən sevgisindən uzaq üç-beş sənin tipindəkilər müdafiənə qalxmışdılar.

Naxçıvan Muxtar Respublikasının sakinləri isə bir nəfər kimi ayağa qalxdı, çox ciddi və ağır cəzalandırılmağını tələb etdilər. Haqlı deyillərmi?... Bu yerdə, məcburən, “Allahın lənətinə gələsən, sənə ar olsun!” deməkdən özümü saxlaya bilmirəm.

Səlim MƏMMƏDOV,
iş adamı, Culfa rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında