Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər və mövzular üzrə jurnalist yazılarının müsabiqəsini elan etmişdir.
1. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti üzrə mövzular: qloballaşma və milli mətbuat; Azərbaycanda mətbuat azadlığı və jurnalistlərin peşə davranışı normaları; jurnalistlərin informasiya əldə etmək hüququ qanunla qorunur.
2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqaməti üzrə mövzular: Dünya Xocalı soyqrımına biganə deyil; Dağlıq Qarabağ münaqişəsi və erməni terroru; Xocalı faciəsi azərbaycanlılara qarşı soyqrımın davamı kimi.
3. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti üzrə mövzular: inkişafın Azərbaycan modeli dünyada nümunə kimi qəbul edilir; Azərbaycan regionları tərəqqi yolundadır; qeyri-neft sektorunun inkişafında regionların xüsusi çəkisi artır.
4. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə mövzular: Novruz - yeni il, yeni arzular bayramıdır; yurdumuza bahar gəlir; milli-mənəvi irsimizin qorunması və tanıdılması hər birimizin borcudur.
5. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə mövzular: Azərbaycanda gənclər siyasəti: mahiyyəti və inkişaf istiqamətləri; Azərbaycanda idman hərəkatı yeni mərhələdə; dövlət qayğısı gənclərin bilik və bacarıqlarının reallaşmasına əlverişli zəmin yaradır.
6. İctimai və dövlət maraqlarının qorunması istiqaməti üzrə mövzular: milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyi; Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası qarşıya yeni məqsədlər qoyur; ictimai maraqların təmini cəmiyyətdə milli birliyi gücləndirən əsas amil kimi.
7. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi istiqaməti üzrə mövzular: Azərbaycan regionda transmilli layihələrin əsas təşəbbüskarı və fəal iştirakçısıdır; Azərbaycan regionun və dünyanın enerji təminatında xüsusi rolu olan dövlətə çevrilir; Azərbaycan: bölgədə sabitlik, təhlükəsizlik, inkişaf məkanı.
8. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqaməti üzrə mövzular: Azərbaycan diasporası - Vətənin xaricdə layiqli təmsilçiləri; milli həmrəylik cəmiyyətin ictimai tələbi kimi; xaricdə yaşayan azərbaycanlıların diaspora fəaliyyəti sivilizasiyalararası dialoqa mühüm töhfələr verir.
9. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqaməti üzrə mövzular: 2013-cü il informasiya və kommunikasiya ilidir; Azərbaycan regionun ilk kosmik sənaye ölkəsidir; istehsalatda və xidmət sektorunda innovativ texnologiyanın tətbiqi prioritetdir.
10. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə mövzular: Azərbaycan müxtəlif dini konfessiyaların tolerantlıq şəraitində yaşadığı məkandır; çoxmillətlilik Azərbaycanın mədəni genefondunun inkişafına böyük töhfələr verir; dini dözümlülüyün Azərbaycan nümunəsi beynəlxalq diqqət mərkəzində.
Müsabiqədə iştirak şərtləri aşağıdakı kimi müəyyən olunmuşdur:
Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Yazı Fond tərəfindən elan edilmiş istiqamətin birinə uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır). Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
İnformasiya agentliklərində və region mətbuatında çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etməlidirlər. Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.
Yazıların qəbulu 8 fevral 2013-cü il tarixində başlayır, 11 mart 2013-cü il tarixdə başa çatır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.