Son illər Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm islahatlar həyata keçirilmişdir

 

 

Fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət və cəmiyyət üçün aktual olan bir çox məsələlərə toxunmuşdur. Dövlətimizin başçısı yekun nitqində kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq, korrupsiyaya qarşı mübarizənin lazımi səviyyədə aparılmadığını qeyd etmiş və bu istiqamətdə işin gücləndirilməsi barədə müvafiq tövsiyə və göstərişlər vermişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, bununla əlaqədar fevralın 14-də baş prokuror Zakir Qaralovun sədrliyi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirilmişdir.

Baş prokuror qeyd etmişdir ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm qanunverici və praktiki tədbirlər, ölkə həyatının bütün sahələrində şəffaflığın artırılmasına istiqamətlənmiş institusional islahatlar həyata keçirilmişdir. İdarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi ilə bu sahədə prokurorluq orqanları qarşısında çox mühüm və məsul vəzifələr qoyulmuşdur. Bu səlahiyyətlər korrupsiya cinayətlərinin aşkar edilməsi, qarşısının alınması istiqamətində səmərəli nəticələr əldə etməyə zəmin yaratmışdır. Lakin ölkənin güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə bağlı ictimai həyatın bütün sahələrində yüksəliş dövrünü yaşayan respublikamızda iqtisadiyyatın inkişafına əsas maneələrdən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəsərinin daha da artırılmasını, adekvat tədbirlərin gücləndirilməsini, mübarizə üsullarının daha da təkmilləşdirilməsini zəruri etmişdir.

Görülmüş işlər barədə hesabatla çıxış edən Baş Prokuror yanında  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə işinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini vermişdir.

Əməliyyat müşavirəsində çıxış edən idarənin aidiyyəti şöbələrinin rəisləri korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyətin səmərəliliyinin yüksəldilməsi ilə bağlı fikirlərini nəzərə çatdırmışlar. Prioritet istiqamətlər müəyyən edilərək vətəndaşların haqlı narazılığına səbəb olan və onların gündəlik rastlaşdıqları, o cümlədən yerli icra orqanları, bələdiyyə, sosial müdafiə, təhsil, səhiyyə, əmlak, gömrük, torpaq və digər qurumların fəaliyyətində mövcud olan korrupsiya hüquqpozmalarına qarşı mübarizə tədbirlərinin gücləndirilməklə kəsərinin artırılması, təsərrüfat subyektlərinin və sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən   şəxslərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyi  qeyd olunmuşdur. Vətəndaşların üzləşdikləri korrupsiya hüquqpozmaları ilə əlaqədar idarəyə, o cümlədən “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərinə çevik və qanuna müvafiq qaydada dərhal baxılmaqla təxirəsalınmaz tədbirlərin görülməsi, korrupsiya hüquq pozuntularının aşkar edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpa olunması istiqamətində səylərin artırılması əməkdaşlardan bir daha tələb edilmişdir. Hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına yol vermiş əməkdaşlar barəsində   qanunvericiliklə müəyyən olunmuş ən ciddi tədbirlərin görülməsi, dövlət qulluqçularının, o cümlədən idarə əməkdaşlarının “Prokurorluq işçilərinin etik davranış Kodeksi”nə dönmədən əməl etməsinin vacibliyi diqqətə çatdırılmışdır. Rəhbərlik etdikləri qurumlarda korrupsiya hüquqpozmalarının və vəzifəli şəxslərin yol verdikləri digər mənfi halların qarşını almağa və bununla əlaqədar tədbirlər görməyə rəhbər şəxslərin  bilavasitə məsuliyyət daşımaları barədə Prezident İlham Əliyevin tapşırıqları xüsusi vurğulanmış, dövlət orqanlarının daxili təhlükəsizlik, maliyyə-nəzarət və digər araşdırma funksiyalarını həyata keçirən müvafiq xidmətlərin məsuliyyət hissinin yüksəldilməsi, aşkar olunmuş korrupsiya hüquqpozmaları barədə materialların tədbir görülməsi üçün təxirə salınmadan prokurorluğa göndərilməsinin zəruriliyi qeyd olunmuşdur. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilərək korrupsiyaya qarşı mübarizənin günün tələbləri səviyyəsində aparılmasından ötrü daha  da gücləndirilməsi istiqamətində qısa müddət ərzində təkliflər hazırlanaraq səlahiyyətli orqanlara təqdim edilməsi, vəzifə səlahiyyətlərindən daha səmərəli istifadə olunması, korrupsiya cinayətlərinin aşkar edilməsi üçün xüsusi təyinatlı müasir avadanlıq və qurğularla təchiz olunması, normativ-hüquqi aktların  antikorrupsiya ekspertizasından keçirilərək korrupsiya hüquqpozmalarına yol açan müddəaların aradan qaldırılması üçün tədbirlərin görülməsi mühüm vəzifə kimi müəyyənləşdirilmişdir.

Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror Prezident İlham Əliyevin siyasi iradəsinə və göstərdiyi yüksək etimada  uyğun olaraq prokurorluq, o cümlədən korrupsiyaya qarşı mübarizə idarəsi  əməkdaşlarının korrupsiyaya qarşı mübarizə istiqamətində bütün səy və bacarıqlarını səfərbər edəcəkləri, bu sosial bəlaya qarşı ən qətiyyətli  tədbirlərin görülməsinin təmin olunacağı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılacağı, ixtisaslaşdırılmış qurum olan bu idarənin işinin ən yüksək tələblər səviyyəsində səmərəli təşkilinin təmin ediləcəyini bildirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında